Tədbirdə iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, əvvəlcə Şuranın sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycan mediası istər regionda, istərsə də dünyada baş verən siyasi proseslərə hər zaman həssaslıqla yanaşıb. Media məsələlərə ortaq mövqe nümayiş etdirməyi bacarıb, cəmiyyətin mənafelərinin qorunmasını əsas götürüb. Bu isə jurnalistlərin həm peşəkarlığından, həm də vətənpərvərliyindən irəli gələn xüsusiyyətdir: "Mediamız qlobal müstəvidə baş verən siyasi proseslərə necə münasibət sərgiləməlidir? Əlbəttə, peşəkar olmalıdır. Ümumən jurnalistika ilk növbədə peşəkarlığını qorumalıdır. Peşəkarlıq isə həssaslıq, prosesləri düzgün təhlil edib nəticə çıxararaq həmin nəticəni cəmiyyətə çatdırmaqdır. 44 günlük Vətən Müharibəsi qələbəmizlə yekunlaşdı. Jurnalistlər nəzərə almalıdırlar ki, biz qalib xalqıq. Təbii, bu, arxayınlaşmaq üçün əsas deyil. Daha diqqətli olmalıyıq. Amma diqqətli olub hansı məqamları qabartmalıyıq və nələri etməməliyik? Daha doğrusu, nələri etməli və nələri etməməliyik ki, peşəkar obrazımız sıradan çıxmasın”.
Ə. Amaşov vurğulayıb ki, Azərbaycan mediası Qarabağla bağlı hadisələri hər zaman olduğu kimi, indi də diqqət mərkəzində saxlayır. Bu xüsusda İran-Ermənistan, İran-Azərbaycan münasibətlərinə məxsusi yanaşmalar var. MŞ sədri bu yanaşmaların peşəkarlıqdan irəli gəlməsinin vacibliyini qeyd edib. O, həmçinin daxili siyasi mühitdə tənqid hədəfi kimi seçilmiş şəxslərə münasibətdə də qırmızı xəttin qorunmasının cəmiyyətdəki ümumi ab-havanın saxlanılması nöqteyi-nəzərdən əhəmiyyətinə aydınlıq gətirib. MŞ İdarə Heyətinin üzvü Aydın Quliyev bildirib ki, əvvəllər medianın daxili siyasi proseslərə yanaşmasında ayrı-ayrı qütblərin maraqlarından çıxış etmə tendensiyası var idi. Hazırda bununla bağlı vəziyyət qənaətbəxşdir, o mərhələ geridə qalıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu əlavə edib ki, bu mərhələdə jurnalistlərin beynəlxalq məsələlərə yanaşma baxımından etik standartlarının olması faydalıdır. Politoloq, tanınmış jurnalist Elçin Mirzəbəyli, yazıçı-jurnalist Yunus Oğuz, Avropa Jurnalistlər Federasiyasının üzvü, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, "2 sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının katibi Şəmsəddin Əliyev və digərləri mövzu ətrafında çıxış etdilər. Müzakirələr olduqca gərgin və maraqlı keçdi... Hətta "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı gündəlikdən kənar mövzu ilə bağlı emosianal çıxışına görə iclas iştirakçılarından üzr də istədi...
A.Məmmədli