Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirməklə, ümumilikdə şeirin obrazlı poetik sistemini qorumaq Məmməd Araz poeziyasının ilk nümunələrindən hiss edilməyə başlayır. Daha çox təbiət və məhəbbət lirikasına üstünlük verən şairin ilk mərhələdəki torpağa, vətənə bağlılıq hissini ifadə edən şeirlərində də konkret detallar və onların vasitəsilə təbliğ edilən vətənpərvərlik ruhu aparıcı mahiyyət daşıyır. Bu ruh onun valideynlərinə - ata və anasına həsr etdiyi şeirlərində də torpağa, vətənə məhəbbət hissləri ilə əlaqələndirilir, ümumiləşdirilmiş poetik məna kəsb edir.
“Anamdan yadigar nəğmələr” silsiləsi başdan-başa belə bədii tamlığa malik olmaqla ümumiləşdirilmiş səciyyə daşıyır:
Elə bil yarpağın dəyişib tamı,
Nanənin ətri də azalıb bir az.
Çağırın, çağırın əziz anamı,
Belə bağça olmaz, belə bağ olmaz.
Örüşdən quzular dönüb mələşir,
Boz inək axtarır səsini onun.
Yadıma bir sözüm, bir misram düşür,
Çırağı anaymış ata yurdumun.
Obrazlılığın kövrək təbiət detalları ilə ifadəsi Məmməd Araz şeirini əlamətləndirən əsas xüsusiyyətləridir. Obrazlı bəşəri ümumiləşdirmələrin səciyyəvi, təbiət hadisələrinin və detallarının incəliklərini hiss və dərk etmək bacarığı Məmməd Araz poeziyasının təsir gücünü, poetik mahiyyətini daha da artırır. Şairin bu dövrdə qələmə aldığı “Göy göl”, “Əlvida, dağlar”, “Bəzən unuduram”, ”İnsan”, “Bir il”, “Bülbülün səsi” və digər şeirləri məhz belə əsərlərdəndir.
Sırf təbiət şeirlərində yenicə kənddən gəlmiş gənc şairin həsrət motivləri daha qabarıqdır:
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə,
Ey qaragöz pəri, dalımca sən də,
Boylan, salamat qal, bax, salamat qal!
M.Arazın ilk şeirləri içərisində sonrakı yaradıcılıq mərhələlərində aparıcı mahiyyət daşıyan insan –təbiət qarşılığının rüşeymlərini üzrə çıxaran motivlərə də təsadüf edirik. Bu baxımdan, kiçikhəcmli “İnsan”şeiri böyük əhəmiyyət kəsb edir:
Mən getsəm dünyada uçrum yaranar,
Toyda da, yasda da görünər yerim.
Yay da bir ah çəkər, payız da yanar,
Qışda da, yazda da görünər yerim.
Mən getsəm, saç yolub dağların çəni
Ağlayar bir ana, bir bacı kimi.
Təbiət düşünər, düşünər məni,
Bir fiqur itirən şahmatçı kimi...
M.Arazın sonralar sistem halına düşən vətənin bütövlüyünə çağırış, cənub həsrətli şeirlərinin ilk rüşeym misraları yaradıcılığının ilk dövrlərində bərkiyib formalaşmağa başlayır. “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə tək çinar” şeirləri məhz belə lirik poema siqlətli sənət nümunələridir.
Dolğun ideya məzmunlu və vətənpərvərlik ruhu ilə yanaşı obrazlı ifadələrin yeniliyi və bədii səviyyəsi baxımından da bu şeirlər M.Arazın növbəti və daha səviyyəli yaradıcılıq mərhələlərinə qədəm qoymasından xəbər verir. Bu şeirlər həm də şairin vətəndaş narahatlığını nümayiş etdirir:
Su içmək üçündü,
Çay keçmək üçün;
İçilməz, keçilməz çayı su bilmə.
İnsanı ölümdən olan ölümün
Zəhmini insanın qorxusu bilmə.
Əsrimiz körpülər əsridir indi,
Pas atmış ağıllar quylanır yerə.
Mənim sularımın düzlüyü gendi,
Qabarıb hay salır lal sahillərdə.
Hələ ilk şeirlərindən insan və onu əhatə edən ictimai mühitin xarakteri ilə bağlı bəşəri problemləri qaldırıb onların özünəməxsus bədii həllinə çalışan M. Arazın 1960-cı illərin əvvəllərində qələmə aldığı “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “İllərdən bəri”, “Ömür karvanı” və s. şeirlərindəki obrazlı düşüncə tərzi, forma ilə məzmun vəhdəti daha çox diqqəti cəlb edən bədii elementlərdəndir. Analitik bədii təhlilə meyl edən şairin insan - dünya münasibətlərində qarşıya çıxan problemlər, taleyin saysız-hesabsız oyunlarının xüsusi bir sistem halında izlənməsi əsas yaradıcılıq istiqaməti kimi üzə çıxır:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik,
Bir zərrənin işıgına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
M.Araz keçmişi də, bu günü də düşünəndə ona yalnız şair qəlbi ilə yox, təfəkkür gözü ilə baxır, vətən oymağının hər zərrəsində məna axtarır. Onun hadisələrə bədii-fəlsəfi baxışı həmişə aparıcı mövqedə durur. Şairin xüsusi bir narahatçılıq hissi ilə dediyi:
Çox da tərifləmə bu qalacanı,
Axtar dünənimdə bu günü, axtar.
Kimin əlindəydi onda açarı?
Axtar, bu birinci düyünü axtar.
– poetik fikri tədricən dərinləşir, bəşəri narahatlığa çevrilir. Zaman keçdikcə bu səmimi hislər daha dərin mənalarla ümumiləşdirilib daha orijinal, ardıcıl və sistemli poetik obrazlarla ifadə edilərək “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” qənaəti ilə yekunlaşdırılır.
Beləliklə, deyə bilərik ki, Məmməd Araz sənətə gəldiyi gündən xalq onu əsl şair kimi sevib qəbul etmişdir. Öz əsərləri ilə Azərbaycan poeziyasına yeni ruh gətirən, onun inkişafına təkan verən Məmməd Arazın şeirləri hansı ictimai-siyasi quruluşda yaranmasından asılı olmayaraq onlar həqiqi sənət əsərləri kimi sevilmiş və poetik kəşflərlə, xalq məsəlini andıran aforizmlərlə, obrazlı poetik nümunələrlə zəngin əsl poeziya nümunələri kimi qəbul edilmişdir.
Vaqif Allahverdiyev,
ADPU- Ağcabədi filialının dosenti