Baş nazir İrakli Kobaxidzenin istefa verəcəyi ilə bağlı iddialı məlumatlar yayılıb.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə "Radio Tbilisi" məlumat yayıb. İddia edilir ki, ölkədə davam edən son siyasi hadisələr fonunda “Gürcü Arzusu” komandasında fikir ayrılığı yaranıb və bu, İrakli Kobaxidzenin istefası ilə nəticələnəcək. Qeyd olunur ki, Bidzina İvanişvilinin qərarını prezident Makronun zəngi daha da sürətləndirəcək. Bundan başqa, parlament sədrinin müavini təyin edilən keçmiş nazir Tea Tsulukianinin də istefa edəcəyi gözlənir. İddiaya görə o, təyin olunduğu vəzifədən razı deyil. Məlumat üçün bildirək ki, "Mtavari Arxi" telekanalı iddialı məlumat yayıb. Telekanalın iddiasına görə, "Gürcü Arzusu"nun daxilində münaqişə baş verib və nəticədə sabiq Baş nazir, partiyanın hazırki sədri İrakli Qaribaşvili xəsarət alaraq Tbilisidəki Amerikan Xəstəxanasına yerləşdirilib. Hakim partiya isə bu məlumatı dezinformasiya adlandırıb və bildirilib ki, İrakli Qaribaşvili münaqişə deyil, idman zamanı çiynindən aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.