Xəbər verilir ki, Nigar Camal indiyə qədər sarı olan saçlarını tünd rəngə, Tünzalə Ağayeva isə tünd rəngdə olan saçını sarı rəngə boyatdırıblar.

P.S. Görəsən, saçlarının rəngini dəyişəndə bu şou-əhli olan Nigarın, Tünzalənin sənəti də dəyişirmi? Nigarın 44, Tünzalənin isə 48 yaşı olmasına baxmayaraq, elə açıq-saçıq geyinirlər ki, bu yaşda qadının geyim tərzinə qətiyyən uyğun gəlmir. Ona görə də saçlarının rəngini yox, özlərini dəyişsinlər ki, yaşlarına, başlarına uyğun geyinib, hörmət qazansınlar.

***

Elza Seyidcahan sosial şəbəkədə Mətanət İsgəndərli ilə dodaq-dodağa öpüşmələrini əks etdirən şəkili paylaşıb.

P.S. Görəsən Elza Seyidcahan, bu şəkili paylaşmaqla nə demək istəyir? Hər nədirsə, iki xanımın dodaq-dodağa öpüşməsi çox ayıb bir işdir. Əşi, şou-əhli nə bilir ayıb nədir?

***

Bir dostum məndən soruşdu: - Qarşıdan 2025-ci il gəlir. Bu yeni ili necə və harada qeyd edəcəksən?

P.S. Cavab: Əziz dostum, yeni il kasıbların yox, varlıların bayramıdır. Babat pulu olan varlılar Yeni İli Avropa ölkələrində qeyd edəcəklər. Ortabablar isə Yeni İldə ailəsi ilə birlikdə restoranda səhərə qədər yeyib-içəcəklər. Kasıblar isə Yeni İl axşamı atəşfəşanlığın partlayışlarını seyr etməklə və bir-birlərinin ayağının altında "vızrıv paket"lər partlatmaqla qeyd edəcəklər. Necə deyərlər, aclıq olsun, kef olsun!

***

Qəzetlərin birində Ermənistan dövləti ilə sülh müqaviləsinin gecikməsindən bəhs edən yazıda belə bir cümlə var: "Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib, Ermənistan tərəfdən cavab yoxdur.

P.S. Ermənistanın Baş naziri N.Paşinyan necə cavab versin axı? Bu bədbəxti böyük bacısı Fransanın prezidenti E.Makron cavab verməyə qoyur ki... N.Paşinyan Prezident İlham Əliyevə, az qala, ilan dili çıxardıb yalvararaq, "Leyli və Məcnun" poemasında Leylinin dili ilə belə demək istəyir:

"Olsaydı əgər əldə bir ixtiyarım,

Olmazdı səndən özgə bir yarım".

İndi N.Paşinyana fransız  yengələri sülh sazişini imzalamağa imkan vermir. Özünə qalsa, çoxdan Azərbaycan və Türkiyənin qucağına atılmaq üçün "sinov" gedir.

***

Məlumatlara görə, heyvanlarla rəhmsiz rəftara görə cərimələr 500 manatdan 800 manata qaldırılıb.

P.S. Belə çıxır ki, heyvan insandan daha hörmətli və daha qiymətlidir. Yaxşı, bəs onda vətəndaşlarla heyvan kimi davranan onlarla rəhmsiz rəftar edən, qapısında saatlarla gözlədən, axırda da qəbul etməyən məmurlara niyə hər hansı cərimə tətbiq olunmur? Niyə axı heyvanla pis rəftar edən insan cərimələnir, amma insanla pis rəftar edən məmura "gözün üstdə qaşın var" deyən  yoxdur? İndi neyləyək deyirsiniz? Bizə hörmət qoyulsun deyə, dönüb itdən, qoyundan olaq? Bu yerdə ustad şairimiz Məmməd Arazın şeirindən bir bənd yerinə düşür:

"Özümdən danmışam öz günahımı,

Nə qədər xeyrimiz, şərimiz qalıb?

Dərdsiz yox, bölüşüm könül ahımı,

Soyulmayan bircə dərimiz qalıb.

Soyun dərimizi, soyun yaşayaq,

Beşgünlük dünyadır, qoyun yaşayaq.

Qurd ola bilmədik, qoyun yaşayaq,

Məni bağışlayan olarmı? Çətin!

***

Xəbər verilir ki, Bakıda istintaq altında olan Qarabağ erməilərinin istintaq prosesində Ermənistanın sabiq prezidentləri və Xocalı qatilləri R.Köçəryan və S.Sarkisyan dindirilməlidir. Mütəxəssislərin bildirdiyinə görə, onların Azərbaycana verilməsi mümkündür.

P.S. Əlbəttə, mümkün ola bilər. Bu caniləri Azərbaycana təhvil verməklə baş nazir N.Paşinyan, bir dəyənəklə iki iti birdən vurmuş olur. Həm Köçəryan və Sarkisyan kimi Rusiyanın əsas agentlərindən canını qurtaracaq, həm də revanşist qüvvələri başsız qoymaqla öz hakimiyyətini uzadacaq. Azərbaycan tərəfi isə, R.Köçəryan və S.Sarkisyanla nə edəcək, daha bu, daxili məsələdir və səsi sonra çıxacaq.

***

Məlumat verilir ki, Çində korrupsionerləri edam edirlər, bizdə isə məhkəmələr onların cəzalarını azaldır.

P.S. Məhkəmələrimiz ömründə bircə dəfə düzgün qərar qəbul edirlər, bəzi ağzıgöyçəklər də onu lağa qoyurlar. Çin məhkəmələri korrupsionerləri dar ağacından asmaqla öz gələcəklərinə balta çalırlar. Gələcək nəsil nə biləcək ki, korrupsiya nədir, korrupsioner necə olur? Amma bizim məhkəmələr gələcək nəsilləri bu milli adət-ənənədən məhrum etməmək üçün korrupsionerlərin cəzalarını azaldır ki, onlar bu sahədə bildiklərini gələcək nəsillərə öyrədə bilsinlər. Korrupsiya və korrupsioner olmasa, biz necə yaşaya bilərik?

***

Rəqqasə, Renka ləqəbli iki uşaq anası Rəna Ağamuradova bir sayta etiraf edib ki, bir iş adamı ilə iki ilə yaxındır sevgilidir: "Hər şey evlilik deyil. Rəsmi nikah barədə düşünmürük. Elə bu şəkildə sevgili olaraq, həyatımızı davam etdirmək niyyətindəyik".

P.S. Xeyir işə "Allah xeyir versin" deyərlər. Amma bu xeyirdimi? Xeyir! Bunun el arasında adı pozğunluqdur. Müasir dövrdə bu pozğunluğun adı dönüb olub sevgili. 39 yaşlı bu Renka xanım daha fikirləşmir ki, o iki uşağını tay-tuşları arasında başı aşağı edir. Əvvəllər belə pozğunluğu gizli edirdilər ki, eldən ayıbdır. Amma indi şou-əhli bunu nəinki ayıb bilir, hətta ayıb yerlərini də çöldə qoymaqdan utanıb çəkinmirlər reklam edirlər. Bu gedişlə deyəsən abır, həya, ismət, namus da köhnəliyin əlamətləri sayılacaq. Allah bizi o gündən qorusun!

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN