"Bu, Azərbaycan üçün bu, çox böyük rəqəmdir və sektorda ciddi problemlərin olmasından xəbər verir."
Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında çox diqqətçəkən məlumat paylaşıb. Azərbaycan üçün bu, çox böyük rəqəmdir. Sektorda ciddi problemlərin olmasından xəbər verir.
TEZADLAR.AZ xəbər verir ki, məsələyə tanınmış QHT rəhbəri, Multi Media Mərkəzinin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında münasibət bildirib.
Əlbəttə, çox təəssüfləndiricidir. Təsəvvür edək, 178 pensiyaçı bir ay pulunu gözləyir, son anda onu hansısa kiberdələduz “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə mənimsəyir.
Kimdir günahkar?
Fikrimcə, hamımız. Cəmiyyət bunun fərqində olmalıdır. Əlbəttə ilk növbədə pensiyaçı diqqətli olmalıdır, amma pensiyaçını günahlandırmaq da doğru olmazdı. İlk növbədə bu 178 pensiyaçı hansı bankın müştərisidirsə, daha çox məsuliyyət daşıyan da onlardır, daha çox vəzifə onların üzərinə düşür.
Banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün daha ciddi işlər aparmalı, bura resurslar ayırmalıdır. Xüsusilə də pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir. Pensiyaçıların kartları ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülə bilər.
Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilməli və onlar daim işlək vəziyyətdə olmalıdır. Eyni zamanda, aidiyyatı dövlət qurumları tərəfindən yaşlı insanlara kiberfırıldaqçılıq üsulları izah edilməli və onların heç bir halda bank kartı məlumatlarını, PIN kodlarını və SMS təsdiq kodlarını başqalarına verməmələri tövsiyə olunmalıdır.
Ailə üzvləri də yaşlı insanlara kartlarındakı vəsaitlərdən istifadə ilə bağlı daim nəzarət etməlidir. Onlara bank adından, yaxud dövlət qurumları adından bank kartı ilə bağlı hansı zənglər və mesajlar aldıqları barədə, kartdan istifadənin kimə həvalə edilməsi haqqında məlumatlı olması da faydalıdır", - deyə mütəxəssis qeyd edib.
Y.Məmmədli