Türkiyənin Show TV kanalında yayımlanan məşhur "Bahar" teleserialının ötən günkü - 19-cu seriyası azərbaycan tamaşaçıları üçün xoş sürprizli olub.
Belə ki, ekran işini ərsəyə gətirən MF YAPIM şirkəti Azərbaycandakı tamaşaçılarını şad edib. Yönetmeni Neslihan Yeşilyurta, ssenarisi Ayça Üzüm olan serialın adıçəkilən seriyasında ETÜT EGİTİM MERKEZİ -nin direktoru Reza bəyin kabinetindəki kitab rəfində Şuşamızın - ümumilikdə Qarabağımızın simvolu olan Xarıbülbülün yer alması izləyicilər üçün gözəl bir mesaj olub.
Beləliklə, yapımçıların bu jesti diqqətdən qaçmayıb və Azərbaycanın hər zaman sevincinə sevinən, kədərinə qəmlənən Türkiyədəki qardaşlarımızın bizə olan diqqəti kimi yadda qalıb.
Qeyd edək ki, türk seriallarında son illər davamlı olaraq Azərbaycanla bağlı hansısa xatırlatmalara rast gəlirik. Bu, bəzən tarixi hadisələrdən xatırlatmalar şəklində, bəzən Qarabağla - Vətən müharibəsi ilə bağlı, bəzən isə musiqilərimizlə, mahnılarımızla bağlı olur.
Xatırladaq ki, ikinci sezondur davam edən "Bahar" serialı Azərbaycanda da xeyli tamaşaçı kütləsinə sahibdir. Filmdə Demet Evgar, Buğra Gülsoy, Mehmet Yılmaz Ak, Hatice Aslan, Ecem Özkaya kimi sevilən və məşhur aktyorlar yer alıb.
Y.Məmmədli