Medianın İnkişafı Agentliyinin onlayn konfransında bu mövzuda geniş müzakirələr aparıldı…
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrans keçirildi. Zoom platforması (proqram təminatlı) üzərindən yayımlanan konfransda Azərbaycanın bir sıra çap və onlayn media rəhbərləri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Agentliyin direktoru Əhməd İsmayılov iştirakçıları salamladı, konfransın işində onlara uğurlar arzuladı. Ə.İsmayılov konfrans iştirakçılarına Medianın İnkişafı Agentliyinin indiyədək həyata keçirdiyi çoxsaylı layihələr barədə qısa məlumat verdi. «…Çoxunuz bu layihələrin iştirakçısınız və bilirsiniz ki, məqsəd Azərbaycan mediasının peşəkarlığının artırılması, dünya media təcrübəsinin öyrənilməsi və jurnalistlərin peşəkarlığının artırılmasıdır. Nəticə də ürəkaçandır. Ümumi mənzərə sevindiricidir və fəaliyyətimiz bu istiqamətdə davamlıdır..».
Sonra çıxış üçün söz BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluna verildi. Məlum oldu ki, bu gün həm də Vüqar bəyin ad günüdür və Əhməd İsmayılov konfrans iştirakçıları adından onu təbrik etdi. V.Zifəroğlu medianın inkişafı və peşəkarlığının artırılmasına xidmət edən və özünün müəllifi olduğu layihənin slayd təqdimatında jurnalist peşəkarlığının artırılmasının forma və üsullarından danışdı.
Konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Fazil Novruzov və başqaları çıxış etdilər.
***
Medianın İnkişafı Agentliyin şöbə müdüri Natiq Məmmədli isə çıxışında hamını maraqlandıran bir vacib məqama toxundu. «…Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da medianın əsas problemi cəmiyyətin ona olan inamıdır. Mediaya inam isə media əxlaqı ilə birbaşa bağlıdır. Media əxlaqından kənarda jurnalistika olmur, olarsa, bu, kobud propoqanda vasitəsidir, jurnalistika deyil…Ötən əsrin 70-ci illərində Amerika medaisında formalaşmış “qonzo jurnalistika” jurnalistikanın bütün prinsiplərini rədd edirdi, yalnız subyektiv mülahizələrlə əsaslanır, peşə etkisanı saya salmırdı. Biz Vətən müharibəsi zamanı “WarGonzo kanalı”nın və yalançı Peqovun timsalında belə bir dezinformasiya maşının Azərbayacana necə çamur atdığını gördük”.
Konfransın bu formatda təşkilini yüksək qiymətləndirən «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili bildirdi ki, belə konfransların gələcəkdə də təşkili ümumi işimizin xeyrinə olacaq: «…Agentliyin direktoru Əhməd İsmayılov da bildirdi ki, belə onlayn görüşlər gələcəkdə də təşkil olunacaq… Konfransın işində çoxsaylı iştirakçı olduğundan vaxt məsələsi hamının çıxış imkanını mümükünsüz etdi. Lakin qeyd etmək istəyirəm ki, media etikasını jurnalistlər formalaşdırır. Odur ki, daha çox jurnalist etikasından danışmaq lazımdır. Jurnalistin isə etikası qismən təhsil illərində, ictimai mühitdə formalaşırsa, əsas hissəsi ailədən, gendən gəlir. Ona görə də kadr seçimində bu məsələyə xüsusi önəm verilməlidir. Onu da deyim ki, bu gün jurnalistikanın mövcud problemlərinə daha çox onlayn və sosial mediada rast gəlinir. Əgər bu media orqanı-sayt özündə jurnalistikanın statusunu daşıyırsa və buna iddialıdırsa, həmin medianın əməkdaşları da jurnalistikanın qızıl prinsiplərinə maksimum əməl etməlidirlər. İndi sayı-hesabı bilinməyən saytlar vardır. Hərə bir domen alıb plagiat maket üzərində sayt qurub fəaliyyətə başlayır, nə və necə istəyirlər, yazırlar... Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi gələcəkdə (media haqqında yeni qanun qəbul edilmə ərəfəsindədir, bəlkə də nəzərə alınıb) jurnalistikaya və informasiya yayımına iddialı saytların domen verilməsinə nəzarət etməlidir. Ən azından, həmin domeni alan və sayt yaratmaq istəyənin kimliyi, peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır…».
Y.MƏMMƏDLİ