“Necə olur, özlərinin qadınlarla əyləncəsində xəstəlik olmur, ancaq camaat toy edəndə, xəstəlik yayılır?”

Bu fikirləri yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 1-dən ölkə ərazisində toyların təşkilinə icazə verilməsi haqda qərarda yer alan şərtləri dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, ölkədə tətbiq olunan müxtəlif məhdudiyyətlər xalqın narazılığını artırır: “Ümumiyyətlə, toyların keçirilməsinə uzun müddət imkan verilməməsi, yaradılan məhdudiyyətlər Azərbaycanın gələcəyinə, insanlarımızın nəsil artımına qoyulan bir qadağa idi. Toy olmursa, nəsil necə arta bilər?

İndi də guya toylara icazə verilib, amma yenə o qədər məhdudiyyətlər qoyurlar, mane yaradırlar ki… O, olmaz, bu, olmaz, musiqi belə olmalıdır… Necə olur, özləri axşam düşən kimi məşuqələrini götürüb gedirlər, əylənirlər, rəqs edirlər, camaat isə uşağına arzuladığı kimi toy edə bilməz…

Mən toylara icazə verərək, yenə məhdudiyyətlər, qadağalar qoymağa heç bir ehtiyac görmürəm. O məhdudiyyətləri də xalqa qarşı düşmənçilik kimi qiymətləndirirəm. Bu, xalqı qıcıqlandırmaq və dövlətdən narazı salmaq üçün atılan addımdır.

Bu, nə deməkdir? Toya icazə verirəm, ancaq açıq havada olsun, bu sayda qonaq gəlsin və sair. Nə mənası var? Necə olur, metroda xəstəlik yayılmır, özlərinin qadınlarla əyləncəsində xəstəlik olmur, ancaq camaat toy edəndə, xəstəlik yayılır?

Ona görə ki, məsuliyyətsiz, yalançı qərarlar qəbul edirlər. Gedib xalqın arasına çıxsınlar, görsünlər camaat nə danışır… Bizim istədiyimiz nədir? Dediyimiz odur ki, xalqı narazı salmayın.

Necə olur, hansısa rayonun polisinə, prokuroruna, yaxud da başqasına beş yüz manat verəndə, min nəfərlik toya da imkan yaradırlar, verməyəndə isə olmur? Buna görə də qanunsuzluqlar baş alıb gedir.

Düşünürəm ki, Azərbaycanda ciddi tədbirlər görülməsə, narazılıqlar artacaq. Toylar əvvəllər necə keçirilirdisə, indi də o cür keçirilməlidir. Baxın, nə qədər insanın, peşə sahibinin çörəyi toydan çıxır. Onlar nə ilə yaşamalıdır?”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN