Səsinin sehrində bir dünya yatan Dədə Süleyman xatərlanarkən...
“Söz var qəlbə yol açmayan adi bir səs.
Quru nəfəs.
Səs də var ki, sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz qəlbdəki bir mətləbin öz səsidir.
Nəğmə səsin şeiriyyəti,
Şeir sözün nəğməsidir.”
(Bəxtiyar Vahabzadə)
Ön söz
Fateh, fatehlər...
Fatehlər öz əməllərinə görə fərqlənirlər: - Qılınc vuranları torpaqları fəth edir...
Söz ustadları qəlbləri ovsunlayır...
Səs fatehləri isə ruhlarımızı, qəlblərimizi ofsunlayır, bizləri ecazkar səslərinin qanadları üzərində ülvi bir aləmə çatdırırlar. Öz musiqi korifeyləri ilə dünyanı heyrətə gətirən bu qədim diyarın, doğma yurdumuz Azərbaycanın musiqi mədəniyyətini əlçatmaz zirvələrə ucaldırlar.
Əvəzsiz səs ifaçılıqları ilə tamaşaçıları “əfsunlayan” Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Seyid Şuşuniski, Xan Şuşuniski, Ağabala Abdullayev, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba Hüseynov, Süleyman Abdullayev, Sabir Mirzəyev, Qədir Rüstəmov, Səxavət Məmmədov, Razi Şükürov, Alim Qasımovun və onlarla xanəndələrimizin səs telləri, “boğazı” harda var görəsən?!..
O səs, o boğaz bizim Azərbaycanımızda, Qarabağımızda, Şirvanımızda, eləcə də yurdumuzun digər bölgələrində şahlanır, dünyaya yayılır. Səsimizi, sənətimizi allah qorusun!
Növbəti yazımda silsiləli şəkildə ustad sənətkarlarımızdan biri, məşhur muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti, Şöhrət ordenli mərhum xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) haqqında söhbət açacağam...
Ecazkar səs sahibinin ziyarətində!
Çoxdan istəyirdim ki, ecazkar, şaqraq və rəvan səsi ilə dinləyiciləri məftun edən məşhur muğam ustası, hər zaman xalq tərəfindən daimi sevilən xanəndəmiz Süleyman Abdullayevin (Dədə Süleyman) ziyarətinə gedib görüşüm, ətraflı söhbət əsnasında geniş müsahibə alım.
Gənclik illərindən onun səsinin vurğunu olmuşam. O dövrdə, tək mən deyil, yaşıdlarım, ahıl yaşlılarımız, saysız-hesabsız dinləyicilər də radioda, televizorda sevimli xanəndəmiz Süleyman müəlimin ifalarını səbirsizliklə gözləyir, sevgi ilə qulaq asırdılar. Pərəstişkarları da asudə vaxtlarında bir yerə toplaşıb gənc xanəndənin ifa etdiyi mahnıları öz aralarında həvəslə müzakirə edər və qürur hissi ilə deyərdilər: - Bu cavan xanəndənin səsi elə bil ki, dağ çayının təlatümlü dalğasıdır, hayqırtı ilə qayalara çırpılır, ildırım təki gurultu qoparıb çaxır! Allah saxlamış səsi ilə bizi heyran etməyi bir yana qalsın, ifa edəkən qəzəli, şeiriəti elə aydın səsləndirir ki, sanki qiraət edir. Adam ilk dinləmədən sonra mahnını tam mənimsəyir.
Heç yadımdan çıxmır, orta məktəblərdə səsi olan şagirdlər də mahnıları onun kimi oxuyur və ifaları ustad xanəndənin səsindən heç də fərqlənmirdi.
Altmışıncı illərin ortalarında dəbdə olan “Vesna” və “Volna” maqnitofanların mağazalarda
satışına böyük tələbat yarandığı vaxtlarda gənclərimiz çətinliklə əldə etdikləri təzə maqnitofonlarda Süleyman müəllimin efirlərdə, el şənliklərində, toylarda ifa etdiyi mahnıları həvəslə kasetlərə yazdırıb oxutdurur və geniş yayırdılar. Xanəndənin repertuarlarında səslənən muğam, xalq və bəstəkar mahnıları evlərdə dinləyicilər tərəfindən maraqla dinlənilir, qəlblərə şirin məlhəm təki yayılırdı...
Və bir gün istəyim həyata keçdi. Çox çətinliklə Süleyman müəllimin telefon nömrəsini öyrənib ona zəng edə bildim.
Telefonda həzin, mehriban, doğma bir səs:
- Bəli, eşidirəm, - deyə ilk andaca məni məftun etdi.
Doğrusu nə deyəcəyimi anidən unutdum. Özümü bir təhər ələ alıb:
- Süleyman müəllim, istəyirəm sizinlə görüşüm və çox-çox illər öncə ustadınız Seyid Şuşuniski ilə bağlı bir tarixi görüş haqqında söhbət edib aydınlaşdırım.
Süleyman müəllim:
- Hə, nə olar. Gəlin, gözüm üstə yeriniz var! Siz jurnalistsiniz?
- Xeyir! Müəlliməm. “Qaçaq Süleyman” romanının müəllifiyəm.
- Ay maşallah! Nə qəşəng xəbər oldu bu. Çox böyük bir iş görmüsünüz ki, Qaçaq Süleyman haqqında bir kitab yazmısınız! Allah sizi sevindirsin. Beş-altı il bundan əvvəl məclislərin birində onun qəhrəmanlığı haqqında qəzetlərdə yazılanlardan xəbərdar olmuşam. O qəzeti oxuyanlar Qaçaq Süleyman haqqında həvəslə danışırdılar. Eşitdiklərim məni çox sevindirirdi. Qaçaq Süleyman elin oğluydu. Allah ona rəhmət eləsin!
- Amin! Düz deyirsiniz, müəllifi olduğum o yazılar ardıcıl olaraq Bütöv Azərbaycan qəzetinin səhifələrində çap olunurdu. Və çox-çox sonralar da o yazdıqlarım kitab halında işıq üzü gördü. Süleyman müəllim sizinlə görüşməkdə məqsədim Seyid Şuşuniskiylə Qaçaq Süleymanın bir tarixi görüşünə aydınlıq gətirmək istəyimdir. Bu tarixi görüş daimi məni intizarda saxlayır. Mənbələrin birində oxumuşam ki, ustad xanəndəmiz, sizin sevimli müəlliminiz Seyid Şuşuniski gənclik illərində Qaçaq Süleymanın dəvəti ilə, Ərgünəş dağının ətrafında keçilməz meşədə düşərgəsində keçirdiyi məclisdə xalq mahnılarını, muğamları çox gözəl ifa edib. Seyidin ifasını dinləyən Qaçaq Süleyman, qaçaqlar və qonaqlar feyziyab olub çox razı qalıblar. Ona yetərincə çoxlu ənamlar, hədiyyələr verib hörmətlə evlərinə yola salıblar! Siz Seyidin tələbəsi olduğunuz vaxtlarda yəqin ki, onun öz dilindən eşitmiş olduğunuz bu tarixi görüşlə bağlı ətraflı aydınlıq gətirə bilərsiniz?..
Süleyman müəllim:
- Elədir müəllim, düz deyirsiniz! O görüş haqqında Seyid həmişə Qaçaq Süleymandan söhbət düşəndə çox böyük həvəslə danışdıqlarını mən də dinləyib yadımda saxlayırdım. Bu elə-belə xatirə deyil, uzun əhvalatdır. Telefon danışığı ilə bildiklərimi təsvir etmək çətindir. Hələ ki, evdəyəm, gəlmək istəsəniz ünvanımızı deyim, buyurun gəlin bizə. Qapımız hər zaman sizin kimi yazarların üzünə açıqdır. Oturaq, çay içə-içə eşidib bildiyim o görüş haqqında ətraflı söhbət edək!
Telefonda ustad xanəndədən eşitdiklərim məni çox sevindirdi, kövrəldim. Səsindəki məlahətli doğmalıqda muğam sənətimizin incisi sayılan zabulun - segahın ahəngi duyulurdu. Bu səs məni əfsunlamışdı. Sanki Süleyman müəllim, adaşı, xalq şairimiz Süleyman Rüstəmin nisgillə yazmış olduğu Cənub həsrətli - “Mənə qalsa” qəzəlini segah üstə ifa etdiyi muğamı dinləyirdim. Ünvanı öyrənib dərhal taksiyə əyləşərək yola düşdüm. Yolboyu şürətlə irəliləyən taksidə onun ecazkər səsi xəyalımda dolaşırdı. Və öz-özlüyümdə: - “İlahi, insan övladının səsi, nitqi bu qədər rəvan olarmı!” - deyə düşünürdüm. Süleyman müəllimlə beş dəqiqəlik ilk telefon danışığımda onun rəvan səsi, nitqi sanki segah üstündə köklənmişdi!
Bir azdan xanəndənin yaşadığı ünvana yetişdik. Səliqəli, xudmani həyət evində özü gülərüzlə məni qarşıladı. Mehribanlıqla görüşüb evinə dəvət etdi. Sadə, istiqanlı davranışında doğmalığı görüb heyrətlənmişdim. Onunla görüşməyim məndə xoş təəssürat yaratmışdı. Çox sevinirdim. Sevincimin həddi-hüdudu ərsəyə gəlmirdi.
Söhbətə Süleyman müəllim özü başladı:
- Vaqif müəllim, Qaçaq Süleymanın sorağıyla məşhur, dünya şöhrətli xanəndə, Üzeyirin, Cabbarın yadigarı Seyid Şuşinskinin əziz tələbəsi, Dədə Süleymanın bu balaca evinə xoş gəlmisiniz. Xəstəliyimin bu anında məni yad edib gəlməyinizdən çox şad oldum. Allah sizdən razı olsun! Nə yaxşı ki, sizin kimi ziyalılar həyatımızda varsınız! Telefonda deyəndə ki, Qaçaq Süleyman romanını siz yazmısınız, vallah çox sevindim. Allaha çox şükür ki, Qarabağımız da alınıb. Torpaqlarımız erməni işğalından azad olunub. Cənab Prezidentimiz İlham Əliyevin canı sağ olsun. Bu tarixi qələbə onun qətiyyətli siyasəti hesabına oldu. Vətənimiz Azərbaycanın hər bir guşəsi cənnətdir. Qarabağımız, doğulduğum, boya-başa çatdığım Qoç Əhmədli kəndi də başdan-başa güllü-çiçəkli bir diyardır. O kəndi görənlər də həmişə deyərdi ki, vallah gözəllikdə bu obanın tayı-bərabəri yoxdur. İnşallah, azad olmuş yurd yerlərimizdə tezliklə abadlıq işləri görülər, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz də təzədən inşa edilər, hamılıqla el-obamıza qayıdarıq, - deyə dolxusunaraq gözləri yol çəkirmiş kimi xeyli duruxdu...
Süleyman müəllimin fəxrlə, sevgi ilə ustadlarının adını çəkməsi, öz dilindən eşitdiyim Dədə Süleyman kəlməsinə heyranlıqla təəcüb etsəm də, mən bu ifadələrə rəğbətlə yanaşdım. Və özlüyümdə qərara gəldim ki, bu andan etibarən ustad sənətkara Dədə deyə müraciət edim. Bir azdan Dədə Süleyman söhbətinə davam edib uşaqlıq dövrünü, erkən yaşlarından kənd həyatında ailələrinə kömək etməyindən, çəkdiyi əziyətlərdən danışırdı. Yeniyetmə yaşlarında Qoç Əhmədli kəndində el şənliklərində, toy məclislərində oxuyan məşhur xanəndə Ağabala Abdullayevin ifalarından bəhrələndiyini yada saldıqca keçmişə qayıdırdı. Dədə aşıq dəstələrinin, sazəndələrin, məşhur xanəndələrin ifasını dinləməsini şövqlə danışırdı. Cəbrayıl elindən Daşkəsənli aşıq Məşədi Humayın şaqraq səsinin vurğunu olduğunu təsvir etdikcə sevinclə gülümsünürdü. Dədə sözünə ara verib yadna düşmüş kimi, açıq səma altında Füzuli rayonunun mədəniyyət evindən gəlmiş musiqiçilərin, xüsusən də xanəndə Ağabala Abdullayevin ifasında Leyli və Məcnun, Əsli və Kərəm operasından oxuduğu muğamları maraqla dinləməsini danışdıqca kövrəldi. O, bir qədər nəfəsini dərib, səhnədə Ağabala Abdullayevin qəlb yanğısı ilə “Segah Zabul” muğamını şövqlə oxumasını təsvir etdikcə dərindən köks ötürdü.
Mən isə Dədəni diqqətlə dinləyir, bloknotumda qeydlərimi edirdim. Çalışırdım ki, hər bir kəlməsini yazım. O, sözünə aramla davam edir, hərdən də pəncərənin açıq hissəsindən həyətdəki iri şaxəli tut ağacına baxır, gözünü ondan çəkmədən asta-asta danışırdı.
Dədə Süleyman:
- Uşaqlıq dövrüm keçməkeçli olub. Mənim əsl adım Rəvandır.
- Dədə, necə dediniz, Rəvan, - deyə təəcüblə soruşdum.
- Bəli, əsl adım Rəvan olub. Doğulduğum, boya-başa çatdığım Qoç Əhmədli kəndində qonşu kənddən gəlib işləyən kolxoz sədrinin oğlunun da adı Rəvan olubdur. Bir gün kənddə eşitdik ki, Rəvan idarə etdiyi “Palturka” maşınıyla Qarğabazarında qəza törətdiyi yerdə dünyasını dəyişib. Bu hadisəni eşidib-bilənlər o dövrdə çətin olsa da minik tapıb hadisə yerinə, Qarğabazara getdilər. El-oba hörmət-izzətlə rəhmətliyi öz kəndlərində dəf etmişdilər. Bu hadisədən sonra atam, anam bir yerdə qərar tuta bilmirdilər. Pərtliklərini büruzə verməsələr də yaman tutulmuşdular. Atam bir gün ailəmizdə bizə heç nə demədən, rayon mərkəzinə gedir və adımı dəyişdirib Süleyman yazdırır. O, istəmirmiş ki, el-oba içində məni Rəvan deyə çağırsınlar. Bu sirri çox-çox sonralar, yetkinlik yaşımda özümü dərk edən zamanlarda anlamışam ki, atam düz hərəkət edib. Allah atama, anama və dünyasını dəyişən bütün əməli saleh insanlara da qəni-qəni rəhmət eləsin! Atam çox ifallı, Allah adamı olubdur. Kəndimizin camaatı həmişə ona hörmətlə yanaşardı. Elə o vaxtdan da Süleyman adıyla çağrıldım və el arasında da bu adla tanındım! Kolxoz quruculuğunun ilk illərində atamın mal-mülkünü, demək olar nəyi varsa hamısını əlindən alıb kəndimizdə təzə-təzə yaranmış kolxoza təhvil vermişdilər. Atamın dediyinə görə, bundan sonra quru yurdda qalan ailəmizin güzəranı çox ağır keçib. Sonralar evin ağırlığı mənim üzərimə düşmüşdü. Qoyun-quzuları dərə-təpələrdə, dağ yamaclarında otara-otara səsim getdikcə radiodan, qramofon vallarından Seyid Şuşuniskinin, Ağabala Abdullayevin, Qulu Əsgərovun ifa etdikləri xalq mahnılarını, muğamları öyrənib oxuyardım. Səsim dağlarda əks-səda verirdi. Yeniyetmə vaxtlarımda oxuduğum mahnıdan səsimi eşidənlər uzaqdan tanıyırdılar. Uşaqlıq yoldaşlarım, tay-tuşlarım, kənd camaatı səsimi çox bəyənirdilər. Oxuduğum məktəbimizdə keçirilən tədbirlərdə tez-tez çıxış edirdim. Müəllimlərim, şagirdlər, valideynlər ifamı alqışlarla qarşılayırdı. Səsimin olmasından mərhum xanəndəmiz Ağabala Abdullayev də hardansa eşidib xəbərdar olmuşdu. O, bir dəfə kəndimizdə toy məclisini apararkən məni ona göstərib demişdilər ki, - bu uşağın səsini bir dinləyin görün necədir? Mağarın baş tərəfində sazəndələrlə bir yerdə əyləşən ustad xanəndə, məni görüb yanına çağıraraq, - hə, hamı sənin səsini təərif edir, bir özünü göstər görüm necə oxuyursan. Mən çəkinmədən “Qarabağ Şikəstəsi”ni ifa etdim. Oxuyub qurtarandan sonra, o, əlini çiynimə qoyub ifamı bəyəndiyini bildirdi və ciddiyətlə: - Allah saxlasın səni! Afərin! Deyilmişcən varsan! Səsini qoru! - dedi.
Dədə danışdıqca xəyalı keçmişə qayıdırdı. Bir anlıq susub nəyi isə yadına salmağa çalışırdı. Nurlu gözlərində, çöhrəsində nikbin baxışlar aydın görünürdü. Dodaqlarındakı təbəssüm, sanki sevincli bir xatirənin müjdəsindən xəbər verirdi. O, diqqətlə məni süzərək, gülümsünüb söhbətinə davam etdi.
- Bir gün, yazın təravətli, ətirli günlərində, may ayında kəndə hay düşdü ki, Bakıdan Seyid Şuşunski gəlib.
Vaqif Rüstəmov
(Ardı var)