Dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir. “Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib.

Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, - deyə A.Raimkulova əlavə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır. “Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, - deyə nazir vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycanda Türk dünyasının yazıçılarının əsərlərinə daim maraq olub. Bu günlərdə Bakıda türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan, ümumtürk dünyasının parlaq simalarından biri Çingiz Aytmatova həsr olunmuş böyük görüş keçiriləcək. Diqqətə çatdırılıb ki, Sultan Rayevin “Daşqın” əsərində “Nuhun tufanı yeni dövrdə baş versə nələr olar” axtarışında fikirlər irəli sürülüb. Kitabda əslində Nuhun tufanın müasir zamanda baş verdiyini göstərilir. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Kitabda, həmçinin süni intellektin gətirdiyi problemlər araşdırılır.

“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.

Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN