Gürcüstanda bələdiyyə seçkiləri başa çatsa da, siyasi gərginlik artmaqdadır...
Rəqiblərin bir-birinə ittihamları isə səngimir. Bu arada "İnanıram ki, bu seçki ilə biz siyasətdəki dağıntılara, düşmənçiliyə, nifrətə, alçaqlığa və qisasçılığa çevrilmiş qarşıdurmaya son qoyacağıq", -deyən Tbilisinin hazırkı meri Kaxa Kaladze vətəndaşlara müraciət edib: "Tbilislilərimə müraciət etmək istəyirəm - mən bu şəhərin əksəriyyəti tərəfindən seçilmişəm və demək olar ki, Tbilisidə yaşayan bütün insanların meri olacağam. Seçkilər ölkəmizin, paytaxtımızın, hər bir Tbilisilinin və Gürcüstan vətəndaşının qələbəsi ilə başa çatıb. Hər kəsi təbrik edir və təşəkkür edirəm. İlk növbədə, seçki prosesində bilavasitə iştirak edən, təkcə mənim və ya siyasi partiyamızın deyil, ədalətin, əmin-amanlığın, inkişafın, sabitliyin bərqərar olması üçün yorulmadan mübarizə aparan yoldaşlarımın hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Təbii ki, öz siyasi mövqeyini bildirən, siyasi komandamızı dəstəkləyən bütün vətəndaşlara öz təşəkkürümü bildirirəm. İndi mən öz Tbilisililərimə müraciət etmək istəyirəm, mən bunu artıq bir dəfə demişəm və yenə də təkrar edəcəyəm – mənim üçün iki Tbilisi yoxdur. Mən bu şəhərin əksəriyyəti tərəfindən seçilmişəm və demək olar ki, Tbilisidə yaşayan bütün insanların meri olacağam. Belədir, belə idi və təbii ki, belə də olacaq. Bu seçkilərlə, mən inanıram ki, biz Gürcüstan siyasətindəki dağıntılara, bir-birimizlə ölkə arasında artan qarşıdurmaya, nifrətə, qisasçılığa son qoyacağıq. Ölkəmizin bununla bağlı itirməyə vaxtı yoxdur və olmamalıdır".
Gürcüstan MSK-nın məlumatında isə bildirilir ki, Kaxa Kaladze 55,61%, Nika Melia isə 44,39% səs toplayıb. Nika Melia isə az əvvəl bəyan edib ki, bu seçki də ləğv ediləcək...
A.Məmmədli