Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) etiraz aksiyalarında planlaşdırılan təxribatlarla bağlı bəyanat yayıb.
Tezadlar.az ölkə mediasına istinadla bildirir ki, qurumun bəyanatında hakimiyyət əleyhdarı qrupların bir neçə qurbanla ölkədə etirazları gərginləşdirməyi planlaşdırdığı qeyd edilib. Bildirilir ki, təxribat dekabrın 14-də keçiriləcək prezident seçkilərinin qarşısını almaq üçün bu həftəyə planlaşdırılıb. Bəyanatda qeyd olunur ki, məqsəd ölkədə radikal əhval-ruhiyyəni təşviq etmək, prosesləri idarəolunmaz hala salmaq və bütün bunlara görə hökuməti günahlandırmaqdır. Həmçinin o da qeyd olunur ki, bu proseslərin həyata keçirilməsini yerli aktorlar, xarici ölkələrin xüsusi xidmət orqanlarının koordinasiyası ilə təmin edirlər. Mövcud plan "rəngli inqilablar" üçün xarakterik olan sınaqdan keçirilmiş ssenarilər, o cümlədən müxtəlif ritual səhnələr və mərhələli destruksiya ilə inkişaf edir ki, bunun kulminasiyası dinc vətəndaşların qətli olacaq və bu, ümumilikdə hadisələrin eskalasiyasına kömək edəcək.
DTX əhalini maksimum ehtiyatlı olmağa, cinayətkar planın iştirakçısı və ya qurbanı olmamağa çağırır. Həmçinin, hər hansı şübhəli vəziyyəti və ya təxribat cəhdini mövcud texniki vasitələrlə qeydə alıb dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.
Etiraz aksiyaları davam etməkdə, ölkəyə tətbiq ediləcək sanksiyaların isə siyahısı artırılmaqdadır...
A.Məmmədli