Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” layihəsi davam edir.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair, publisist, tərcüməçi, AYB-nin Quba bölməsinin və “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı layihə çərçivəsində “Şuşalı Vətən” şeirini kitabxanaya təqdim etdi. Şeirdə şair Şuşanın içində qurulan bayraq rənglərinə bürünərək Vətənimizə qayıdan azad Şuşanı təsvir edir. Xarıbülbülün gözlərindən öpərək, dahi Üzeyir bəyin dağları oynadan uvertürası ilə Bülbülün səsi, Xanın zənguləsi, Çahargah nərəsi, Segah naləsi, hər daşının üstündə şəhid nəfəsi, hər daşın altında şəhid qanı olan Zəfər çələngli Şuşa tərənnüm edilir.

 

Ramiz Qusarşaylı

 Şuşalı Vətən

 

Ad Şuşa adıdı, yol Şuşa yolu,

Gün Şuşa günüdü, il Şuşa İli.

Şuşanın içində Şuşa qurulur,

Şuşanın içində Şuşa tikilir.

 

Öpüb ulduzunu, öpüb ayını

Öpüb hər rəngini çəkir gözünə –

Göyü, qırmızını, yaşılı Vətən.

Nə gözəl sayrışır Şuşada bayraq,

Nə gözəl səslənir Şuşalı Vətən!

 

Yırtıb çadır-çadır şəhərcikləri

Abır şəhərinə qayıtdı Şuşa,

Öpüb gözlərindən Xarıbülbülün

Cıdır şəhərinə qayıtdı Şuşa.

 

Süzüb Xankəndini Xan şəhərindən,

Dikəldi yerindən Pənahəli xan,

Sildi Natəvanın göz yaşlarını,

Hayqırıb Vaqifin məqbərəsindən

Bir-bir salamladı yurddaşlarını.

 

Silkinib içindən kükrəyir Şuşa,

Başlanır şəhərin yeni erası,

Yerinə qayıdır Üzeyir bəyin

Dağları oynadan uvertürası.

 

Min bəstə üstündə tikilir Şuşa,

Şikəstə üstündə tikilir Şuşa,

Yerinə qayıdır Bülbülün səsi

Yerinə qayıdır Xan zənguləsi,

Çahargah nərəsi, Segah naləsi.

 

Çıxır azadlığa damlanan damlar,

Damlanan qapılar, o ah yerləri,

Silinir üzündən günah yerləri,

Hasarlar yerinə qayıdır indi,

Yenidən qurulur gorgah yerləri,

Məzarlar yerinə qayıdır indi.

 

Alıb bir-birindən yurd halallığı

Yerinə qayıdır binə daşları,

Alıb bir-birindən dərd halallığı

Yerinə qayıdır sinə daşları...

 

Yerinə qayıdır çəmənin ətri,

Yerinə qayıdır meşənin ruhu,

Yerinə qayıdır Vətənin ətri,

Yerinə qayıdır Şuşanın ruhu.

 

Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.

Şuşanın nəfəsi igid nəfəsi

Şuşanın ər şözü, hürr dastanı var.

 

Öpüb ulduzunu, öpüb ayını

Öpüb hər rəngini çəkir gözünə –

Göyü, qırmızını, yaşılı Vətən.

Nə gözəl görünür Xankəndi indi,

Nə gözəl sayrışır Şuşada bayraq,

Nə gözəl səslənir Şuşalı Vətən!

 Yasəmən Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN