Giya Paçxataşvili
O səhər
Qarabağın yuxusu nəhs gəldi...
Sükunətin yuxusunu
Şər qüvvələrin topu, mərmisi dəldi.
O səhər
Torpaqlar
Şəhid qanı ilə boyanırdı...
Dan üzü qızarmadan
yanırdı...
Xəbərlər utanırdı.
O səhər
Şəhidlərin sütül cavanlığından
Dünya dərd-dərd qocalırdı...
Tüstülənmiş səmaya
Ah -nalə ucalırdı.
O səhər
Bürünərək göz yaşlarına,
Çevrilirdi sayı bilinməyən
Şəhidlərin
baş daşlarına...
Həmin gün
Yaralı Sülh qan qusurdu...
Dilini udmuş Dünya
yenə susurdu.
2022-ci il