Şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovun qadınların kişilərdən gücsüzlüyü, zəifliyi, hətta şahmat oyununda belə geri qalması (“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?" - Ş.Məmmədyarov) ... barədə səsləndirdiyi fikirlərə sosial şəbəkə istifadəçiləri müxtəlif rəylər bildirirlər...
Məsələ gündəmdən düşmür... Əlbəttə, yanaşmalar da müxtəlifdir: hər kəs öz dünyağörüşünə, düşüncəsinə görə...
Lakin jurnalist, yazıçı -publisist Mehriban Vəzir sosial media hesabında qalmaqllı müsahibəyə o qədər incə yanaşıb və zərif münasibət bildirib ki, fikrimcə, bu polemikaya, replikalara, qalmaqala nöqtə qoymağın vaxtı çatıb!
Mehriban Vəzir yazır:
"Qadın - kişi arasındakı fərq... yaradanın düzənidir. Lazım bilsəydi, tərəzinin gözünü cüt tutardı. Lakin o zaman Öz Düzəni - Yer Tablosu pozulardı.
Lazım bildi və kişiləri daha güclü yaratdı və məsuliyyət yüklədi. Qadınlara isə yarım kilo ətdən həftənin yeddi günü qazan asıb oğullarının qarnını tox tutmaq hünəri verdi.
Heç bir kişinin yapa bilməyəcəyi bu misilsiz fəndi yüklədi qadına. Bu üzdən ağlı salim kişi qadını özündən zəif hesab etməz. Yanılıb etsə də... yüklənmiş məsuliyyətini dərk edən... dilə gətirməz!
Sənin varlığının, uğurunun tam yarısına çiyin verən o nazlı vücud necə zəif ola bilər axı?!
Ağlı salim qadın da ağlı salim olmayana baş qoşmaz, gülər keçər, "güclüyəm" deyəcək qədər zəiflik göstərməz!
Xoş halına... İlahi Düzənin incəliklərini, sehrini, sirrini, gözəlliyini görə bilənlərin... görə bilib duya bilənlərin... duya bilib heyran ola bilənlərin... xoş halına..."
Bəli, xoş halına bunu anlayan hər bir kəsin...
Y.Məmmədli