Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Suriyadakı son hadisələr və Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etmək üçün bu gün Türkiyəyə səfər edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə trt.net.tr məlumat yayıb.

Bildirilir ki, ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Antoni Blinken İordaniyanın Əqəbə şəhərindən sonra Ankarada rəsmi görüşlər keçirəcək. 

"Blinkenin gündəmində bazar günü Bəşər əl-Əsəd rejiminin devrilməsindən sonra Suriyada başlayan keçid prosesi üzrə işlər və 14 aydır İsrailin hücumlarına məruz qalan Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı mövzular yer alacaq. Açıqlamada “Xarici işlər naziri Blinken NATO-nun dəyərli müttəfiqi olan Türkiyədə rəsmilərlə bir araya gələrək terrorizmlə mübarizədən tutmuş regional sabitliyə qədər ortaq prioritetlər üzrə davam edən ikitərəfli əməkdaşlıqları müzakirə edəcək” ifadəsinə yer verilib. Açıqlamaya əsasən, Blinken Türkiyə və İordaniya səfərləri çərçivəsində “ABŞ-ın hesabatlı və təmsilçi bir Suriya hökumətinə keçid prosesinə dəstəyini” bir daha ifadə edəcək. Blinken həmçinin bu keçid dövründə ABŞ-ın Suriyanın qonşu ölkələrinə dəstəyini vurğulayacaq və bölgədə məcburi köçkün olmuş suriyalıların ehtiyaclarının ödənilməsi məsələlərini müzakirə edəcək. Amerikalı katibin müzakirə edəcəyi digər mühüm mövzu isə Qəzzada mümkün atəşkəs prosesi, bununla əlaqədar əsirlərin azad edilməsi və Qəzzaya daha çox humanitar yardımın çatdırılması olacaq", - deyə qeyd edilir. 

 Qeyd edək ki, ötən gün ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan əleyhinə qərəzli bəyanatla çıxış edib.

AR  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatını şərh edərək bildirib ki, "11 dekabr 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. 

 Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir.

 Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur.

 Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq".

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN