…Zəngilanda hamı onu belə tanıyıb, belə sevib. Buna el sevgisi deyirlər.

El sevgisi səmimiyyətlə könüllərin səyyarəsinə dönür. Atam deyərdi ki, elin əzizi olanlar Tanrının əziz bəndələrindəndir. Yeniyetməliyimdən belə insanlarla söhbətləşməyi, onların məsləhətlərini, tövsiyələrini eşitməyi özümə mənəvi borc bilmişəm. Asif Bağırovu mənə belə tanıdıblar, onu belə tanımışam, ona ehtiramım belə yaranıb. Bilmişəm ki, bu el oğulu – elin oğulu, eloğlu hazırcavab olub, hər sözün yerini bilib, deyiləsi olmayan sözü deməyib, ədalət naminə deyiləsi sözü deməkdən çəkinməyib...

Böyük Vətən müharibəsindən neçə on illər keçib. Bir vaxtlar bir mahnı səslənirdi, hamımızın ruhumuzun istəyi kimi dalğalanırdı: O illər dönməsin bir də geriyə. Müharibə olmasın deyə, ölüm-itim olmasın deyə, şəhərlər, kəndlər dağıdılmasın deyə. Dünyəvi mahnı kimi, bəşəri mahnı kimi könüllərdə də səslənirdi. Harda torpaq tamahı varsa, harda siyasi ilhaqa meyil varsa, orda döyüşlər olur, döyüşlər müharibə həddinə də çatır...

Vətən müharibəsindən sonra yaşanılan illər ağır illəriydi. O illər müharibənin ağrı-acılarının aylara, ayların illərə, illərin ömürlərə yük olduğu illəriydi. O illər səhərlərin qayğılarla açıldığı illəriydi, gecələrin qaranlığını zülmətləşdirən illəriydi. O illərin çıraqlarını yellər tez söndürürdü. Böyük Vətən müharibəsindən sonrakı ilk illər də belə illəriydi. O illərin də güzəran ilməsi düyün düşməkdəydi. O illərdə bulaqlar belə çağlamırdı, yellər belə əsmirdi, gecələrin qaranlığı göz küsdürürdü, yollar ayaqlar altından qaçırdı, ağaclar belə yarpaqlamırdı, çiçəklər belə ləçəkləmirdi. Müharibədən sonrakı ilk illəriydi o illər...

***

1947-ci il yanvarın 1-də Zəngilanın Pirçivan (indiki Zəngilan şəhərində) kəndində Kərim kişinin ailəsində anadan olmuş uşağa Asif adı verdilər. Bu sevincin gözaydınlığı evin çəpərlərini aşıb qohum-əqrəbanın da sevincinə döndü. Müharibənin yaraları belə xəbərlərlə qaysaqlayırdı. Pircivanlılar döyüşdən qayıtmayanların qəhərini sözlə ifadə etmədən yaşadırdılar. Bu da əzizlərinin, eloğlularının ruhuna sədaqət idi. Belə illərin içində böyüyürdü Asif Kərim oğlu...

Asif Kərim oğlu 1966-cı ildə Zəngilan qəsəbə orta məktəbinin 11-ci sinfini bitirdi. Ağsaqqallardan eşitdiyi bir kəlam onun da yaddaşındaydı: Çətin günü alın təri ilə dağlayanların sabahları daha işıqlı olur, oğul. Alın təri, işləmək, ailəyə dayaq olmaq – o yaşda bunları dərk etmək hər oğula nəsib olmurdu. Asif bu kəlamı oxuduqlarının, öyrəndiklərinin davamı bilirdi. Yoldaşları harda təhsil alacağını soruşanda təmkinlə, bir qədər də düşüncələrlə “Təhsil alacam, ancaq indi yox, sonra...” – deyirdi. “Niyə sonra?” – soruşan olsaydı gülümsünərdi, heç nə deməzdi...

zengil-1

…Təhsil almağa getmədi, işləməyə getdi. Onu Zəngilan rayon Mədəniyyət şöbəsində avtoklub müdiri vəzifəsinə təyin etdilər. Bu təyinat onun ömürlüyünün başlanğıcı oldu. Həyatda heç nə təsadüfən olmur, hər təsadüf fəlsəfi dərk olaraq hər hansı zərurətin nəticəsidir. Asif Kərim oğlu musiqiyə bələd olmasaydı, təşkilatçılıq qabiliyyətinə inanmasaydılar onu bu vəzifəyə təyin etməzdilər. Böyük pedaqoq Abdulla Şaiq deyərmiş: Müəllimin necə müəllim olması ilk dərs gününün ilk saatından bilinir. Bu gözəl tezisi bütün sahələrə şamil etmək olar (edilməlidir). Asifin işə münasibətini gördülər, bacarığını, işi təşkiletmə qabiliyyətini gördülər. Bir müddətdən sonra Asif Bağırovu bədii rəhbər vəzifəsinə təyin etdilər – yaxşı musiqi duyumu vardı, süjetlərin dramaturji xəttini ayırd edə bilirdi, onları ideyalı məcraya yönəltməyi bacarırdı, səhnə mədəniyyətinə bələd idi... Bu təyinat Asif Bağırovu Zəngilan ictimaiyyətinə daha əhatəli tanıtdı...

***

Ali təhsil almaq istəyirdi. Bu istəkdən hələ heç kimin xəbəri yox idi. Harda, hansı ixtisası seçməli? – bu suallar onun düşüncələrini iki il tarımda saxlamışdı. Təhsil almaq xətrinə təhsil almağı insanın özünü aldatması adlandırırdı. “Sevmədən ixtisas seçmək sevmədən işləmək deməkdi, sevmədən işləmək mümkün olmayacaq sevilmək iddiası...” – Asif Bağırov könül söhbətlərində dostlarına belə deyərdi. Orta məktəbdə oxuyanda tariximizi sevmişdi, bu sevgi onun Vətənə sevgisini durulaşdırmışdı, müəllimlərini sevmişdi – müəllimliyi sevmişdi. V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) tarix fakültəsini seçdi. Qiyabi təhsil alacaqdı. Qəbul olundu...

Asif Bağırov yaxşı qarmon ifaçısı idi. Qardaşı Şəhriyardan öyrənmişdi, Zəngilan rayon yeddiillik musiqi məktəbinin 1963-1967-ci illərdə müəllimi və direktoru olan Məcnun Kərimovun (sonralar Məcnun Kərimov “Qədim musiqi alətləri“ Dövlət ansamblının yaradıcısı və bədii rəhbəri olub, Azərbaycan Respublikasının Xalq artisti adıina layiq görülüb) ustadlığıyla püxtələşmişdi. Qarmona həvəs aludəliyə, aludəlik musiqiyə sevgiyə çevrilmişdi, bu sevgi Zəngilanda ilk xalq çalğı alətləri ansamblının yaranmasına vəsilə olmuşdu. 1979-cu ildə Bakı zona Komsomol məktəbini bitirən Asif Bağırov xatırlayır ki, 1989-cu ilin aprelində Zəngilan rayon partiya Komitəsinin birinci katibi Tofiq Mehdiyevin təşəbbüsü ilə rayonda müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblını yaratmaq ona tapşırılıb. Asif Bağırov ansamblı yaradıb. O illərdə belə ansamblların tanınması, şöhrətlənməsi muğamlarımızın, xalq və bəstəkar mahnılarının ifası ilə məhdudlaşmırdı, səhnəciklər də göstərilirdi və bu, teatra, böyük incəsənətə maraq yaradırdı. Bu ansamblın solistlərinin (Həcər Hüseynova, Aşur Adıgözəlov, Tamam Bəşirova, Cəlil Məmmədov) ifalarını Məhəmməd Hüseynovun və Yavər Paşayevin göstərdiyi səhnəciklər tamamlayırdı. Səhnəciklərin ədəbi mətnini – ssenarilərini Salam Cavadov və Asif Bağırov yazırdı. Tamaşaçıların yumora marağını nəzərə alan müəlliflər əksər hallarda həyatın gerçək faktlarını – onların da gördüyü, bildiyi hadisələri səhnəyə gətirirdilər ki, bu da onların həyatı səhnədə təcəssüm etdirmə bacarığının ifadəsi idi... Bu ansambl həm də Azərbaycan musiqisinin, incəsənətinin təbliğatçısı – cəfakeşi idi. Zəngilanla qonşu rayonlarla yanaşı Ermənistanın Qafan, Mehri, Gorus və Sisyan rayonlarında  da, kəndlərdə də konsertləri olurdu, Azərbaycan musiqisinin ecazkarlığı tamaşa edənlərin könlünü telləndirirdi. Konsertlərdən birində “Azərbaycan xalq mahnısı “Sarı gəlin” in təqdimatı zalda qəribə bir tərpəniş yaratmışdı. Az sonra tərpəniş səngimişdi. Musiqinin də, ifanın da qüdrəti erməniliyin bundan artıq tərpənişinə imkan verməmişdi – heyranlıq qəlbipaxırlığı üstələmişdi... 

Asif Bağırov rayon komsomol komitəsinin birinci katibi Gülarə Ələkbərovanın təşəbbüsü (və zəmanəti) ilə rayon Pioner və məktəblilər evinin direktoru təyin olundu, 1989-1991-ci illərdə rayon Kino-video qurğuları idarəsinin rəisi işlədi. Rayon Pioner və məktəblilər evinin direktor işlədiyi müddətdə onlarca istedadlı gəncin seçilib respublika müsabiqələrinə göndərilməsində, onların peşəkar səhnəyə çıxmasında əvəzsiz xidmətləri olub.

Asif Bağırov xatırlayır: -Bakının “Nizami” kino-teatrında türk filmləri festivalı keçirilirdi. Bu filmlərə Zəngilanlıların da baxmasını istəyirdim. Xahişimi yerinə yetirdilər, bu filmlərin bir hissəsi üç gün müddətində Zəngilanda da göstərildi. Həmin vaxtlarda hərbi hissələrdə də filmlər göstərilirdi və biz bunu vəzifə borcu kimi deyil, vətəndaşlıq borcu kimi edirdik... Ermənilərin Zəngilana həmlələri, hücumları artırdı. Bu həmlələrin, hücumların qarşısını ərazi özünümüdafiə taboru (sonralar Zəngilan alayı), əhali və polislər alırdı. O vaxtlarda Asif Bağırov da, rəhbərlik etdiyi təşkilatın üzvləri də döyüşənlərlə nəfəs-nəfəsəydi. Onlar da ruhən döyüşçüydülər.

***

Bir xatirə: 1992-ci il aprelin 28-də Qazançıdan qayıdanda Çəkədin tövlələri istiqamətindən erməni quldurları dəstəmizə hücum etdi və bizi pulemyot atəşinə tutdular. Zəngilan rayon Mədəniyyət şöbəsinin maşınında İçəri Muşlan kəndindən Rəhim Rəhimov, “İki sahil” qəzetinin müxbirləri Mikayıl Nərimanoğlu (hazırda Respublika” qəzetinin xüsusi müxbiridir), Elton  Dünyamalıoğlu (hazırda CBC Sport TV”-nin əməkdaşıdır), Seyidlər kəndinin sahə müvəkkili milis kapitanı Akif Kərimov(əslən Əli Bayramlı şəhərindəndir), bir də Canbar kənd sovetinin sədri Rəşid Həsənov düşmənin atəşinə məruz qaldıq. Ermənilərin atəşi sıxlaşanda milis kapitanı Akif Kərimov maşından düşdü, mövqe tutub atışdı. Təkbaşına. Düşmənlər atəşi dayandırıb geri çəkildi. Həmin döyüşdə  maşındakılar milis işçisinin qətiyyəti ilə ölümdən xilas oldular. Həm də 72 il əvvəl aprelin 28-də rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etmişdi, ermənilər həmin gün altı azərbaycanlının ömrünü tükəndirmək istəyirdi... ***

 Asif Kərim oğlu el adamı olub. O da illərini Zəngilan üçün yaşamaq istəyirdi, yaşayırdı. Ermənistanın elan etmədən başladığı müharibə camaatın güzəranını çətinləşdirmişdi. O vaxtlarda Zəngilanda xidməti borcu vətəndaşlıq borcuna bağlı olanlardan biri də Asif Bağırov idi. Ağkənd Qafan istiqamətində  Zəngilana sipər idi elə bil – Qafan aeroportu ilə üzbəüz idi Ağkənd, zamanında yan-yörəsi daralmışdı, erməniliyə qurban verilmişdi. Belə bir kəndin camaatına mənəvi dəstək durmaq rayon rəhbərliyinin vəzifə borcu idi, vəzifə borcundan da vacib vətəndaşlıq borcu. Müharibə şəraitində, müharibədə rəhbərliyin qayğısını, ünsiyyətini, nəfəsini kənddə hiss edən əhalinin əli silah tutanları qətiyyətlə əsgərləşir. Asif Bağırov 1992-ci ilin fevralında iş  yoldaşları Məhiyyəddin Qəhrəmanovla və Telman Quliyevlə  birlikdə Ağkəndə getməyi qərara alıbmış. Teplovozla gediblər. İmkanları çatan yardım aparıblar. Qışın sazağında, dizə çıxan qar qalağından keçib kəndə çatıblar. Camaatın soyuq görüşü onların könlünü sızıldadıb. Sən demə, rayon rəhbərliyinin kəndə gəlməməsi, camaatın güzəranı ilə maraqlanmaması, həm də müharibə şəraitində, könül qırıqlığı yaradıbmış. Görüş bir qədər soyuq keçsə də xeyli “dərdləşiblər”. Rayona qayıtdıqdan sonra yaşanılanlar haqqında rəhbərliyə məlumat veriblər. İki gündən sonra Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Əli Quliyev,DTK rayon şöbəsinin rəisi,  prokuror İmamqulu .Əzizov, Məhyəddin Qəhrəmanov, Asif Bağırov və tabor komandiri kimi mən yenidən Ağkəndə getdik.

Çox səmimi bir görüş oldu. Bu görüşdən sonra Asif Bağırovun ciddi səyi nəticısində kənddə yarımçıq qalmış yolun tikintisi davam etdirildi.

***

Zəngilanın 80-ci illərini xatırlayıram. O illərdə “Azərbaycanfilm”in istehsalı olan “Ulduzlar sönmür” bədii filminin Nəriman Nərimanovun timsalında Azərbaycan üçün yaşanılmış illəri ömürlər haqqında kino-esse bilmişəm. Asif Bağırov kino birliyinin direktoru kimi Zəngilan rayon partiya komitəsinin birinci katibi Tofiq Mehdiyevin nüfuz dəstəyi ilə bu filmə zəngilanlıların da baxmasına nail olmuşdu. Zəngilanlılar da bir daha əmin olmuşdular ki, xalq üçün yaşanılanda illər ömürləşir; Asif Bağırov “Ulduzlar sönmür” filminə Zəngilanda da baxılmasını məhz bu dərk üçün israr etmişdi. İllər sonra Zəngilanlılar belə filmlərin zəmanəti ilə bir daha əmin oldular ki, xalq üçün, torpaq üçün yaşanılan illər ruhu rəvanlıqdı – ruhun şükranlığıdı. Asif Kərim oğlunun yaşadığı illər belə illər olub...

***

Asif Bağırov bədii təfəkkürə malik ziyalıdır. Duyduqlarını, gördüklərini bədii sözə çevirə bilirdi – çevirirdi. Mirzə Cəlil üslubunda yazdıqları ”Kənd həyatı“ (indiki “Zəngilanın səsi”) qəzetində dərc olunurdu. Bu, hadisələri  ədəbiyyat vasitəsi ilə tarixləşdirmək missiyası idi. “Yol böyüyündür”, “Kor mənmişəm”, “Qurbanın bacısı oğlu qiymətini alıb getdi”, “Onda dilini farağat saxla”, “Sən də mənim kimi süddən yanıqsan”, ... kimi dodaqqaçdılar həm tarixi hadisələr əsasında

yazılıb, həm də düşündürücüdür. Sonralar bunlar kitab kimi nəşr olundu: Zəngilan lətifələri formatında, “Doğma yurda qayıtmaq istəyinə boy verən Zəngilan lətifələri“.

 Gözəl insan, etibarlı dost, xeyirli məsləhətləri ilə seçilən, ömrü boyu haqqı nahaqqa verməyən  Asif Bağırovu hamı Zəngilanın canlı ensiklopediyası, xeyirxahlıq və ədalət rəmzi adlandırır... Zəngilan rayon Pionerlər və məktəblilər evinin direktoru, Zəngilan rayon Kino- video qurğuları idarəsinin müdiri, rayon qiyabi orta məktəbinin direktoru, Zəngilan Rayon İcra hakimiyyəti Ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə şöbəsinin məsləhətçisi, Zəngilan rayon maarif şöbəsinin inspektoru kimi vəzifələrdə işləmiş və hazırda təqaüddə olan Asif Bağırov el oğulu idi, elin oğulu idi, eloğlu idi, el ağsaqqalı oldu...

 Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

bayram-mem

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN