...Az qala, 25 olur...  yaşımızın silkələnən, başımızın da bir az dumanlanan çağına yaxınlaşırıq. Heç də asan deyil o 25 il bundan əvvəlki çağı yada salmaq.

Dostum yazıçı-publisist Elçin Kamalla “Kredo” qəzetinin Mətbuat və İnformasiya Nazirliyində qeydə alınması üçün hazırlıq işlərinə başlamışdıq. Sözün həqiqi mənasında Azərbaycan mətbuatının ağsaqqalı, müdrik və axıracan xeyirxahımız Firudin Rəsulova müraciət etdik. Təsadüfi deyildi. Biz Firudin Rəsulovun kürkündən çıxmışdıq. “Həyat” qəzetində neçə illər idi onunla birgə, onun rəhbərliyi altında işləmişdik. Firudin müəllim özünəxas məntiqlə “heç nədən nigaran qalmayın, əgər məramınız aydın, yolunuz açıqdırsa, Mədət müəllim mütləq sizə kömək edər” dedi. Hələ üstəlik bizə onu da dedi ki, sizin vətən üçün, millət üçün yararlı iş görəcəyinizə mən də inanıram, nigaran qalmayın.

Bizi Mətbuat Nazirliyində müvafiq kabinetə yönəltdilər. İçəri keçdik. O qədər də uzun olmayan kabinetin yuxarı başında yaşının neçəliyindən asılı olmayaraq, çox gənc görünən, özü də gözlərinin işığında üzü nura bələnmiş, 40 yaşlarına heç çatmayacaq görkəmdə bir gənc “gəlin, gəlin, xoş gəlmisiniz” dedi.

Əlavə təqdimata, özümüzü təqdim etməyə lüzum qalmadı: “Mən sizi yaxşı tanıyıram. “Həyat” qəzetində, Firudin Rəsulovun yanında işləmisiniz”. Nə gizlədim? Qəlbim fərəh hissi ilə döyündü. Elə bil ki, atamın adını çəkmişdi. Arada gözucu tez Elçinə baxdım, onun da üzü gülürdü. Nizamnaməmizlə, proqramımızla tanış oldu. Xüsusilə bəzi cümlələri təkrar oxudu: “Azərbaycanın tarixi dəyərlərini, dilini, mənəvi mühitini, ədəbi dəyərlərinin qorunmasını amal hesab edirik”. Bu bizim bəyənat xarakterli təqdimatımız idi. Dayanıb bizə baxdı: “Bəs pulu necə qazanacaqsınız? Bu tipli qəzetlərin satışı çətin olar”. Nədənsə bir az çəkinəcəyim oldu. Elə bildim ki, bu ciddi bir maneə olar. Amma həmin işıqlı üzün, nurlu gözlərin təzədən inamlı bir baxışla üstümüzə zilləndiyini hiss etdim.

“Qardaşlar, yəni demək istəyirəm ki, siz necə çətin bir yola qədəm qoyduğunuzu gərək biləsiniz. İndi “Sarı mətbuat” daha çox oxunur. Mən sizə o yolu məsləhət görmürəm. Amma çətinliyinizin də həddini bəri başdan bilməyinizi istərdim”. Bu, Mədət Əyyuboğlunun, bizim çox gənc şair kimi tanıdığımız ruhlu bir ədəbiyyat adamının və indi qəbuluna gəldiyimiz Mətbuat və İnformasiya Nazirliyinin yüksək rütbə sahibi olan məmurunun – yəni Mədət Məmmədovun sözləri idi. Hələ indi də yaddaşımda yaşamaqdadır.

Doğrusu, mən həmişə -  ən azı 50 yaşıma qədər ağsaqqallığı elə yaş ölçüsündə görmüşəm. Elə bilmişəm ki, əsl ağsaqqal gərək 60 yaşdan sonra, 70-dən, 80-dən sonra üzə çıxsın. Yoxsa, yaşın dayaq gücü yoxdursa, o heç ağsaqqal ola bilməz. Ən azı, ağıllı sözü, dəyərli sözü eşitdiyim cavanların mövqeyini mənəvi sağlamlığı ilə bağlamışam. Həmin günlərdə Mədət Məmmədovla qarşılaşanda ilk dəfə bildim ki, ağsaqqallıq o qədər də yaşla bağlı deyil. Elə kim harada mövqeyindən, missiyasından asılı olmayaraq, dəyərli məsləhət verirsə, o, həqiqətən ağsaqqaldır. Və o gündən gördüm ki, bizim ağsaqqalımız, müdrik Firudin Rəsulovun Mədət Məmmədova olan inamı təsadüfi deyilmiş. Elə səhəri günü Firudin müəllim bizə zəng elədi: “Qəzetinizin ilk sayına həm mən təbrik yazmışam, həm də Mədət müəllim”. Çox böyük hazırlıq, gərgin narahatlıq və həyəcanla ilk sayımızı çapa buraxdıq. “Kredo” rəngli şəkildə üzə çıxmışdı. Dostlarımızın təbrikləri də bizdə xüsusi qürur hissi doğururdu. Natiq Əliyevin, Anar müəllimin, Əzizə Cəfərzadənin, indi yaddaşımda qalan-qalmayan bir çoxlarının təbrikləri ilk saylarda dərc olundu.

Yaşımızın qanadlanıb uçan çağları idi. Mətbuat və İnformasiya Nazirliyinin timsalında biz hökümət səviyyəsində də təqdir görürdük. Siruz Təbrizlinin də geniş və əhatəli yazısı yaddaşımdan çıxmır. Xüsusilə Şahmar Əkbərzadə ilk günlərdən bizimlə birgə idi.

Qəzetin ilk sayı 12 oktyabr, 1999-cu il tarixi ilə dərc olundu. 17 oktyabrda geniş və təmtəraqlı bir təqdimat mərasimi də keçirdik. Buraya qədər adlarını çəkdiyim imza sahibləri təqdimat mərasimində iştirak edirdi. Təkcə Şahmar Əkbərzadə xəstəxanada olduğu üçün mərasimdə iştirak etmirdi. Mədət müəllim tədbirqabağı zəng eləyib soruşdu:  - Şahmar Əkbərzadə tədbirə gələcəkmi? Mən vəziyyəti izah etdim, o çox təəssüfləndi.

Bu qeydləri nə üçün yazıram? Bu sadəcə təfərrüat xatirinədirmi? Yox, əgər diqqət göstərən oxucu bir az dərinliyə varsa, görər ki, Mədət Əyyuboğlu Məmmədov bizi necə dəqiq və ardıcıllıqla ilk addımlarımızacan izləyib.

Gənc mətbuat xadiminin həyata vəsiqə alan bir qəzetin ilk addımlarını izləməsi onun üçün əslində bir mənəvi məsuliyyət mahiyyəti daşıyırdı.

medet-ey-2-pija

İndi kifayət qədər zaman keçib. Yaşa dolmuşuq. Mədət Məmmədov yüksək vəzifə pilləsinin yuxarı mərtəbəsindən aşağı enmədən insanlıq mərtəbəsinin yuxarı, lap ən yuxarı zirvəsində öz yerini günümüzəcən hifz edib. Bu dövr ərzində fəal ictimai mövqeyini davam etdirib. Yaşının, səhhətinin verdiyi imkanlar əhatəsində dövlətçiliyə sədaqətini, ən başlıcası, ulu öndər Heydər Əliyev ideyalarına qırılmaz tellərlə bağlılığını həm publisistik yaradıcılığında, həm də ictimai fəaliyyətində davam etdirib.

Bəzən insanlar yaşam yollarını, yəni tərcümeyi-hallarını bir növ redaktə etməyə çalışırlar. Amma Mədət müəllim həyatının kommunist mərhələsindən keçən çağlarını da gizlətmir və bu gün bizim üçün ən önəmlisi odur ki, o dövrün ən üstün nizam, intizam, əqidə saflığı, mənəvi bütövlük keyfiyyətlərini özündə əxz edərək bu gün də ruhunda yaşadır. Əlbəttə, bu mənəvi potensialı o, demokratik ruhlu bir ziyalı kimi xalqın mənəvi mühitinin zənginləşməsinə sərf edir. Özü daha doğru deyir: “Mən bu gün kommunist deyiləm. Amma müstəqil Azərbaycan və Azərbaycan demokratiyası uğrunda sıravi bir savaşçıyam”. Əslində o sıravi savaşçı deyil, ona inanan nə qədər insanların yoluna aydınlıq gətirən liderdir. Təsadüfi deyil ki, bu gün də Jurnalistlərin Həmrəyliyi Komitəsi İctimai Birliyinin rəhbəri kimi bütün mətbuat aləmi ilə sıx əlaqələrini qoruyub-saxlayır.     

Kimdir Mədət Məmmədov: “Mədət Əyyub oğlu Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin tanınmış məzunlarındadır.

O, 1985-1989-cu illərdə Azərbaycan KP MK-nın “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında mətbuatın yayılması üzrə Baş müfəttiş, 1989-1990-cı illərdə Azərbaycan KP MK-nın “Kommunist” (sonralar “Dirçəliş”) ictimai-siyasi jurnalında məsul katibin müavini, 1990-1991-ci illərdə Azərbaycan KP MK-nın “Kənd həyatı” jurnalında Baş redaktorun müavini, 1992-1994-cü illərdə müstəqil “Doğru yol” qəzetinin Baş redaktoru, Mətbuat və İnformasiya Nazirliyində 1994-1996-cı illərdə şöbə rəisi, 1996-2001-ci illərdə KİV Baş İdarəsinin rəisi vəzifələrində, Azərbaycan Respublikasının Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil) Aparatında İdarə rəisinin müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində çalışmışdır. 2003-cü ildən “Jurnalistlər Həmrəyliyi Komitəsi” İctimai Birliyinə rəhbərlik edən Mədət Məmmədov ölkəmizdə jurnalist peşəkarlığının artırılmasında, dördüncü hakimiyyətin cəmiyyətdə öz funksiyasını yüksək səviyyədə gerçəkləşdirməsində müstəsna xidmətlər göstərmişdir. Mədət Məmmədov nüfuzlu “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” media mükafatlarına layiq görülmüşdür”.  

***

Çoxları var ki, özünün kommunist keçmişini riyakarlıqla danmağa çalışır. Amma Mədət Məmmədov tərcümeyi-halında heç nəyi gizləmir. O, cəmiyyətə həmişə açıq olub. Sözün həqiqi mənasında ən böyük mənəvi üstünlük insanlar üçün açıq olmaqdır. Və birmənalı şəkildə mən təqdir edirəm ki, dünən Mədət Məmmədov hansı siyasi müstəvidə olduğunun fərqinə varmadan bu gün Heydər Əliyev ideoloji müstəvisində xalqının tərəfdarıdır. Bütün mənəvi potensialı ilə xalqın dəyərlərini hifz etmək, qorumaq naminə gücünü əsirgəmir. Təsadüfi deyil ki, o, çoxsahəli yaradıcılığında Azərbaycan insanının taleyini əsas ideal olaraq qəbul edir.

Açığı, şair Mədət Əyyuboğlu publisist Mədət Məmmədov həmişə mənim diqqətimdə olub. Bu “həmişə” adlanan zaman göstəricisi, əlbəttə, 25 illik dövrü əhatə edir.

Yadıma gəlir. Firudin Rəsulovun xahişi ilə Mədət Məmmədovun ilk şeirlər kitabını oxumuşam. Həmin kitabdan aldığım təəssüratı “Təbii hisslərin poeziyası”, “Poeziyanın döyüşən yolu”, “Şairin poetik nəfəsi”, “İnsan problemi: Arzular, istəklər”, “Gəldim ki, söz gətirəm”, “Şəxsiyyətin təsdiqi” – bu adlar altında şair Mədət Əyyuboğlunun poetik yaradıcılığının tədqiqinə həsr olmuş yazıları çap etdirdim. O vaxt “Kredo” qəzetində bu yazılar dərc olunanda Fikrət Sadıq zəng elədi: “Ay Əlirza, bu Mədət Əyyuboğlu hardadır? De ki, gəlsin, sənədlərini gətirsin. Nə gözəl şeirlər müəllifidir. Sən də onun poeziyasını çox əla tədqiq etmisən. Biz belə şairlərin axtarışndayıq”. Mən Fikrət Sadığın həmin telefon zəngində dediklərini Mədət müəllimə çatdırım. Deyəsən, o vaxt Mədət müəllim heç Yazıçılar Birliyinə getməmişdi.

Əlbəttə, Mədət Əyyuboğlu ilk növbədə mətbuat xadimidir. Publisistdir. Mətbuatın demokratikləşməsi uğrunda mübarizə aparan ziyalıdır. Və iş elə gətirdi ki, mən Mədət müəllimin 60 illik yubileyinə qəlbimin səsi ilə yeni bir kitab hazırlamalı oldum: “Şair-publisist Mədət Əyyuboğlu” (Adiloğlu, Bakı, 2018). O da yaxşı yadımdadır ki, çox təəssüflə həyatdan vaxtsız getmiş “Azərkitab”ın rəhbəri Sabir müəllimin təşəbbüsü ilə bu kitabın elə Azərkitab Ticarət Birliyində təqdimatı da oldu. Mən M.Əyyuboğlunun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdim. Yazıçı-publisist Elçin Mehrəliyev də çox əhatəli və dəyərli bir çıxışla Mədət müəllimin həyatının ən maraqlı, ən dəyərli tərəfini dinləyicilərin diqqətinə çatdırdı. Söz yox, dinləyicilərin auditoriyasın da geniş idi. Başqa da çıxış edənlər oldu. Azərbaycanın görkəmli elm və sənət adamları Mədət Əyyuboğlunun sənət yolunu, söz yolunu məhz mənim hazırladığım “Şair-publisist Mədət Əyyuboğlu” adlı kitabım əsasında dəyərləndirməyə çalışdılar.

Bu kitabda ayrıca bir bölmə “Mədət Məmmədovun ədəbi publisistikasından örnəklər” adlanır. “Bir ürək yanırdı”, “Böyük yolun davamı”, “Gözəlliyin əməldə təzahürü”, “Qəlbimdə bir işıq var”, “Sənət bağının gülləri”, “Tarixdən günümüzə”, “Məni sevindirən nədir”...

Bu sərlövhələr çox güman ki, oxucuya o qədər də aydın məlumat verməyə bilər. Amma hər halda hər bir sərlövhənin mahiyyətindəki emosional ruh açıq-aşkar oxucuya nələrisə deyir. Həmin publisistik qeydlərin əvvəlinə mən belə bir epiqraf da yazmışdım: “Publisist Mədət Məmmədovla şair Mədət Əyyuboğlunun dili bir-birini tamamlayır. Obrazlı nitq mənanı publisistikada da poeziyada olduğu kimi poetik bir əhvalla təqdim edir. Mədət Məmmədov yüksək dərəcədə mətbuatla iş təcrübəsinə malik publisist-jurnalistdir. Ancaq mətbuatla sıx əlaqə onun obrazlı nitqinə nə qədər müdaxilə etsə də, bu nitqin poetik strukturunu dağıda bilmir. M.Məmmədovun publisistik yazıları, essevari düşüncələri M.Əyyuboğlunun poeziyası kimi şirinliklə oxunur”. Bu yerdə tərəddüdsüz olaraq deyirəm ki, Mədət Məmmədovun Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyeva və Azərbaycan dövlətçiliyi uğrunda onların apardıqları mübarizə motivləri Mədət Məmmədovun publisistik yaradıcılığında ayrıca tədqiqata layiqdir. Zənnimcə, Mədət Məmmədovun siyasi publisistikasının bu yönümü kifayət qədər gələcək yazı mədəniyyətimiz üçün örnək əhəmiyyəti daşıyır və bunu onun dəyərli publisistik əsərlərini oxuyan hər kəs təsdiq edə bilər. Əlbəttə, M.Məmmədovun ədəbi publisistikasında görkəmli yazıçılarımızın, xüsusilə Mircəlal Paşayevin, Zəlimxan Yaqubun, eləcə də Elçin Əfəndiyevin dəyərli əsərlərinin fonunda tədqiqat yazıları da xüsusi səriştə, istedadlı qələm sahibinin məhsulları kimi çox uzun zaman dəyərini itirməyəcək. Yazını necə yazmaq, publisistikanı necə ədəbi müstəvidə fikir-ideya səngərinə çevirmək baxımından öz dəyərini qoruyub-saxlayacaqdır.

Beləliklə, M.Məmmədov kimi söz-sənət adamının, qəlbi yanğı ilə yazı kürəsində bişən publisistin, ən başlıcası, demokratik dəyərlərin daşıyıcısı olan bir ziyalının mənəvi mühitini dərk etmək üçün “onun ən üstün göstəricisi öz əsərləridir, öz kitablarıdır” qənaətində olmalıyıq.

2021-ci ildə Mədət Məmmədovun “Dövlət və dördüncü hakimiyyət” adlı döyüşən publisistikanın ən dəyərli örnəklərindən biri kimi yeni kitabı nəşr olundu. Təkcə elə kitabın annotasiyasına diqqət etmək bəs edir ki, bu kitabın hansı dəyərdə olduğunu qavraya bilək: “Demokratik cəmiyyət quruculuğunda azad medianın roluna tarixdə olduğu kimi, çağdaş dünyada da ciddi ictimai-siyasi önəm verilir. Söz azadlığının gerçəkləşməsi müstəqillik qazanmış xalqların həyatında daha zəruri amilə çevrilir. Bu baxımdan Azərbaycanda azad jurnalistikanın yaranması siyasi suverenliyin nəticəsi olduğu kimi, ölkəmizin müstəqil mediasının özü də demokratik dövlət quruculuğunda dördüncü hakimiyyət rolunu oynayır.

Təqdim edilən “Dövlət və dördüncü hakimiyyət” kitabı ehtiva etdiyi bu iki fundamental anlayışın Azərbaycan cəmiyyətində qərarlaşması, dövlət və media münasibətlərinin sivil əsaslar üzərində qurulması prosesini əks etdirən sanballı və dəyərli nəşrdir. Müəllifin Azərbaycanda azad media quruculuğu barədə bu topluda yer almış nəzəri və praktiki mülahizələri, ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni zamanda, jurnalistika ilə sıx bağlı olan digər mütəxəssislər və oxucular üçün də gərəklidir”. Bu annotasiya “Dövlət və dördüncü hakimiyyət” kitabının mahiyyətini ehtiva edir. Göründüyü kimi Mədət Məmmədov əqidəsinə yenə də sadiqdir. O, dördüncü hakimiyyəti birmənalı olaraq sarsılmaz güc mənbəyi hesab edir. Şübhəsiz, Mədət müəllim bir müəllif olaraq, cəmiyyətə xüsusilə mediaya təlqin edir ki, cəmiyyətin demokratikləşməsi naminə dördüncü hakimiyyətin nüfuzunu yalnız doğru sözlə, dəqiq və aydın meyarlarla qorumaq olar. M.Məmmədovun bu çox dəyərli, xüsusilə jurnalistikaya qədəm qoyan gənclər üçün dərslik mahiyyəti daşıyan kitabına ön sözü akademik Nizami Cəfərov yazıb. Məsləhətçi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, redaktor əməkdar jurnalist Tahir Rüstəmovdur. Rəyçilər Cahangir Məmmədli və Cavanşir Feyziyevdir. Axırıncı iki imzanı ayrıca təqdim etməyə lüzum yoxdur. Cəmiyyət Mədət Məmmədovun kitabının həyat yoluna imza atan bu obrazları çox yaxşı tanıyır.

Akademik Nizami Cəfərov ön sözdə xüsusi aydınlıqla diqqəti cəlb edən fikir və mülahizələrlə düşüncələrini oxucularla bölüşür: “Haqlı olaraq, bu nəşrdə Azərbaycanda senzuranın ləğvi jurnalistika və demokratik dəyərlər tariximizin ilk cəsarətli addımı kimi dəyərləndirilir. Müəllif bu hadisəni dünya səviyyəli siyasət və dövlət xadimi olduğunu dönə-dönə təsdiqləmiş Heydər Əliyevin Şərqdə ilk dəfə ölüm hökmünə son qoyması addımına bərabər tutur. Doğrudan da, ölüm hökmünün yasaqlanması insana bir dəfə verilmiş yaşamaq haqqının çoxəsrlik Azərbaycan tarixində ilk dəfə ən yüksək səviyyədə təsbit edilməsi idi. Cəmiyyətdə sərbəst söz demək hüququ üzərində binadan mövcud olmuş dövlət nəzarətinin birdəfəlik aradan qaldırılması isə “həqiqətin dara çəkilməsinə” sivil cəmiyyətə layiq olmayan bir mənəvi cəza kimi son qoyulması demək oldu”. Hər birimizə yaxşı məlumdur ki, Nizami Cəfərov Azərbaycan ədəbi-mənəvi mühitinin və siyasi ideoloji məkanımızın fikir generatorudur. O, M.Məmmədoun “Dövlət və dördüncü hakimiyyət” kitabına ön sözündə bu fikirlərini sadəcə gəlişigözəllik xatirinə yazmazdı. Əgər bu kitabdakı publisistik düşüncələr fonuna bürünmüş fikir və mülahizələri dəyərli hesab etməsəydi.

Onu da qeyd etmək lazımdır ki, M.Məmmədov həmişə şəxsiyyət kimi nə qədər təvazökar bir obraz olaraq tanınsa da, sözünün dəyəri, düşüncələrinin mükəmməlliyi, ən başlıcası, əqidəsinin işığında görünən bir ziyalı kimi diqqəti cəlb edib. Ona görə də bu tipli ziyalıların cəmiyyətin demokratikləşməsində yeri həmişə görünür.

Gərək bu yerdə yada salaq. Müstəqillik dövrünün ən gərgin çağlarında Mədət Məmmədov Azərbaycan mediasının sükanı arxasında olub. Hətta mətbuatda senzuranın ləğv edilməsini o ilkin təqdir edənlərdən biri kimi yaddaşımızda qalıb. Birmənalı şəkildə demək lazımdır ki, Mədət Məmmədov dövlətin əsas özüllərinin mətbuatda qorunması naminə bir döyüşçü obrazı olaraq çıxış edib. Zənnimcə, elə bu məqamları akademik Nizami Cəfərov xüsusilə diqqətdə saxladığı üçün sözünə davam edərək yazır: “Mədət Məmmədov Azərbaycanda demokratik media quruculuğunun ilk illərinin canlı şahidi və fəal iştirakçısı kimi KİV-in sonrakı daha yüksək inkişafı mərhələsi ilə bağlı ulu öndərin böyük yolunun davamından da eyni həvəs və bələdliklə söhbət açmışdır. Bununla müəllif həmin alternativsiz siyasi xəttin modern davamçısı İlham Əliyevin adı ilə bağlı, milli jurnalistikamızın cəmiyyətin hərtərəfli tərəqqisi dövrünün tələblərinə uyğun inkişafına yönəlik məqsədyönlü tədbirlər silsiləsində hər bir addımın rolunu və önəmini qədərincə incələməyə nail olmuşdur”. Bu yerdə mən də yada salıram. Elə Nizami Cəfərovun özü də təqdir edir. Mədət Məmmədov mətbuatda senzuranın ləğv edilməsini ölüm hökmünün ləğv edilməsinə bərabər tutur. Bunu çox dəyərli müsahibələrində və publisist yazılarında təkrar-təkrar qeyd edir.

Mədət Əyyuboğlu şair, ədəbi publisistika yaradıcısı və eləcə də, Mədət Məmmədov mətbuat təşkilatçısı və siyasi publisistika yaradıcısı kimi bu gün də fəal yaradıcılıq mövqeyini qoruyub saxlayır.

Müstəqillik yollarında: mətbuat xadimlərimiz. Bu rubrika altında gələcəkdə də yazılar çap etmək niyyətindəyik. Qulu Məhərrəmli, Elçin Mehrəliyev, Rəşad Məcid, Aqil Abbas, Əbülfət Mədətoğlu, Azər Turan, Flora Xəlilzadə, Alqış Həsənoğlu, Hikmət Babaoğlu, Rauf Arifoğlu, Asif Mərzili, Akif Aşırlı... əlbəttə, çoxları var. Şübhəsiz, burada yazıçı və şair mətbuat xadimlərinin də adlarını çəkmək olar. Ancaq çox istərdik ki, bu adları çəkilən müəlliflərdən hər biri mətbuatın demokratikləşməsi uğrunda mübarizələrini əks etdirən yazı və müsahibələrini ayrıca kitab halında nəşr etdirsinlər. Söz yox, bəzi müəlliflər artıq dəyərli əsərləri ilə mətbuat tariximizin yolunu kifayət qədər işıqlandırıblar. Yeri gəlmişkən, Mədət müəllimin bir arzusunu da diqqətə çəkirəm. Ali Baş Komandan, prezident İlham Əliyevin II Qarabağ savaşı zamanındakı müsahibələri ayrıca kitab halında nəşr olunmalıdır və universitetlərdə dərslik kimi istifadəyə götürülməlidir.

Mədət Əyyuboğlu, 65 il – bu bir ömürdür. Amma yaradıcılıq fonunda mübarizəsiz yaşanmış ömürlərin bəlkə mininə bərabərdir.

Bu qeydləri belə bir arzu ilə bitirirəm: Mənim 75, Mədət Əyyuboğlunun 70 illiyimdə Cəbrayılda və Ağdamda görüşək.

 Əli Rza Xələfli

 

 

      

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN