...Bakının mərkəzində -keçmiş Çay Fabrikinin qarşısında (Azərbaycan Dəmiryolu İdarəsinin yanı) Kövkəb Səfərəliyevanın adını daşıyan bir küçə var...
Bakı şəhərinin ən çox ictimai gediş-gəlişli bir küçədə bir bina da var. Bina sakinləri "Təzadlar"a müraciət edərək əməkdaşımızı ora dəvət etdilər... Azərbaycanın tanınmış xanımın adını daşıyan bu küçədəki məlum və bəlli binanın çöl mənzərəsini görənda adam istəyir utanıb yerə girsin. Nəsimi rayon İcra Hakimiyyətinin ərazisinə aiddir... Küçələri qarış-qarış satanlar nədən bu biabırçı vəziyyətə əncam çəkmirlər. Görkəmindən, necə deyərlər, cin ürkən bu binada yaşayanların halına acımamaqdan başqa yol qalmır. Uçmaq və dağılmaq, dağılmağı ilə çoxsaylı insanların məhvinə səbəb olacaq bu beşmərtəbəli binaya Nəsimi RİH başçısı baxmaq istəmir, bəs Bakının faktiki sahibi olan Eldar Əzizov niyə tədbir görmür???
Fotoşəkillər təqdim edirik, baxıb özünüz nəticə çıxarın...
***
Arayış üçün: Kövkəb Kamil qızı Səfərəliyeva- 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər. Burada o ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır. Musiqi Texnikumundan sonra Səfərəliyeva dövlət konseravatoriyasının fortopiano şöbəsinə daxil olur. Öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında yeni nəslə öyrədəcəkdi. Əvvəlcə təcrübəçi-pedaqoq sonra isə xüsusi fortopiano sinfinin pedaqoqu kimi.
Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç kimlə ailə həyatı qurmayıb. Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952). Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olmuşdur (1937–1952).
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir. Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin məkəzi hissəsində adına küçə vardır (küçə Üzeyir Hacibəyov küçəsi ilə kəsişir). "Azərbaycan SSR xalq artisti" fəxri adı (19 aprel 1972), "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (23 aprel 1940), "Şərəf nişanı" ordeni (25 fevral 1946) olan bir tanınmış xadim-xanımın ruhu qarşısında günahkar olmamaq üçün təcili tədbir görülməlidir. Hansı ki, nimdaş binanın üzərinə onun adı da yazılıb...
Nəhayət, bilməyənlər üçün: Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı dünyadan çox gənc köçüb, Kövkəb ondan sonra qəlbini heç kimə verməyib...
Bax belə!
A.Məmmədli