Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək.
Gecədə Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri barədə söz açılacaq, BMM-in solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnıları təqdim olunacaq.
Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. Elə bu şöhrət sayəsində müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan "Arşın mal alan" filmində Telli roluna çəkilir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayır.
Unudulmaz sənətkarın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var. Musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.
1926-cı il iyunun 4-də Qubada anadan olan sənətkar 2000-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.