Həqiqətən də necə ola bilər ki, tender elanından sonra yaranan şirkət 50 minlik tenderin qalibi olub???
Təbii ki, buna inanmaq çətindir. Amma bəzən Azərbaycanda nəinki çətini asan edənlər, hətta mümkünsüzü mümkünlü edənlər belə tapılır... Bu dəfə də elə olub və tender elanından sonra yaranan şirkət 50 minlik tenderin qalibi olub. Əvvəllər tenderdən 15 gün əvvəl, 1 ay əvvəl yüzminlik tender qalibi olmuş MMC-lərə rast gəlmişdik, amma bu dəfə baş verən ilkdir... Sosial şəbəkələrdə bu cür faktı təsdiqləyən məlumatlar paylaşılmaqdadır. Məsələn, bəlli olur ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Palma-Z” MMC olub. Qanuna əsasən satınalmalarda iştirak edən şirkətlərin mütləq şəkildə müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır. Tenderin elanından sonra yaranan şirkətin isə təbii olaraq nə təcrübəsi, imkanı, səriştəsi və nə də bacarığı ola bilməz. Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucov bu addımı atıb. Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı alan icrabaşı 2 il əvvəl təyin olunub. YAP Gənclər Birliyinin sədri olmuş Seymur Orucov eks deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin isə bacısı oğludur. Seymur Orucovdan əvvəlki icra başçısı rüşvətə görə həbs edilmiş və həbsxanada ölmüşdür.
***
Bax belə. Prezident gənc icra başçılarını təyin edəndə təkbətək görüşüb onlara ictimaiyyətin gözü qarşısında məsləhət verir ki, gedin, korrupsiyadan uzaq olun.
Amma İsmayıllının icra başçısı Nahid Bağırov təyin olunandan 1 ay sonra Azərbaycanın tarixində ilk dəfə Prezident Sərəncamı ilə töhmət alan icra başçısı oldu... İndi də Seymur Orucov... Nə deyək?!
A.Məmmədli