III yazı

(Əvvəli 27 və 28.02.2024-cü il tarixlərdə)

Xalq yazıçısı İsmayıl Şıxlı öz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni səs, yeni deyim tərzi gətirən qələm sahiblərindəndir. Bu baxımdan yazıçının "Ayrılan yollar" (1954-1955), "Dəli Kür" (1962-1966) və "Ölən dünyam" (1995) romanları ədəbiyyatımıza xüsusi bəzək verən söz inciləridir.

***

Epiloq. Zaman keçdikcə hegemon hökmdarlar dünyaya təşrif gətirdi. Onlardan bəziləri özündən əvvəli, bəziləri isə sonda gələni sevmədilər. Bəziləri dünyaya zülm,  bəziləri isə sülh gətirdi. Bunlardan Hitler yer kürəsinə ağalıq etmək üçün müharibə fəlakəti gətirdi.  Stalin isə bu yoldan onu dayandırdı. Ruzvelt, Çörçil, Mao Tsze Dun və Şarl de Qolun yeritdikləri siyasət dünya arenasında özləri üçün əhəmiyyətli oldu. Totalitar sovet rejimi xalqları "Troyka" qərarları ilə gah güllələdi, gah da tayqa və Sibir meşələrinə sürgün etdi. Sovet dövlətinin Stalindən sonra gələn başçıları isə sürgündəkilərə azadlıq verdi və dedilər ki, sizin günahınız yoxdur. Bu burulqanlar xalqları əzablar içində üzdü. Çoxları tayqa və Sibirin meşələrində  əzablar içində həyatla vidalaşdı.  Sağ qalanları isə çətinliklə də olsa, öz dağılmış yurd-yuvalarına, el-obalarına qayıtdılar.

Söhrabın nənəsi Güllü xanım və qohumları Sibirdə vəfat etdi.  Söhrab tək qalsa da, özünü itirmədi. Meşədə təpənin döşündə şam ağacının dibində məzarda yatan Güllü nənəsinin qəbirini gündə ziyarət edir və ağlayırdı. Özünə söz verdi ki, mütləq təhsil almalıdır. Ona görə də gündüzlər meşədə ağac kəsir, gecələr isə axşam məktəbində oxuyurdu. Çox illər keçəndən sonra günahsız olduqları söyləndi və azadlığa buraxdılar.  Yollar açıldı. Söhrab kəndlərinə qayıtsa da, kəndləri xarabalığa çevrilmişdi.

Alqazaxlılar və Çiraqlıların yurdunda üzüm bağları salınmışdı. Kənddə bir daş ev qalmışdır ki, ora da quşçuluq ferması idi. Uzaqdan həyətində inkubator toyuqları görünürdü.  Söhrab tez-tez öz yurd yerlərini gəzib-dolanırdı. Kəndadamları Söhraba kömək edib ona ev tikdilər. O, institutu bitirib kəndə gəldi və onu yeni tikilmiş məktəbə direktor təyin etdilər.

Alqazaxlıların yurd yerində xarici markalı bir maşın saxladı.  Qapısı açılsa da, içindən adam çox gec çıxdı. Bu ucaboy,  ağ saçlı bir qoca idi. O, kənddə evlərinin yoxa çıxdığını gördü.  Sonra tənəg bağının yanında ucalan çinar və onun gövdəsinə dolanan tənəngi görüb sevindi. Axı vaxtı ilə onları özü əkmişdir. Qoca Çinar ağacının yanına getdi və dibində olan daşın üstündə oturub kürəyini çinara söykədi. Sonra əllərini üzünə qoyub ağladı. Məmməd kişi bu qərib adamı uzaqdan izləyirdi. Ona yaxınlaşanda üzüm yığan uşaqlardan da bir neçəsi oraya gəldi. Bu zaman Kürün sahilində canavar sifətli bir it qocaya yaxınlaşdı. Uşaqlar qorxub kənara çəkildilər. Qoca "Alan" deyə səslədi. İt qocaya yaxınlaşdı və pəncəsi üstə yerə yataraq Qocaya tərəf süründü. Qoca əli ilə onun başını sığalladı. Keçəl Xondulunu öldürdükdən sonra Alan Kür çayının qırağında meşədə canavar sürüsünə qoşulmuş və bu günə qədər nəslini yaşatmışdır. Məmməd kişi Həsən ağanı tanıdı və onunla hal-əhval etdi. Sonra oğlu Söhrabın kənddə məktəb direktoru işlədiyini söylədi. Məmməd kişi uşaqlara dedi ki, gedin Söhrab müəllimə xəbər verin atası gəlib. Söhrab atasının gəldiyini eşidib çox sevindi.  İri uşaqlardan ikisini evə göndərib tapşırdı ki, qapıdakı qara qoçu maşına qoyub gətirsinlər. Əhd etmişəm ki, atamın ayaqları altında qurban kəsəcəyəm. Söhrab müəllim çinara çatana qədər qara qoçu gətirdilər.  Söhrab  qara qoçu kəsib özünü atasının üstünə atmaq istədi, ancaq atasının sakit dayanması onu çaşdırdı. Həsən ağa çinara söykənib sanki yuxuya getmişdir. Əlləri isə itin başında tərpənmirdi. Söhrab müəllimin keyləşdiyini görən Məmməd kişi dedi ki, dəymə bala qoy dincəlsin. Məmməd kişi üzünü  yana çevirib göz yaşını sildi. Söhrab diz çöküb əllərini göyə qaldırdı.  Alan törəməsi də istədi uluya, ancaq ulamadı. Alan törəməsi başını Həsən ağanın əlləri üstə qoydu.  Söhrab göz yaşları içərisində atasına sığındı. Çinar ağacının altında Həsən ağa,  Söhrab və Alan sanki heykələ dönmüşdülər.  Kür çayı isə  yenə də dünyada heç nə olmamış kimi sakitcə öz axarı ilə axıb gedirdi...

İsmayıl Şıxlı "Ölən dünyam" romanı ilə Azərbaycan ədəbiyyatına yeni özünüdərk, həyata yeni baxış bucağı və xalq yaddaşında yaşayan ulubabalarımızın keçdiyi əzablı-işgəncəli yollara yeni işıq salmışdır. Bundan əlavə müəllif totalitar sovet dövrünün ənənəvi janr səddini dağıdaraq el içində yaşayan canlı həyatın özünü ölçü-biçiyə salmadan necə varsa, eləcə də canlandırmışdır. Bu duyum və deyim yolu əsl həyatın özüdür: canlı və təbii. Bizi İsmayıl Şıxlı yaradıcılığına bağlayan da elə onun bu pozitiv, real həyat hadisələrinə müdaxilə etmədən fərdi yanaşma üslubudur. O, romanda bir-birinə bənzəməyən obrazlar qalereyasını çox məharət və ustalıqla yaratmağa nail olmuşdur.

Hər bir insanın öz dünyası, öz tale ulduzu var deyirlər. İnsan cismən həyatla vidalaşırsa, onun özü ilə birgə dünyası da, tale ulduzu da uçub gedir və sönür. "Ölən dünyam" romanının da əsas qayəsi elə budur. Sanki İsmayıl Şıxlı öz ölümünü qəhrəmanı Ömər koxa kimi öncədən hiss etdiyini üçün həyata əlvida deyərək vəsiyyət edir. Həsən ağa əkdiyi əzəmətli çinara kürəyini söykəyib əbədi yuxuya gedib vətən torpağına qovuşur. İsmayıl Şıxlı da qəhrəmanı kimi çinarın dibində ədəbi heykələ dönərək ölümsüzləşir. O, geriyə boylananda keçmiş el-obasından, sönmüş ocaqlardan bir nişanə qalmadığını görür. Hanı o ocaqlar, o yurdlar, o el- obalar, artıq onlar yoxdur. Dünya bir pəncərədi müdriklər deyib: bir yandan boşalır, bir yandan dolur. Müəllif də müdriklərin dediyi bu fikirləri əməli işi ilə təsdiqləyir.Ömər koxa əsərin əsas obrazlarından biridir. Yaşı yüzü haqlasa da, son nəfəsinə qədər özünü gümrah hiss edir, at minib çöllər də gəzir. Əgər onun doğum tarixini dəqiqləşdirsək - xanlıq, çar rusiyası, müsavat və cümhuriyyət və eləcə də totalitar sovet dövrlərinin canlı şahidi olduğunu görərik. Ömər koxa müxtəlif dövrlərin sınağından əzmkarlıqla çıxmışdır. İsmayıl Şıxlı Ömər koxa ilə milli koloriti özündə ehtiva edən əsl müdrik Azərbaycan kişisi obrazını yaratmış və onun xarakterik cizgilərini incəliklə vermişdir. Ömər koxanın Çiraqlıların ağsaqqalı kimi sözü həmişə kəsərli olmuş, sayılıb-seçilmiş və böyük rəğbətlə qarşılanmışdır. Onun qoynunda boya-başa çatdığı yerlər, at oynatdığı çöllər, Kür çayı, Qarayazı, Ceyrançöl, Naltökən yaylağı, Noylu bulaq, qapısında saxladığı var-dövlətə göstərdiyi xüsusi diqqət romanda əhatəli şəkildə təsvir olunmuşdur. Ömər koxa nəvəsi Ələddinin ölümündən çox sarsılır, hətta düşünür ki, Həsən ağa birdən namərd iş tutar. Bu daxili iztirab onu ölənə qədər rahat buraxmır. Ələddinin nişanlısı Qarateli onun qəbiri üstə görəndə belə qərara gəlir ki, o, bizim ocağın qismətidir. Buna görə də oğlu Şamili yanına çağırıb qızı kiçik oğluna almasını məsləhət bilir və Şamil də atasının sözünə əməl edir. Ömər koxanın həyətində iki gün toy çalınır. O, öləcəyini hiss etdiyini üçün atını minib keçmişdə gəzdiyi yerləri gəzib-dolaşır və evinə qayıdır. Gəlini onun ayaqlarını isti su ilə yuyur və dırnaqlarını tutur. O, yerinə uzanıb Şamili yanına çağırtdırır. Şamilə vəsiyyət edərək deyir ki, tez get gəlini gətir, mənim ölümümü toydan sonra bildir və çalış sakitlik olsun. Qaratel Ömər koxanın öldüyünü eşidib gərdəkdən çıxaraq Kürə tərəf qaçır. Alan da onu izləyir. O, özünü qayadan atıb öldürür və Alan onun meyitinin yanında durur.

Yazıçı iki nəslin (Alqazaxlılarla Çiraqlıların) keçmişi, bugünü və gələcək taleyini müəyyən fraqmentlərlə sərgilərmişdir. Bundan əlavə çar rusiyası, müsavat, cümhuriyyət və totalitar sovet dövlətlərinin iqtisadi-siyasi mənzərəsini də göstərmişdir. Hadisələrdən danışarkən bəzən müəllif əsas süjet xəttini dayandırır və keçmişdə baş vermiş bir əhvalatı söyləyir. Məsələn, Alqazaxlılarla Çiraqlıların milli yaddaşında yaşayan və icra edilən "alt tumanın itməsi" gəlinlərin ölümə məhkum olunmaları və Alqazaxlıların ayğır atı ilə Çiraqlıların ayğır atının Kür qırağında dalaşmaları və üç gün tayfalar arasında atışmanın getməsi və sair əhvalatlar. Bu hekayələri İsmayıl Şıxlı romana daxil etməklə əsərin ümumi süjet xəttindən kənara çıxır. Ancaq əslində bu yardımçı hadisələr müəyyən obrazların özünəməxsus keyfiyyətlərinin açılmasına xidmət edir. Güllü xanımın Ömər koxa ilə bağlı bir hadisə yadına düşür. Kiçik gəlinin alt tumanı itəndə Ömər koxa çox əsəbi hal keçirir. Düşünür ki, kimsə bu işi düşmənçiliklə edib, Güllünün bibisi tumanı camış yediyi Güllüyə deyir. Güllü də gəlinə bunu xəbər verəndə Ömər koxa onun gəlinlə danışdığını görür. Ondan gəlinə nə dediyini soruşur. Güllü tumanı camış yediyini gəlinə xəbər verdiyini Ömər koxaya bildirir. Bunu eşidən Ömər koxa təlaşdan azad olur. Tuman ərəmiyin qarnından çıxır. Ömər koxa gəlini evdən qovur. El dağdan arana qayıdanda gəlinin meyiti Gəmi qayanın altından tapılır. Kəndə adamları gəlinin ölümünü adı hal kimi qəbul edir. Ömər koxa uşaq olarkən Alqazaxlıların ayğır atı ilə Çiraqlıların ayğır atının Kürün qırağında dalaşması, Alqazaxlıların ayğırının Çiraqlıların ayğırını yerə yıxıb boynunu qırarkən Çiraqlıların nökəri Alqazaxlıların ayğırını boğazından xəncərləvurması, Alqazaxlılarla Çiraqlılar arasında üç gün atışma getməsi, Alqazaxlılardan Çıraqlılara ərə getmiş Həmayılın qardaşlarına patron, çörək, pendir, yağ və su aparması, ağsaqqalların dalaşanları barışdırması, Həmayılın evinə qayıtması əhvalatını xatırlayır.

Güllü xanım Çiraqlılardan olub Alqazaxlılara ərə getmiş geniş dünyagörüşlü, el ağbirçəyiridir. İsmayıl Şıxlı öz dövrünün müsbət cəhətlərini özündə cəmləyən bir insan kimi Güllü xanımı təqdir edir. Qadın olmasına baxmayaraq, qadın ləçəkli, kişi qeyrətli bir xanımdır: sözü bütöv, əməli saf. Oğlu Həsən ağanın əlindən xəta çıxır.Ömər koxanın nəvəsi Ələddini ovda təsadüfən güllə ilə vurub öldürür. Güllü xanım cəsarətlə sinəsi irəli verib hər şeyi yoluna qoyur. Ələddini oğlu kimi el qaydası ilə yudurdub-kəfənlədir və cənazənin önündən əynində qara paltar, əlində əsa Ömər koxanın həyətinə gedir. Ömər koxanın əlindən öpüb bu işin təsadüf nəticəsində baş verdiyinə onu inandırır. Bu ürəkdən olan kədəri hiss edən Ömər koxa Güllü xanımın ailəsini və oğlu Həsən ağanı bağışlayır.

Yazıçı totalitar sovet rejiminin ilk illərində "Troyka" qərarları əlində olan insan qatili, cəllad Fətullayevin törətdiyi cinayətlərin sayı-hesabı olmadığını açıb göstərmişdir. Ciddi səbəb olmadan Çoban Kərəməli, Aşıq Qarnet, Hümmət və Dursun dəfələrlə cəzalandırılırmış, Fridun bəy Köçərli, Halay bəy, Çapıq Əmrah və başqaları günahsız müqəssirlər kimi güllələnmişdir.Fətullayev üçün heç bir insan önəmli deyil. Hər kəsə "müzür ünsürü" damğası vurub ya güllələdir, ya da Sibirə sürgünə göndərir. O, özünə Yoldaş Fətullayev deyərək hər kəsi təhdid edir, günahkar sayır və rayonun bütün vəzifəli şəxslərinin onun sözü ilə oturub-durmasını istəyir. Onun amalı keçmişdən gəlmiş bütün insanları ortadan götürməkdir. Ona görə hərkəs sovet dövlətinin düşmənidir. İsmayıl Şıxlı Fətullayev obrazı ilə sovet çeksinin qaniçən, cinayətkar bir ünsür olduğunu bəyan etmişdir.

İnqilabi komitəinin sədri Kabı Kəsəmənli xalqını dərin məhəbbətlə sevən, əsl vətənpərvər, sədaqətlik simvolu olan bir insandır. Fətullayevin haqsız yerə Halay bəyi güllələtməsi xəbəri Kabı Kəsəmənlini çox sarsıtdı. Bunun nəticəsi olaraq Kəsəmənli Fətullayevi kabinetində güllələyib  öldürür və qaçaqlara qoşulub Arazın o tayına keçir.

Qəza firqə komitəsinin sədri Abdal kişi, kənd firqə sədrləri: Qaybalı kişi və Mustafa kişi Fətullayevin yuxarı təşkilatlara onları satacağından çəkinirlər. Fətullayev hər an onları təhdid edərək öz murdar əməllərinə qoşmağa çalışır. Onun aləmində hər məsələ onun düşündüyü kimi olmalıdır. Axı onun əlində "Troyka"nın möhürlənmiş ağ qərarları var. Hər kəsin adını oraya yazıb güllələnməyə, ya da Sibirə sürgünə göndərə bilər.

İsmayıl Şıxlı "Ölən dünyam" romanında sahibinə sədaqətli Alan adlı iti də yad etmişdir. Bu it sanki hər hərəkəti əvvəlcədən duyur, ona qarşı həssas münasibət bildirir. Ələddin ölərkən onun meyitinin yanında durması, qəbirinin üstünə getməsi, Qaratelin dalınca gedərək meyitinin yanında durması, Söhrabı Keçəl Xondulu şallaqla vurduğunu görüb atın üstünə atılıb onu yerə salması və qırtlağını deşiyi üçün Keçəl Xondulunun ölməsi, sonda Həsən ağanın yanına gəlməsi və sair olayları müəllif çox maraqlı anlar kimi səciyyələndirmişdir. Onu Həsən ağa ailəsinin düşmənlərdən qoruyucusu və keşikçisi kimi təqdim edir. Alan it olmasına baxmayaraq, Keçəl Xondulu kimi yaramaz insanlardan sədaqətli və etibarlıdır.

Əsərdə Qönçə, Həmayıl və Qaratel kimi ailəsinə, sevgisinə, elinə məhəbbət bəsləyən qadınlar da vardır. Yazıçı bu üç qadının hər birinin özünəməxsus xüsusiyyətlərini hadisələrin gedişində əməli şəkildə göstərmişdir.

"Ölən dünyam" da Qaymaqlı kəndinə gələn Mürsəl müəllimi yazıçı xüsusi şövqlə təqdim edir. Seminariyanı yeni bitirib kəndə işləməyə gələn Mürsəl müəllim qurub-yaratmaq eşqi ilə çarpışan mübariz bir gəncdir. O, çalışır ki, şagirdlərini yeni ruhda tərbiyə etsin, onların dünyagörüşündə yeni, parlaq səhifələr açsın. Ancaq cəhalət, köhnəliyi qorumağa çalışan şər qüvvələr onun yolunu bağlayır. Otaqdan tapdığı qrammofonda Cabbar Qaryağdı oğlu və Keçəçi oğlu İslamın mahnılarına rast gəlir. Onları oxudub uşaqların musiqiyə həvəsini artırmaq istəyir. Hətta məktəbdə "Hacı Qənbər" tamaşasının verilməsinə də nail olur. Kənddə yeni abi-hava yaratmağa çalışır. Çapıq Əmrah məktəbə gəlib onu hədələyir. Deyir ki, qrammofonu bir də oxutma, o da Novruz bayramına qədər oxutmur. Novruz bayramında uşaqlarla birgə təm-taraqlı şənlik təşkil edir və qrammofonu oxudur. Gecə gəlib Mürsəl müəllimi öldürür və qrammofonu da qırırlar. Üçitel kəndin məscidinə gedib mollaya müəllimin öldürüldüyünü desə də, molla meyiti gəlib götürmür. Kənd camaatının köməkliyi və Üçitelin rəhbərliyi ilə Mürsəl müəllim el adəti ilə dəfn edilir.

"Ölən dünyam" romanında Müstəqil Azərbaycan dövlətinin yaranması uğrunda Gəncədə, Şəmkirdə və digər yerlərdə aparılan azadlıq mübarizəsi xüsusi detallarla verilmişdir. Müstəqillik fədailəri Xudadat bəy, Aslan bəy Səfikürdski, Cavad bəy Şıxlınski, Cahangir bəy Kazımov, Məmməd Mirzə Qacar, Rüstəmbəyli Şəfi bəy, Adıgözəl İmamverdi bəy, Çapıq Əmrah, Sarı Ələkbər, Qaçaq Qənbər, Topalhasanalı Cabbar, Topalhasanalı Xallı Heydər, Qabaxtəpəli dəli Xəlil, Tatoğlu Həsən, Qara Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu Məmmədəli və başqalarının gördüyü fədakarlıqlar da əsərdə yer almışdır.

İsmayıl Şıxlı romanda zümzüməli və qımqımlı kəndlər olan Qaymaqlı və Şıxlını, İncə dərəsin,Acı dərəni, Gəmi qayanı, Naltökən yaylığını, Noylu bulağı, Kür çayını və onun ətrafında yerləşən meşəni, Qarayazını, Ceyrançölü və sair yerləri təbii lövhələrlə vəsf etmişdir.

"Ölən dünyam" romanının epiloqunda İsmayıl Şıxlı simvolik deyimlə gələcəyə gedən yola işıq salmışdır. Bu yolun davamçıları Söhrab müəllim və onun şagirdləridir. Kəndinə dönən Həsən ağa evindən nişanə tapa bilmir. Uzaqdan əkdiyi çinar və tənəngi görür. Çinarın yanına gəlib dibində oturur və kürəyini onu söykəyir.Həsən ağanın gəlişini duyan Alan nəsli də onun görüşün gəlir. Alan nəsli Həsən ağanı görüb əlləri üstə yataraq ona sarı sürünür. Həsən ağa onun başını sığallayır. Qoca Məmməd kişi Həsən ağanı tanıyıb onunla hal-əhval edir. Oğlu Söhrabın kənddə məktəb direktoru işlədiyini söyləyir. Uşaqlar Söhrab müəllimə atasının gəldiyini xəbər verirlər. O da sevinərək atasının yanına qaçır. Ancaq artıq gec idi. Atasının əli Alanın başında ədəbi yuxuya getmişdir. Söhrab bu halı görüb sarsılır və atasına sığınır. Həsən ağa, Söhrab və Alan sanki çinar dibində heykələ dönmüşdülər. Güllü xanım da Sibir meşəsində bir təpənin döşündə Şam ağacının altında uyuyurdu. Güllü xanımın Şam altında, oğlu Həsən ağanın isə çinar dibində ədəbi yuxuya getmələrini İsmayıl Şıxlı heyrətamiz və nisgilli bir notla canlandırmışdır. Bu günahsız müqəssirlərin başına açılan fəlakətlər tarixin səhifəsində ürək dağlayan bir nisgil kimi hələ də yaşayır. Kür çayı isə heç nəyə əhəmiyyət vermədən həmişəki kimi asta-asta öz ahəngilə axıb gedir. İsmayıl Şıxlı epiloqda bu hadisələri incələməklə keçmişlə gələcək arasında təməli möhkəm qoyulmuş körpü salmışdır. Bu körpünün üstündə neçə-neçə sonu görünməyən ağır el-oba karvanları gəlib keçmiş və gələcək də keçəcəkdir.

"Ölən dünyam" romanına dil baxımından nəzər saldıqda xalqımızın canlı danışığının nümunəsini görürük. Hər bir obrazın danışdığı aydın, sözləri səlist, oynaq və ürəkləri riqqətə gətirəndir. Əsərin dilində kamil nitqin bütün meyarları gözlənilmiş, üslubi məqamlar qorunmuş, təbbi, xalq ifadələrindən yerli-yerində istifadə edilmişdir. Lakonik, incə deyim və yozum tərzi əsərin əsas leytmotivini təşkil edir. İsmayıl Şıxlı hər bir söz və ifadəyə həssaslıqla yanaşmış və maraqlı birtəhkiyə üsulu ilə hadisələri söyləmişdir. Bu da əsərə xüsusi təravət verir. Ümumiyyətlə, "Ölən dünyam" romanı hər bir məziyyətlərinə görə dövr və zəmanəsinin barometri rolunu oynayır. Məsələlər aydın və canlı şəkildə sərgilədiyi üçün əsərdəki əhvalatlar daha da oxucuları özünə yaxından bağlaya bilir. Bütün olaylar: sönən ocaqlar, qalan izlər tarixin yaddaş səhifəsində ədəbi yaşayır. "Ölən dünyam" romanı da bu hadisələri yenidən gündəmə gətirir, yaddaşları təzələyir.

Sabir Rüstəmoğlu (Məmmədov),

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti, AYB və AJB üzvü

sabir-rustemoglu

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN