...1906-ci il aprelin 7-də nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı  Mirzə  Cəlilin həyata, dünyaya münasibətinin yetkin ifadəsi kimi meydana çıxdı.

O dövrdə yazıçı-şair daha çox eləsi hesab edilirdi ki, yazılarında ərəb-fars sözlərini bolluca işlətsin, yazdıqları daha çox mürəkkəblik ifadə etsin.  Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatın dilini xalq ruhuna, xalq dilinə yaxınlaşdırdı, qovuşdurdu. Böyük yazıçı anlaşıqlı dildə xalqın fəlakətinin səbəblərini göstərməyə çalışırdı.

Jurnaldakı karikaturalar məhz C.Məmmədquluzadənin ideyalarının rəsssamlıqda ifadəsi kimi meydana çıxır. O.Şmerlinq, İ.Rotter,  Ə.Əzimzadə kimi rəssamların yaradıcılığında həyatdan, məişətdən gələn obrazlar istər-istəməz folklor elementləri ilə zənginləşir,  mətnlə (felyeton, satira, hekayə və s.)  qaynayıb-qarışır,  onun  şəkilli ifadəsinə çevrilirdi.  

C.Məmmədquluzadə ömrünün sonunadək ulusal görəvə sadiq qaldı, Ulusumuzun mövhumatdan, cəhalətdən qurtulması, maariflənməsi, Vətən övladlarının yüksək təhsilə,  düşüncəyə yetməsi üçün dayanmadan çalışdı. Azərbaycan mətbuatı bir çox cəhətlərdən peşəkarlığa, professionallığa yüksəlsə də, hər halda etiraf etməliyik ki, milli dərdlərimizin “Molla Nəsrəddin”sayağı ifadəsini aşa bilməmişik. İnkişafın qaydasıdır ki, daim yeni nəsil yeni-yeni nailiyyətlərə yetməlidir. Bugünkü Azərbaycan jurnalistikasına, publisistikasına, ədəbi düşüncəsinə “Molla Nəsrəddin”sayağı dərdkeşlik, təəssübkeşlik hava-su kimi gərəklidir. Azərbaycan milli mətbuatının dərs götürüləsi ünvanlarından biridir.

***

 Jurnalın üz qabığında təsvir olunan karikaturada Molla Nəsrəddin yuxuya dalmış soydaşlarımızı göstərərək gülürdü. Təsvir olunanlardan bir neçəsi dərin yuxuya dalmış, biri durub gərnəşir, digəri isə yenidən yatmağa hazırlaşırdı. Bu,  jurnalın qayəsini, məqsəd-məramını son dərəcə anlaşıqlı şəkildə ifadə edən məharətli bir karikatura idi. Həmin karikaturanın müəllifi  Oskar Şmerlinqdir. Bu karikaturanın ən yaxşı izahı “Molla Nəsrəddin”in ilk sayında gedən, aşağıdakı misralarla başlanan şeirdir:

Tərpənmə amandır bala,  qəflətdən ayılma! Açma gözünü, xabi-cəhalətdən ayılma! Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Həmin məşhur karikatura Mirzə Cəlilin məşhur “Sizi deyib   gəlmişəm” yazısının şəkilli ifadəsidir. 

“Ədəm bağlarına keçid”: Bu karikatura jurnalın ilk nömrələrinin birinin üz qabığında verilib: gənc əfsanəvi Sirat körpüsündən keçir. Mərsiyəxanlar onu özlərinə tərəf çəkməyə çalışırlar. Cəhənnəmin alovları göyə bülənd olub. Ancaq bu dəmdə müəllim əlini uzadıb: aydınca görünür, gənc müəllimin köməkliyilə dəhşətli durumdan qurtulacaq. Buradakı xülyəvi düşüncəyə qarşı hələ 118 il öncə böyük Mirzə Cəlilin görümüylə ərsəyə gələn karikaturada dini mifologiyanın sərhədi gerçəklik məntiqiylə aşılır, ulusal düşüncə hər cür yad düşüncənin üzərində yüksəlir. Jurnal demək istəyir ki, oxumaq, təhsil almaq yurddaşlarımızın gözünün açılmasına səbəb olacaq: ona görə ki, ölkələr, xalqlar yalnız bu yolla özlərinə tarix meydanında yer tutmuşlar.

***

Atalar sözləri, məsəllərin “Molla Nəsrəddin”sayağı təqdimi birbaşa karikaturaların məzmunu ilə bağlıdır: “Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır”; “Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə”; “Tısbağa qınından çıxsa, abrozovannı olar”; “Çox yaşayan çox bilməz, çox yatan çox bilər”; “Yuxulu baş salamat olar”; “Müsəlmana gecə-gündüz birdir”; “Qız uşağının canı, qardaş çomağının qurbanı” (“İran işləri”); “Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin”;  “Lalın dilin molla bilər”; “Mollaya plov de,  Marağaya qədər yol de”; “Xan arıxlayınca rəiyyətin canı çıxar”; “Özün bir iş görmə, görənləri də bəyənmə” (“Bir hacı”) ; “Düşmən bir tərəfdə bağrımızı yaranda, sən də o tərəfdən başını yar” (“Köhnə müsəlman”) ; “Hər oxuyan Molla Pənah olmaz, amma hər minbərə çıxan molla olar”.

Jurnalın 2-ci sayında it boğuşdurulması, qoç döyüşdürülməsi təsvir olunur, Molla Nəsrəddin də baxıb  gülür.  Şəklin müəllifi Rotterdir. Başqa bir şəkildə pələng, tülkü, canavar, ayı adam cildində qoyunu əhatələyib. Bu cür təsvirlər heyvanlar haqqında nağılları, ilk növbədə isə “Tülkü, tülkü, tünbəki” nağılını yada salır. Adam daxilindəki canavarlıq, tülkülük karkaturalarda bütün çılpaqlığı ilə təsvir olunub, oxucuda aydın təsəvvür yaradır. 

Folklorumuzda tənbəl obrazına daha çox nağıllarda rast gəlinir.  Eləcə də bu mövzuda “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” adlı meydan tamaşası var. “Molla Nəsrəddin”dəki bir karikaturada tənbəl kişinin obrazı məharətlə yaradılıb: arvad belinə uşağı sarıyıb, əlində, başında su qabı var. Yerdə bundan böyük bir uşaq təsvir olunub. Kişi deyir: “Arvad, allah sənə lənət eləsin. Bu uşaq baş-beynimi apardı, gəl bunu da götür dalına”.

Rotterin başqa bir şəklində 3 kişi oğullarıyla yemək yeyir, ananın isə belində uşaq var, iş-gücün əlindən hələ ki, yemək yeyə bilmir. Burada qadın hüquqsuzluğu tənqid olunur. 

Başqa bir karikaturada Molla Nəsrəddinin döyülməsi təsvir olunur.  Şübhəsiz,  bu,  M.Cəlilin  “Niyə məni döyürsünüz?” felyetonu ilə bağlı çəkilib. Şəkil  “Mıxdakı dananı döyərlər” məsəlini  yada salır.  

İslam dinindən gələn bir çox ehkamlar Azərbaycan folklorunda da ifadəsini tapıb.  Folklorun bir çox janrlarında bunun təsirini görürük. Jurnalda insanın dinsayağı həqiqətə yetməsi, din mifologiyasının məntiqinə əsasən “o dünyaçılığa” köklənməsi mahiyyətcə tənqid olunur, insanların həyata,  gerçəkliyə ayıq, yaradıcı, ümidli baxması tövsiyə olunur. 

İnsanın dindarlaşdıqca keçdiyi  “kamilləşmə” mərhələsinin əksini tapdığı karikaturada obraz 14  yaşında  dünyaya heyran-heyran baxır.  24  yaşında artıq dərvişdir,  44 yaşında əmmaməli molladır,  saqqal da ona zahiri möhtəşəmlik verir.  64 yaşında  kökəlib,  saqqal uzun, “müdriklik məqamına” yetib.

Divanxananın təsvir olunduğu karikaturada qazılar sırayla oturub. Kasıbların halı üzlərindən aydındır. Onlara baxan yoxdur. Bilirlər ki, kasıbda pul olmur. Bir qazı yarızor, yarıxoş onların dərdini “dinləyir”.  Ancaq  2  qazının diqqəti bu tərəfdə kəbin kəsdirməyə gəlmiş adamdadır.  Birinin əlində kəllə qənd var. Qadın çarşablıdır, bir az aralıdadır.  Görünür, bir neçə nəfər şahidlərdir. Burada “Molla aşı gördü, Quranı yaddan çıxardı”  kimi məsəl  yerinə düşür.

Başqa bir şəkil “Məclisi - ədəb.  Mollaların məclisi” adlanır. Mollalar əmmaməli, sırayla oturublar. Hiss olunur ki, onları mənəvi məsələlər düşündürmür.

***

Molla xəstəyə deyir:

- Əzizim, sizin azarınız zatül-mütləqülliqlədir.

Kitab oxuyur:

-Bu duanı qaynat,  suyunu iç, iki saatdan bir  de: Ya qədduh, ya bədduh…

Burada insanın avamlığı tənqid olunur.

*** 

Ananın oğluna laylay deməsi: “Lay-lay quzum, lay-lay gözüm, yatginən, əfsunları müsəlmana satginən”.

Folklordan gələn layla janrının ironik şəkildə ifadəsi “Molla Nəsrəddin” üslubunda maraqlı, gərəkli bir tərzin yaranmasına səbəb olur.

Uyğun karikaturalara diqqət yetirək:

Bir karikaturada bəy yatıb, qulağının dibində bərkdən çalınan musiqiyə,  hay-həşirə  oyanmır. Yanındakı şüşədə şərab var.  Biri ayağını ovuşdurur.

***

Birini döyürlər, oyanmır.

Molla Nəsrəddin:  “Döyməkdən yorulduq, ağacım  sındı, amma bu biçarə xabi-qəflətdən ayılmadı”.

Avamlıq tənqid olunur.

Jurnalda xoruz, it, qoç döyüşdürülməsi ilə bağlı karikaturalara rast gəlirik.  Azərbaycan məişətində vaxtaşırı rast gəlinən bu cür məqamlar folklorumuzda var, qaynağını burdan götürür.

  ***

“Aftafa – Nuh əyyamından işlənir. Vəzni iki put 12 girvənkə”. Buradakı “Nuh əyyamı” ifadəsi uzaq keçmişə işarə edir,  folkorda geniş işlənən motivdir. Yəni indi də bu cür davranışlara rast gəlinir.  Tənbəllik, başqasına yarınmaq, haramxorluq, müftəxorluq kimi keyfiyyətlər “Molla Nəsrəddin”in başlıca tənqid hədəflərindəndir.

10-cu sayda təsvir olunur ki,  pəhləvanlar  meydan sulayır. Zurna çalınır.  Adamlar həyəcanla nə olacağını izləyirlər. Bu məqam dastanlarımızda pəhləvanların meydangirlik etməsinə oxşayır, folklordan gəlir. Ancaq jurnalın hədəfi insanlarımızın gözünü açmaq, həyata ayıq münasibət bəsləməyi yaratmaqdır. 

***

Şikara gedən bəy ildırım kimi yollardan keçir. Bəyliyini mahir ovçuluğuyla sübut edəcək. Burada yada düşən məsəl: “Xalx gedib  quş gətirir, Şaqqulu bayquş gətirir”. 

Bir şəkildə təsvir olunur: Adamlar polisin əlini öpür. Başqa şəkildə polis onları döyür. Jurnalda uyğun məsəl  verilib, şərhə ehtiyac qalmır: “Hər nə salarsan  aşına, o çıxar qaşığına”. 

15-ci sayda arvad tonqal qalayıb, uşağı tonqalın üstündən tullanır. Od xalq düşüncəsində insanı daxilən təmizləyici motiv olaraq aparıcıdır. Burada üzərliklə bağlı inanc verilib: “Üzərliksən, həvasən, hər bir dərdə dəvasan”. 

26-cı sayda təsvir olunur ki, 6 nəfər iri qabdakı yeməyi yeyib qurtarıblar. Axırda “Mən ölüm, sən ye” başlayır. Burada yada düşən atalar sözü: “Yeməynən  doymayan yalamaqla doymaz”.

36-cı sayda “Günün tutulmağı” adlı karikaturada adamların dəhşətli həyəcanı təsvir olunur. Folklorda bu mövzuda mifoloji mətnlər var. “Molla Nəsrəddin” adamların avamlıqdan hələ də günəşin tutulmasının səbəbini bilmədiklərini yazır. Karikaturanın altında yazılb:  “Rəhmin gəlsin bizə, ay allah”.

Jurnalın bütün saylarını təhlilə cəlb etmək imkan xaricindədir. Bütün hallarda belə qənaətə gəlmək olar ki, “Molla Nəsrəddin”in qaldırdığı, mətbuata gətirdiyi problemlər çağımız üçün də çox aktualdır.  Jurnaldakı yazıların karikaturalarla  müşaiyəti,  ya da ki, bu və ya başqa yazılardan asılı olmayaraq müstəqil karikaturaların verilməsi insanların düşünməsinə, müəyyən qənaətlərə gəlməsinə ciddi təkan verirdi.  

Ötən yüzilin əvvəllərində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ö.F.Nemanzadə və b. ulusun çatışmazlıqlarının tənqid yoluyla islah olunacağına inanırdılar. “Molla Nəsrəddin”in qaldırdığı, mətbuata gətirdiyi problemlər çağımız üçün də çox aktualdır. Azərbaycan ictimai düşüncəsinin bundan sonrakı mərhələsində də ulusal qayğılarımızın “Molla Nəsrəddin”sayağı dərdkeşliyini, təəssübkeşliyini inkişaf etdirməliyik.

İşıqlı ATALI

(Xüsusi olaraq "Təzadlar" üçün

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN