Professor Solmaz Rüstəmova-Tohidi eyni gündə dünyasını dəyişən iki böyük alim- Fəridə xanım Məmmədova və Aydın Balayev haqqında məqalə yazıb… "Təzadlar" hər iki alimə böyük sayğı ilə həmin məqaləni təqdim edir:
- Ayrı-ayrı dövrlər üzrə görkəmli mütəxəssislər, amma hər biri öz sahəsinin Mogikanı. Xarakter etibarilə iki müxtəlif insan, amma elmi taleyinin qəribəliyi baxımından adları haradasa çarpazlaşan tarixçilər…
Fəridə Məmmədova haqqında o qədər deyilib, yazılıb…
Nələr deyilib, nələr yazılıb.
Azərbaycanda Fəridə Məmmədova miqyasında ikinci albanşünas alim yoxdur, olmayıb və hələ ki, görünmür. Amma Azərbaycanda yəqin ki, öz elmi araşdırmalarına görə bu qədər hücuma məruz qalan ikinci alim də yoxdur. Və bu hücumların ermənilər tərəfindən gəlməsi nə qədər anlaşılan idisə, yerli “hücumçuların”, Fəridə xanımın bildiyi dillərin birini də bilməyən, oxuduğu kitabların yüzdə birini oxumayan, həmin mövzularda bir sətir tədqiqatları olmayan elm “vızıltılarından” gələn “iradlar” bir o qədər eybəcər idi. Leninqrad elmi məktəbinin yetirməsi, 90-larda erməni alimləri qarışında öz əsaslandırılmış arqumentləri və danılmaz məntiqi ilə duruş gətirən yeganə azərbaycanlı mütəxəssis alim idi Fəridə xanım! Və nə qədər ki, Ziya Bünyadov sağ idi, qiymətini, dəyərini bilən arxası var idi, aralarında elmi mübahisələri olsa belə, onu heç kəsin ayağına vermirdi, çünki özü böyük alim Ziya Bünyadov Fəridə xanım kimi mütəxəssisin hələm-hələm, elmi rəhbərin dəstəyi, bir dissertasiya yazmaqla deyil, dərin istedad, analitik düşüncə tərzi və uzun illərin ağır, gərgin əməyi sayəsində yetişdiyinin fərqinə varırdı. Ziya müəllimdən sonra vəziyyət dəyişdi. Akademiyanın Tarix institutunun o vaxtki rəhbərliyi, xüsusilə də hər hansı sahədə alimlikdən uzaq, ikinci dərəcəli cılız rəhbər “kadrların” Fəridə xanıma görünməmiş böhtan, iftira kampaniyası başladı.
Fəridə xanım haqqında çox işıqlı bir xatirə yazmaq istəyirəm, amma nədənsə yaddaşımda yalnız bu ortaboylu, zərif qadının ağrı dolu gözləri canlanır. Mənim tədqiqat sahəm tamam başqa dövrə aid olduğundan onunla elə də sıx elmi təmasım yox idi, amma təbii ki, bir-birimizi tanıyırdıq. Bir dəfə Tarix İnstitutuna düşdükdə (bizim Şərqşünaslıq institutu bir mərtəbə yuxarıda yerləşir) Fəridə xanımın uzun foyenin ortasında tək durub ətrafa, gedəb-gələn işçilərə tərəf boylandığını gördüm, əvvəl salamlaşıb keçmək istəyəndə nə hiss etdimsə ayaq saxladım, hal-əhval tutdum. Fəridə xanım bunu gözləyirmiş kimi əllərimdən yapışdı, ordan-burdan danışmağa başladı, sonra birdən gözlərində təlaşla “Solmaz, hiss edirsən, hamı bizə baxır, bayaqdan mənə heç kəs yaxınlaşmır, gözləyirəm, qorxurlar, indi də qulaq asmaq istəyirlər ki, görən nə danışırıq…”. Düzü əhvalım çox pozuldu: “Fəridə xanım, əzizim, bu nə fobiyadır özünüzə təlqin etmisiniz, sizə kim nə deyə bilər…” Nə isə, inandıra bilmədim. Özü də çox həssas idi, ermənilərin qarşısında dura bilmişdi, öz cılızlarımızın qarşısında Böyüklüyü ilə acız idi. Sonra Arif Paşayev onu Aviasiya İnstitutuna kafedra müdiri apardı, sakitləşdirdi, yaşayışını təmin etdi, ömrünü uzatdı. Dəyər verdi. Bu addım qarşısında Tarix İnstitutunun “yüksək rəhbərləri” Fəridə xanımı institutun ştatından çıxara bilməsə də, uzun illər davamlı “tənqidləri” ilə onu hər halda bu doğma elm ocağından kənarlaşdırdılar, incitdilər, bərk incitdilər.
Bir neçə il əvvəl Tarix institutunun əvvəlki rəhbəri ilə bağlı silsilə yazılarımın birində təkcə öz varlığı, kiçik bir söhbəti ilə ətrafında dərhal elmi mühit yaradan Fəridə Məmmədova kimi alimi bu institutdan uzaqlaşdırmağın fəsadlarını da qeyd etmişdim. Bir neçə gün sonra telefonuma Fəridə xanımdan zəng gəldi və cavab verməyimlə, titrək səslə: “Solmaz, mən elə bilirdim bu dünyadan beləcə, həqiqəti eşitməmiş gedəcəyəm, sağ ol…” və dəhşətli hönkürtü !
Səsi indiyədək qulağımdadır, bu sətirləri göz yaşı ilə yazıram. Yazıram ki, dünya miqyasında öz sahəsinin ən tanınmış, ən nüfuzlu bir Alimini, əsl Ziyalını, abırlı bir Qadını bu hala salan o elm “sürünənləri” heç olmasa bu gün onun ruhu qarşısında üzrxahlıq etsinlər.
Sözümü hər halda Fəridə xanıma layiq 2 xoş xatirə ilə bitirmək istərdim. Fəridə xanım özünün son xarici elmi səfərində 2014-cü ildə, Londanda olub. Bizim insititutun əməkdaşlarının da iştirak etdiyi və şahidi olduğu həmin beynəlxalq konfransda Fəridə xanıməm məruzəsi daha çox erməni albanşünaslığı mövqelərində duran bir fransız qadın alıminin güclü narazılığına səbəb olub, diskussiya açılıb və Fəridə xanımın arqumentləri və inandırmaq qabiliyyəti qarşısında davam gətirməyən fransız alimi hirslənərək, qapını çırpıb zaldan gedib. Bu hərəkət digər alimlərin etirazını doğursa da, belə “etiraz aksiyalarına” alışmış Fəridə xanımın sakit, müdrik təbəssümü qarşısında konfrans işinə davam edib. Az sonra isə həmin alim yenidən zala qayıdaraq Fəridə xanımın qabağında dayanıb və hamının qarşısında haqlı olmadığını etiraf edərək ondan üzr istəyib!
Albanşünaslıq tarixinin hazırda Azərbaycanda ən aktual elmi istiqamətə çevrildiyi məlumdur. Çox təqdirəlayiqdir ki, bu mövzuda ardıcıl beynəlxalq konfranslar təşkil edən, kitablar hazırlayan Bakı Multikultualizm Mərkəzi Fəridə xanımı daim diqqətdə saxlayır, onunla tez-tez görüşür və öz məclislərinə dəvət edirdi. Fəridə xanım da səhhətində problemlər olduğuna baxmayaraq hər dəfə bu elm məclislərinə gəlirdi, sanki ikinci nəfəsi açılırdı, canlanırdı, gözəl, ardıcıl, məntiqli nitqi ilə bu toplantılarda özünəməxsus elmi aura yaradırdı, onların səviyyəsini birə on qaldırırdı.
Həmin Mərkəzin icraçı direktoru Rəvan Həsənov belə konfransların birinə məni də moderator qismində dəvət etmişdi, çünki bu elmi yığıncaqlarda sözü qurtaranda səsini qaldıran bizim bəzi alimlərimizlə xarici iştirakçılar arasında daima bir münaqişə yaranırdı, mən də onları “söndürməli” olurdum. Növbəti konfrans Qəbələdə təşkil olunmuşdu, Fəridə xanım da gəlməli idi, hazırlaşırmış, amma yaxınları onun uzaq yola çıxmasından narahat olaraq evdən buraxmamışdılar. Özüm şahidəm! İtaliya, Fransa, Gürcüstan, Rusiyadan gələn albanşünaslar Fəridə xanımı görmədiklərindən çox məyus oldular və hər biri öz çıxışında bunu etiraf etməklə bu konfransa daha çox onun adı ilə, onu görmək, eşitmək həvəsi ilə qatıldığını bildirdi.
Budur Alimin beynəlxalq Nüfuzu !
Əlvida Azərbaycan albanşünaslığının Əfsanəsi ! Dəyərli, əziz Fəridə xanım! Sizi qoruya bilmədiyimizə, xətrinizə dəydiyimizə, layiq olduğunuz o Akademik adını vermədiyimizə və çox-çox haqsızlıqlarımıza görə bizi bağışlayın. Əsərləriniz durduqca Varsınız! Gəncliyimiz sizi sevirdi, qulaq asmaqdan həzz alırdı, bizlərdən sonra xatirənizi onlar yaşadacaq, albanşünaslıq elminə gələn yeni alimlər nəsli isə qoyduğunuz o sütunu daha da möhkəmlədəcək !
Aydın Balayev!
Müasir Azərbaycan Cümhuriyyət tarixşünaslığının sütununu yaradan, bu elmi istiqamətin ən ciddi, samballı araşdırıcısı, ilklərdən biri, tədqiqatlarının akademik səviyyəsinə görə isə birincisi! Tarix elmimizdə Rəsulzadəşünaslığın qapısını açan, əsasını qoyan!
1917-19-ci illər Azərbaycan tarixinin, Mart soyqırımı, Cümhuriyyət tarixi, nəhayət Rəsulzadə fenomeni tədqiqatlarıma ən əvvəl Aydın Balayevin açdığı bu qapıdan daxil olmuşam, onun əsərlərini oxumaqla başlamışam, bunu həmişə etiraf etmişəm və yazmışam. Aramızda davamlı ünsiyyət olmayıb, çünki özünəməxsus xasiyyəti vardı. Kitabını yazmaqla əsas missiyasını başa vurmuş hesab edirdi, qalan elmi fəaliyyətə - konfranslarda iştiraka, çəkilişlərə və s. prinsipial olaraq həvəs göstərmirdi, çox nadir hallarda razılaşırdı. Yəqin ki, həmin məsələlərə də öz yanaşması vardı və böyük təəssüflə bu “qəribəliyi” ilə barışmalı olurduq. Amma Moskvaya, diaspotramızın təşkil etdiyi tədbirlərə məmnuniyyətlə gedirdi. 2018-ci ildə Azərbaycan tarixinin bir sıra taleyüklü hadisələrinin 100 illiyi qeyd olunarkən, deyəsən ikimiz də Mart hadisələri ilə bağlı Moskvaya dəvət olunmuşduq. Həmin vaxt mən Bakıda bir neçə tədbirin təşkilatçısı olduğumdan gedə bilməmişdim, “Aydın bəy gəlir, mənə nə ehtiyac” demişdim. Amma sonradan eşitmişdim ki, hansısa səbəblərdən o tədbir təşkilatçının nəzərdə tutduğu məkanda və səviyyədə keçirilməyib. İkinci dəfə həmin hadisə Cümhuriyyətin 100 illiyi münasibətilə Moskvada Aydın müəllimin iştirakı ilə keçirilməli olan başqa bir tədbirlə bağlı təkrar olunanda bunun artıq təsadüfi olmadığını düşündüm, çünki tədbirin başlanmasına bir neçə saat qalmış icarə edilmiş zaldan etiraz gəlmişdi. Bu səbəblər indiyədək müəmmalıdır, bunun Aydın müəllimin heç gizlətmədiyi müxalifət düşüncəli bir insan olduğu iləmi, yaxud başqa bir səbəblərdən irəli gəldiyini də dəqiq bilmirəm. Azərbaycan diasporunun fəalları, təbii ki, vəziyyətdən çıxış yolu tapmışdılar və Aydın müəllim də gözlənilər məruzəsini etmişdi.
Sonuncu dəfə onunla elə 2018-ci ilin oktyabrın 17-də Moskvada Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş çox təntənəli bir tədbirdə görüşmüşdük. Mən bu toplantının əsas məruzəçisi idim, slaydlarla təqdimat hazırlamışdım. 200-ə yaxın soydaşlarımız, səfirliyimizin nümayəndələri, Rusiya tarixçiləri, Moskva şəhər İcra aparatının əməkdaşları və d. qonaqlar yığışmışdı. Tədbir başlayana yaxın onun təşkilatçısı, Azərbaycan diasporunun ən tanınmış üzvlərindən biri Fizuli bəy Fərəcov mənə yaxınlaşaraq bir qədər narahat halda “Solmaz xanım, mən bilməmişəm, amma filankəs Bakıdan Aydın Balayevi də çağırıb, indi bizim tədbirə gəlirlər, nə edək, proqramda adı yox, razılaşdırılmayıb…” Düzü çox heyrətləndim. Əvvəl elə bildim ki, narahatlığı mənim bu məsələyə münasibətimlə bağlıdır, onu sakitləşdirdim, Aydın müəllimlə yaxın həmkar olduğumu, onun bu məclisə qatılmaqla tədbirin səviyyəsini daha da artıracağını qeyd etdim, darıxmamasını, məsələni yoluna qoyacağımı bildirdim. Deyəsən, başqa bir narahatlığı da vardı, amma demədi. Aydın müəllim gəldi, çox səmimi görüşdük, yaxınlığımızda əyləşdi. Mən öz məruzəmin əvvəlində tribunadan tədbir iştirakçılarını salamlayarkən, onların çox şanslı olduqlarını, Bakıdan çox görkəmli bir tarixçi alimin gəldiyini və onu da eşitmək imkanları yarandığını vurğuladım. Amma Aydın müəllim mənim bütün səylərimə baxmayaraq “nə lazımsa dediniz”- deyə çıxışdan imtina etdi. Mən də inadlı idim və özümə verilən suallardan birini Aydın müəllimə ünvanlayaraq mikrofonunu yandırdıq, o da təbii ki, suala çox dolğun cavab verdi. Bu son görüşümüz idi.
Sonralar, “M.Ə.Rəsulzadənin ev-muzeyi” İctimai Qrupunu yaradarkən təbii ki, ilk olaraq ona müraciət etdim, amma Qrupumuza üzv olmaq istəmədi. Səbəbini anlayırdım, hazırki hakimiyyətin Rəsulzadə və Cümhuriyətçilərin xatirəsini əbədiləşdirmək üçün nə isə bir iş görəcəyinə inanmırdı, bunu açıq ifadə edirdi, zəhmətimizi faydasız sayırdı, hətta bəzən xətrimə dəyəcək bir ironiya ilə…
Mən də Aydın müəllimin düşündüyü səviyyədə sadəlöhv deyildim, amma ondan fərqli olaraq hər halda fəaliyyət və inad göstərmək, məsələni gündəmdə saxlamaq, müxtəlif vasitələrlə məqsədə doğru irəliləmək və son nəhayətdə nail olmaq əzmində idim, indi də o əzmdə qalıram…
Amma Aydın müəllim bu qədər sevgi, daxildən gələn bağlantı və həvəslə yazdığı monoqrafiyasının qəhrəmanı, Əhməd Ağoğluna həsr olunmuş yubiley tədbirlərinə, özü də elmi konfranslara gəlməyəndə düzü buna heç bir səbəb tapmadım…
Zənnimcə bu kitab üzərində iş, Əhməd bəyin irsinə son dərəcə yaxından təmas Aydın müəllimin Cümhuriyyət dövrü tarixinə baxışlarında dəyişikliyə doğru güclü təsir qoymuşdu, Rəsulzadənin “azərbaycançılığından” uzaqlaşıb Əhməd Ağoğlunun “türkçülüyünün” qəbuluna və hədsiz müdafiəsinə qədər…
Bəzən mənim Azərbaycançılıqla bağlı mövqeyimə, hansısa fikirlərimə, şərhlərimə gözlənilməyən həddə sərt, acı şərhlər yazırdı, əvvərllər çox səliqəli cavablar versəm də, sonralar aramızdakı münasibələri gərginləşdirməmək üçün cavab olaraq yalnız onun öz yazılarından nümunələr, sənədlər gətirməklə kifayətlənirdim, heç bir mübahisə açmırdım.
Hər barədə, hər məsələdə prinsipial, radikal mövqeyi vardı. Özünün oturuşdurduğu qənaətinə yenidən baxmaq, bəzi baxışlarını dəyişmək haqqı danılmazdır, çünki Alim idi! Düşüncə adamı idi! Hər şeyi dinamikada görürdü! Yanlış ya doğru olduğunu söyləmək, onu inandırmaq, fikrindən döndərmək bizlərin işi deyildi!
Bu gün onun belə qəfil gedişinin səbəbinin uzun illərin xəstəliyi ilə bağlılığını biləndə, bu insanın o böyük əsərlərini qeyri-sağlam, canı ağrıyaraq yazdığı məlum olanda bu sərtliyin, kəskinliyin, əsəbiliyin səbəbi də qismən aydınlaşır…
Əgər insanın cismani gedişindən sonra ruhunun yaşadığı rəvayətinə inanarıqsa Aydın müəllimin ruhunun indi həyatlarına, fikir və duyğularına bu qədər yaxından bələd olduğu Məhəmməd Əmin bəy Rəsulzadənin və Əhməd bəy Ağoğlunun ruhları ilə görüşəcəyi, öz tərəddüd və suallarına onlardan cavab tapacağı və sakitləşəcəyi fikri ilə özümüzə təsəllü verək. Ruhu şad olsun! Bundan sonra əsərlərində, xatirələrdə, övladlarında yaşayacaq!
Aydın müəllimin çox vəfalı, fədakar ömür-gün yoldaşı, onun həmməsləkdaşı, kiminlə yaşadığını dərk edən və bu səbəbdən onun bütün “qəribəliklərini” anlayan, dözən, dəstəkləyən Nailə xanıma dərin hüznlə başsağlığı verirəm. Böyük inqilabçı, Pişəvəri hərəkatının görkəmli xadimi, minlərlə fəadailərin qəhrəman generalı Sadıq Padeqanın nəvəsi Nailə xanım bundan sonra da elm fədaisi olmuş həyat yoldaşının xatirəsinin yaşanmasına, ilk növbədə övladlarının atalarını bir şəxsiyyət olaraq tanıyıb fəxr etmələrinə çalışacağı şübhə doğurmur.
Bu iki nəhəng tarixçimizin vəfatı münasibətilə özümüzə, onların həmkarları və məsləkdaşlarına da başımız sağ olsun deyirəm, borcumuz əsərlərini tanıtmaq və qiymətləndirməkdir.
Yerləri daim görünəcək, amma kitabları Azərbaycanın müasir tarixşünaslığının daimi sütunları olaraq qalacaq.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN