..."Təzadlar" müstəqil müşahidələri əsasında Bakının canını boğaza yığan tıxacların baiskarını həmişə birbaşa göstərib... Baxmayaraq ki, AYNA rəhbəri Prezidentin sədrliyi ilə keçirilən müşavirədə səthi məlumatlar verdi... İndi başlayıblar Bakıda iş yerlərinin qrafikini dəyişmək üstündə baş sındırmağa. Hamı bilir ki, Bakıda son iki ildə davam edən təxacların baiskarı AYNA-dır. Çünki AYNA-çılar mövcud yolları daraldaraq velosiped və parklama zolaqlarına (hələ avtobusları demirik) ayırıblar. Aydın məsələdir ki, əvvəl 4 zolaqda hərəkət edənlər indi bir zolağa itələniblər. Bu isə tıxağın uzunluğunu 70 faiz uzatma deməkdir!
Dəfələrlə demişik, yazmışıq ki: Bakıda on minlərlə taksi var, dövlət büdcəsinə aylıq lisenziya və s. ödənişlər edirlər. Onlar da ictimai nəqliyyatdır, icazə verilsin ki, onlar biz sürücülərin sırasından çıxarılaraq avtobus zolaqlarında hərəkət etsinlər. Məmur maşınları kimi. AYNA dirəniş göstərir, etmir!
İndi də Bakını mərkəzə doğru qarış-qarış göydələnləşdirənlər qalıb bir kənarda, işləyən binəva paytaxt sakinlərinin iş saatını dəyişmək barədə yersiz baş sındırmağa. Gülməlidir! Bakını hansısa xarici ölkə şəhərlərindən biri ilə müqayisələndirib belə savadsız düşünmə məhsulunu dövriyyəyə buraxanlara tanınmış ekspert Sahib Məmmədov əla bir cavab verib: "Qərar qəbuledənlərə suallar: İş qrafiklərini kim təqdim edib? Bunu təqdim edənlər işəgötürəndən soruşublar? İş qrafikinin dəyişməsi həm də əmək şəraitinin şərtlərinin dəyişməsi deməkdir. İşçilərdən soruşulub nəsə? Ən azı bir ay əvvəl işəgötürən işçiyə xəbərdarlıq etməlidir. Bəlkə heç müəssədə iş qrafikini dəyişmək mümkün deyil? Bəlkə müəssisə növbə və ya vaxta sistemi ilə işləyir. Həyatı və təhlükəsizliyi təmin edən və 24\7 rejimində işləyən iş yerlərində iş rafiki necə tənzimlənəcək? Bizdə çoxminlik işçi kollektivi olan neçə müəssisə var? İşçilərinin sayı 3, 5, 15, 20, 50 nəfər olan iş yerlərinə kim nəzarət edəcək? Axı belə iş yerlərinin sayı onminlərlədi. İş rejiminin dəyişməsi əlavə xərclər yaradarsa (məsələn iş saatının bir hissəsi gecə saatlarına düşərsə əmək haqqına əlavə ödənilməlidir. İş vaxtının bir hissəsi dəyişmə nəticəsində qaranlıq vaxta düşəndə əlavə enerji itkisi yaranır və s.) onu kim ödəyəcək? Dövlət orqanları və büdcə təşkilatlarında iş qrafiki necə tənzimlənəcək? Tədris müəssələrində iş qrafiki (hələ tədris qrafikini demirəm) necə tənzimlənəcək?".
Yeri gəlmişkən, məsələn, Məmməd nəvəsini hər gün saat 9-da bağçaya, yaxud məktəbə təhvil verəndən sonra işə gedir... Belə çıxır ki, indi o məktəbə və ya bağçaya gedəndən sonra evə qayıdıb yola çıxma qrafikini gözləsin???
Nə qədər gülməli və savadsız düşüncə!
A.Məmmədli