18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Azərbaycanın Milli Müstəqillik Günü tariximizin ən şərəfli günlərindən birdir və hər il 18 oktyabrda qeyd edilir.
XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqiliyimizin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslərin adlarının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirib: "1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur".
Şakir QURBANOV