Gürcüstan Ukrayna ssenarisindən yayına bildi, lakin ölkədə sülhün qorunması uğrunda mübarizə davam edir.
Tezadlar.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.
“Gürcüstan böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən yayınmağa müvəffəq oldu, lakin sülh uğrunda mübarizə davam edir və bu mübarizə başa çatmalıdır”, - bəyanatda deyilir.
Hakim partiya bir daha xatırladıb ki, Ukraynada döyüşlər davam etdikcə, Gürcüstanda “ikinci cəbhə”nin açılmasında həmişə maraq olacaq. Bununla bağlı partiyanın siyasi şurası vurğulayıb ki, Gürcüstan xalqı sağ qalmaq üçün sona qədər mübarizə aparmalıdır.
“Gürcü arzusu” bəyanatında həm də “Dərin dövlət” adlanan dövlətin Vaşinqtona və onun xarici siyasətinə nəzarət etmək cəhdlərinə istinad edilir. Gürcüstan hakimiyyəti əmindir ki, dünyada, eləcə də Ukraynada mövcud böhran vəziyyətləri “dərin dövlət”in fəaliyyətinin nəticəsidir.
“Dərin Dövlət dünyada birdən çox dövləti müharibə alovu içində bürüdü. Dərin Dövlət patronlarının ən dağıdıcı təsiri dost ölkəmiz - Ukraynada oldu. 2014-cü ilə qədər suverenliyi, ərazi bütövlüyü, sülhü və iqtisadiyyatı 200 milyarda yaxın olan Ukrayna bu gün praktiki olaraq məhv edilib və Maydan müəllifləri buna görə heç bir məsuliyyət daşımır”, - “Gürcü arzusu”nun bəyanatında qeyd olunub.
2022-ci il fevralın 25-də İrakli Qaribaşvili Gürcüstanın baş naziri kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edərək, bunu milli maraqlarla izah edib. Ötən il martın əvvəlində Vladimir Zelenski Gürcüstan hakimiyyətinin sanksiyalarla bağlı mövqeyinə görə səfiri Tbilisidən geri çağırıb. Gürcüstan hökumətinin bu qərarı müxalifət tərəfindən də tənqid edilib, respublika hakimiyyətini Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham edib. Bundan əlavə, hakim partiyanın rəhbərliyi tez-tez Ukrayna hakimiyyətini və bəzi avropalı siyasətçiləri Gürcüstan ərazisində ikinci cəbhə açmağa çalışmaqda ittiham edirdi. Onların fikrincə, müəyyən qüvvələr Rusiyanı orada paralel hərbi əməliyyatlar aparmağa təhrik etmək niyyətindədir.
E.ŞİRİNOV