Rusiya-Ukrayna müharibəsi Azərbaycandan nar ixracına ciddi təsir göstərib.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri KİV-ə müsahibəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
O vurğulayıb ki, müharibə ilk növbədə logistika xərclərini artırıb, eyni zamanda Yaxın Şərqdə baş verən gərginlik də xərcləri günbəgün artırır.
“Belə olan halda fermerlər məhsullarını daha uzun yolla xarici bazara çıxarmaq məcburiyyətində qalırlar ki, bu da ciddi maliyyə və zaman itkisi deməkdir. Digər bir tərəfdən, Rusiya rublunun ucuzlaşması da fermerlərə təsirsiz ötüşmür. Elə hallar olur ki, onlar əllərindəki məhsulu maya dəyərinə satmaq məcburiyyətində qalırlar. Müqayisə üçün deyim ki, əvvəllər Rusiyaya həftədə 3-4 TIR nar ixrac etdiyimiz halda, hazırda bu rəqəm 1-ə düşüb. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Bazarda digər oyunçular da var. Məhsul bahalaşanda satılmır. Narın yaş meyvə olduğunu da nəzərə alsaq, onu uzun müddət saxlamaq da mümkün deyil", - deyə qeyd edib.
Qeyd edək ki, artıq 2022-ci ilin fevralından bəri Rusiya-Ukrayna müharibəsi davam edir. 2024-cü il dekabrın 8-də isə Suriya müxalifət qüvvələrinin koalisiyası Bəşər Əsəd rejimini devirdi və bununla da 50 ildən çox davam edən BƏƏS Partiyasının idarəçiliyinə nöqtə qoyuldu.
JASMİN