Mətbuatda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında
üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqların olacağı barədə məlumatlar yayılmaqdadır... İndi bəlli olur ki, bu görüş noyabrın 26-da Soçidə olacaq. "Təzadlar" bildirir ki, bu gün noyabrın 23-də "RİA Novosti" agentliyi Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb... Agentlik əlavə edir ki, danışıqlar Putinin təşəbbüsü ilə baş tutacaq. Üç ölkə liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişinin nəzərdən keçirilməsi, həmçinin regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın qurulması istiqamətində gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Həmçinin Putinin Əliyev və Paşinyanla ayrı-ayrı söhbətləri nəzərdə tutulub, mətbuat xidməti bildirib.
Xatırladaq ki, belə görüş noyabrın 9-da planlaşdırılmışdı. Amma son anda Nikol Paşinyan görüşdən imtina edib. Bundan sonra Avropa İttifaqı rəhbərinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Əliyev ilə Paşinyanın görüşü barədə razılıq əldə olunub. Noyabrın 21-də Putinin Paşinyanla daha bir telefon danışığı olub. Görünür, Soçi görüşü barədə razılıq o zaman əldə olunub. Üstəlik, həm də görünür, Putin istəmədi ki, Paşinyanın masa arxasında Prezident İlham Əliyevlə əyləşməsi Aİ-nin baş direktorunun təşəbbüsü ilə olsun...
A.Məmmədli