Çağdaş poeziyamızda uşaq ədəbiyyatı nümunələri ədəbiyyatımızın əsas sahələrindən biri kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, uşaqların mənəvi aləmini zənginləşdirmək, onların estetik tərbiyəsi və humanist ideyalar ruhunda böyüməsi qayğısına qalmaq, müasir cəmiyyətin quruculuğunda fəal iştirak etməyə hazırlamaq kimi xeyirxah və nəcib bir vəzifə məhz uşaq ədəbiyyatının da üzərinə düşür.
Bu baxımdan, müasir dövr Azərbaycan uşaq ədəbiyyatının inkişafında Rafiq Yusifoğlunun xidmətləri danılmazdır. Onun “Çiçək yanğısı, “Ətirli düymələr”, “Qazaxıstan nəğmələri” və s. kitabında toplanmış şeirlər müasir uşaq ədəbiyyatımızın ən qiymətli nümunələridir.
Onun uşaq şeirlərini oxuduqca hiss olunur ki, şair yaxından görüb duyduğu, körpələrin həyatından yazır. Təbii ki, bu təsadüfi deyil. Rafiq Yusifoğlu bədii yaradıcılıqdan başqa bütün ömrünü uşaqların və gənclərin təlim tərbiyəsinə həsr etməsi, müasir uşaq ədəbiyyatımızın həyatında mühüm rol oynayan “Göyərçin” jurnalının redaktoru, baş redaktoru işləməsi və Uşaq ədəbiyyatı dərsliyinin müəllifi olması ilə bağlıdır.
Uşaqların həyatını, onların psixologiyasını nəzəri cəhətdən öyrənən müəllif gündəlik həyatda gördüklərini, uşaqlara olan qayğı və məhəbbətini şeirə gətirmişdir.
Otağa yaz gətirir,
Anamın danışığı.
Körpəmin gül üzünə
Düşür layla işığı.
Uyuyur mənim balam,
Onu yuxu aparır.
Günün qapısı kimi
Kirpikləri qapanır.
R.Yusifoğlunun uşaq şeirlərinin hamısı məhz beləcə yığcam, sadə və aydındır. Çünki, bu şeirlər sinəsi folklor nümunəsi ilə dolu istedadlı bir şairin təfəkküründən süzülüb gəlir. Dilimizə, tarixi keçmişimizə , milli adət ənənələrimizə , uşaq oyunlarımıza , mövsüm və mərasim nəğmələrimizə qayğı ilə yaşamaq onları yaşatmaq şeirlərinin başlıca mövzularıdır.
Professor Zahid Xəlil şairin yaradıcılığındakı bu cəhəti belə ifadə edərək yazır. “R.Yusifoğlunun bütün şeirləri, poemaları, mənzum nağılları folklor çeşməsindən su içib. Xalq yaradıcılığına böyük əhəmiyyət verən şairin şeirlərinin bir uğuru da elə burdan doğur”. (Yusifoğlu. 2006-224)
Sözün hər çalarında
Həyatın sehri vardır.
Söz babaların bizə
Qoyduğu yadigardır.
Söz ləpədir, dalğadır,
Dil ümmandır, dənizdir.
Dilimizin sözləri
Müqəddəsdir, əzizdir.
Adi həyat həqiqətləri Rafiqin yaradıcılıq süzgəcindən keçərək poetik həqiqət səviyyəsinə yüksəlir. Onun şeirlərində uşaq kövrəkliyi, çiçək təmizliyi var. Uşaq gözü ilə gülün, çiçəyin özünəməxsus xüsusiyyətlərini göz önündə canlandırır.
Adım Novruzgülüdü,
Elçisi mənəm yazın.
Qaranquş lələyilə
Siz mənə məktub yazın.
R.Yusifoğlunun yaradıcılığında təbiət şeirləri xüsusi bir yer tutur. Vətən torpağının əsrarəngiz gözəlliklərini sevə-sevə qələmə alan şair öz balaca oxucularını təbiətin qoynuna, seyrə çağırır. Şair vətənimizin başı qarlı dağlarından, zümrüd meşələrindən, şəfalı bulaqlarından , bərəkətli çöllərindən məhəbbətlə söz açır.
Bizdən göylər hönkürdü,
Yağdı bahar yağışı.
Çəməndə çiçək oldu,
Buludların göz yaşı.
Göründüyü kimi, poetik fikrin sadə və uşaqların anlaya biləcəyi bir tərzdə ifadəsinə nail olan şair bədii təsvir vasitələrindən məharətlə istifadə etmişdir.
Şairə görə insan həyatı gözəlləşdirmək üçün yaradılmış ən alı xilqətdir. Bu aliliyi qorumaq naminə insan daimi olaraq işıqlı ideyalarla tərbiyə olunmalıdır. Bu cəhətdən R.Yusifoğlu yaradıcılığnda insan tərbiyəsi, xoş amallara çağırış başlıca yer tutur. Nümunə gətirəcəyim aşağıdakı şeirdə şair yer kürəsinin bütün insanların vətəni olduğunu , bu vətəni hamının qorumağa borclu olduğunu poetik obrazlı misralarla balaca oxucularına belə aşılayır.
Öz qoynunda hamıya,
Yer verib yer kürəmiz.
Gülüstana dönər o,
Bir gül əksək hərəmiz.
Unudulmaz adət-ənənələrimiz, milli dəyərlərimiz haqqında uşaqlara məlumat vermək , xalqımıızn milli xüsusiyyətləri ilə onları tanış etmək və bütün bunları poetik şəkildə göz önündə canlandırmaq R.Yusifoğlunun poeziyasının əsas cəhətlərindən biridir. Bu cəhətdən onun “Herik Şumu” , “Salba”, “Dəryaz”, “Cijim və catı”, “Örüş”, “Kirkirə”, “Ərsin, oxlov və saç”, “İlxı, naxır, sürü”, “Sapand”, “Qısır” və şeirləri bu mözuda yazılmış ən gözəl nümunələrdir.
Uşaqların və gənc nəslin vətənpərvərlik tərbiyəsi başlıca meyar kimi şairin yaradıcılığının əsas mövzusunu təşkil edir.
Heç vaxt qoymarıq sola,
Biz azadlıq gülünü.
Göylərə sovurarıq,
Düşmənlərin külünü.
Ümumiyyətlə, şairin yaradıcılığı başdan-başa vətənpərvərlik, vətən bütövlüyü, doğruçuluq, düzlük, sadəlik, təvəzökarlıq və s kimi ideyalarla yoğrulmuş poetik bir aləmdir.
Vətən uğrunda, onun azadlıq və müstəqilliyi yolunda mübarizə aparmış, bu yolda şəhid olmuş qəhrəmanlarımızın ruhuna ehtiram hissini, qolunu, ayağını itirmiş qazilərimizə qayğı və məhəbbət hissini aşılamaq baxımından R.Yusifoğlunun şeirləri mühüm əhəmiyyət kəsb edir ki, bu da gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq, düşmənə qarşı barışmazlıq ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
Elə bu səbəbdəndir ki, şairin “Ətirli düymələr” kitabı müasir Azərbaycan uşaq ədəbiyyatının ən dəyərli nümunəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətvuat Şurasının və Azərbaycan Gənclər Təşkilatı Mərkəzi Komutəsinin mükafatına layiq görülmüşdür.
Vaqif Allahverdiyev,
ADPU-nun Ağcabədi filialının dosenti