TƏHSİLİN DAHA BİR PROBLEMİ – QİYMƏTLƏNDİRMƏ...
Zaman keçdikcə, dövran dəyişdikcə təhsil sistemi də, təhsil alma da, təhsilə yanaşma da dəyişir.
Zaman keçdikcə, dövran dəyişdikcə təhsil sistemi də, təhsil alma da, təhsilə yanaşma da dəyişir.
AMEA Rəyasət Heyətinin fevral ayının 14-də keçirilən iclasında akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini bildirdi və
Xalq arasında tez-tez Azərbaycan təhsilinin ölməsi barədə fikirlər səslənir. Yəni, təhsilimizin olduqca bərbad vəziyyətdə olması hamıya məlumdur. İndiki təhsil işçilərinin çoxu demək olar məktəbdə təhsil vermək marağında deyil. Bunun bir çox səbəbləri var. Az əmək haqqından tutmuş, şagirdlərin təhsilə marağının ölməsinə qədər səbəblər tapmaq olar. Müqəddəs müəllim adını daşıyan bir çox təhsil işçiləri günlərini birtəhər başa vurmaq üçün çalışırlar. Bu səbəbdən də oxuyub təhsil almaq istəyən şagirdlər, əsasən repetitor yanına getməyə meyilli olurlar.
Təhsilin əsası isə ibtidai sinifdən başlayır. İbtidai sinifdə elmin, təhsilin bünövrəsi düzgün qoyulsa, hardasa gələcəkdə müəyyən nəticəyə nail olmaq olar. Çox təəssüf ki, ibtidai siniflərdə də nəinki müəllimlər, hətta dərslik müəllifləri belə təhsilə biganə yanaşırlar. Şagird elmi bilikləri dərsliklərdən mənimsəyir. Belə bir məsəli söyləməmək olmur: “Hamı dəli olanda mollanın yanına qaçır, bəs molla dəli olanda kimin yanına qaçsın?”
Bu səbəbdən də dərsliyə elm mənbəyi kimi baxan şagird buradan yanlış bilgi alırsa, bu artıq faciədir. Çünki dərslik müəlliflərinin özləri bəzən savadsızlıq nümunəsi göstərirlər. Sanballı dərslik yazan müəlliflər təbii ki, məndən inciməzlər. Əsasım olmasa, bunu danışmaram.
***
Bu yaxınlarda elə mətbuatdan öyrəndim ki, “Qarabağ” sözünün etimologiyasını ibtidai sinif dərsliklərində olduqca gülməli şəkildə göstəriblər. Bəlkə də heç dərslik müəlliflərinin verdiyi o izahlı söz ibtidai sinif şagirdlərinin də ağlına gəlməzdi. Fikir verin, savadsızılığın dərəcəsinə baxın ki, “Qarabağ” sözünü dərslikdə “ayaqqabının qara bağı” kimi izah ediblər. Bunlar xalqın düşməni deyillər??? Belə dərslik müəlliflərini çay aşağı axıdıb, çay yuxarı axtarmayıb, neyləyəsən? Ən pisi odur ki, bu dərsliyi tədris edən müəllimlər də susurlar, səslərini çıxarmırlar. Gərək mətbuat yaza ki...
***
“Qarabağı” ayaqqabının qara bağı” kimi öyrənən şagirddə hansı Vətən sevgisi ola bilər? Bir sözün ki, açması ayaqqabının bağına bağlı ola, onda başı bəlalar çəkmiş Qarabağın tarixini öyrənmək istəyən olarmı? Bu, bilirsiniz, mənim yadıma nəyi salır? Cəfər Cabbarlının “1905-ci ildə” pyesində milyonçu Salamovun Qubernatorun arvadı Mariya Timofeyevnaya “Mariya Tumannifeynən” kimi müraciəti yada düşür. Salamova sual verəndə ki, bu xanımın adı adamın dilinə yatmır, onu necə rahat deyə bilirsən? Salamov belə cavab verir: “Rəhmətliyin oğlu, tuman deyə bilmirsən, niyə deyə bilmirsən? Qat bir-birinə olsun, Tumannifeynən”.
İndi ibtidai sinif dərsliklərinin müəllifləri də (çox təəssüf ki, mətbuatda adları verilməyib) ayaqqabının qara ipini, (həm də el arasında ayaqqabının bağı deyilir) gətirib cənnət məkan Qarabağın adına bağlayırlar. Bu insanların, ümumiyyətlə, tarixdən xəbərləri yoxdur. Məlumat üçün deyək ki, Qarabağ iki sözün birləşməsindən yaranıb və dilimizdə 1300-cü ildən işlənməyə başlanmışdır. Sözün “qara” dan başqa, “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da var. Yəni, sıx bağ, qalın bağ, tünd bağ, böyük bağ, qara bağ mənalarında işlənir.
Görəsən, “Qarabağ” sözünün mənasını “ayaqqabının qara bağı” kimi izah edən müəlliflərin ali təhsil diplomu varmı? Bu, dəhşətdir, faciədir. Görün, körpə fidanlara elmi necə yanlış şəkildə öyrədirlər. Sonra da deyirik, təhsilimiz ölüb. Təhsilimiz ölməyib e, öldürürlər. Təsəvvür edin, ibtidai sinifdə belə yanlış təhsil alan şagird, gəlib yuxarı siniflərə çatır. Bəs, yuxarı siniflərdə heç olmasa, normal dərslik varmı ki, bu yanlışlığı aradan qaldırsın?
Tofiq Hacıyevin, Samirə Bektaşinin və Yeganə Hüseynovanın “Azərbaycan dili” dərsliyi...
... Deyəsən, yoxdur və belə savadsız dərslik müəlliflərinin əməlləri yuxarı siniflərdə də davam edir. İndi də gəlin, 10-cu sinfin “Azərbaycan dili” dərsliyini nəzərdən keçirək. Dərsliyin müəllifləri Tofiq Hacıyev, Samirə Bektaşi və Yeganə Hüseynovadır. Bəs, bu “trio” nə iş görüb? Onların gördüyü işi görmək üçün adı çəkilən dərsliyi vərəqləyəq. “Azərbaycan dili” dərsliyinin 42-ci səhifəsində “Arzum jurnalist olmaq idi”- başlıqlı bölmə var. Adamda belə təəssürat yaranır ki, jurnalistikadan danışılırsa, jurnalistikanın banisi Həsən Bəy Zərdabidən, Əli Bəy Hüseynzadədən, Nəsir İmanquliyevdən, Şirməmməd Hüseynovdan başlayıb, müasir jurnalistkamızın biliciləri olan professor Cahangir Məmmədlidən, Nəsir Əhmədlidən, Zeynal Məmmədlidən, professor Qulu Məhərrəmlidən... danışacaqlar, misal gətirəcəklər. Bu da olmasa, çağdaş jurnalistikamızın tanınmış jurnalistləri, yazıçı və publisist, “Ədalət” qəzetinin təsisçsi Aqil Abbasdan, ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin xüsusi önəm verdiyi Mirşahin Ağayevdən, Mətbuat Şurasının sədri Əflatun Amaşovdan, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məciddən, Elçin Mirzəbəylidən, Mehman Əliyevdən, Elçin Şıxlıdan, Azər Həsrətdən və digər tanınmiş qələm sahiblərindən şagirdlərə söz açılardı. Bəs 10-cu sinif şagirdlərinə jurnalistikamızın etalonu olaraq kimi nümunə göstərsələr yaxşıdır? “APA Holding”in rəhbəri, bildiyim qədər əlinə qələm alıb bircə səs-küylü məqalə yazmayan Vüsalə Mahirqızını şagirdlərə dərslikdə nümunə kimi öyrədirlər. Mən Vüsalə xanımın jurnalistliyinə qəti şübhə eləmirəm. Amma... Görünür, Vüsalə xanım həmin dərslik müəlliflərindən hansınınsa yaxını, qohumu, tanışı, dostu, qonşusudur və belə olmasaydı, yüzlərlə jurnalistlərdən biri olan və bu sahədə heç biri elmi iş müdafiə etməyən Vüsalə Mahirqızı dərslikdə bu səviyyədə nümunə çəkilməzdi. Mən bunu adı çəkilən dərslik müəlliflərinin savadsızılığının və məlumatsızlığının nəticəsi sayıram. Bir insanın hansısa “Media Holding”ə rəhbərlik etməsi, onun dərsliyə salınmasına əsas vermir. Ən maraqlısı odur ki, Vüsalə Mahirqızı ilə dərslikdə verilmiş müsahibənin sonunda guya şagirdlərin jurnalistika sahəsində biliklərini daha da artırmaq, təfəkkürünü formalaşdırmaq üçün dərslik müəllifləri Tofiq Hacıyev, Samirə Bektaşi və Yeganə Hüseynova aşağıdakı sualları tərtib ediblər: “1. İlk abzasda cümlələrdə fikrin təqdim edilməsində yol verilimiş nöqsanları müəyyənləşdirin.
2. Nə üçün V.Mahirqızı Azərbaycan dilinin qorunmasında medianın roluna böyük önəm verir? Sizcə, media niyə dilin qorunmasında əsas rol oynayır? Müsahibədə sizi razı salan fikirləri müəyyənləşdirin. Fikirlərinizi konkret ifadə etməyə çalışın.
3. Mətnə əsasən V.Mahirqızının şəxsi keyfiyyətlərini müəyyənləşdirin. Siz müxbir olsa idiniz, Vüsalə Mahirqızına hansı suallarla müraciət edərdiniz? İlk sualınız nə olardı?”
Bunu, ancaq rəzalət adlandırmaq olar. Görəsən, bu dərslik müəlliflərinin, ümumiyyətlə, Azərbaycan dilinin qrammatikasından xəbərləri varmı? Elə birinci suala fikir verin: “İlk abzasda cümlələrdə fikrin təqdim edilməsində yol verilmiş nöqsanları müəyyənləşdirin”. “İlk abzasda”, “cümlələrdə”, “fikrin təqdim edilməsində” nə deməkdir? Bir cümlədə yerli hal şəkilçisi nə qədər olmalıdır? Görəsən, müəlliflərin bundan xəbəri yoxdur? Elə “ilk abzasda” söz birləşməsindən sonra “cümlələrdə” sözü tamamilə artıqdır, cümləyə yamaqdır və dilimizin rəvanlığına ağır zərbə vurur.
İkinci abzasda verilmiş ikinci sual birinci sualın təkrarıdır. Dördüncü sual da mənaca üçüncü sualı təkrar edir. Üçüncü abzasda verilmiş “müxbir olsa idiniz” söz birləşmələri isə yəqin müəlliflərin yeni dil kəşfidir. Söz birləşməsi isə belə olmalı idi: “Müxbir olsaydınız”.
Üçüncü abzasda verilmiş “...mətnə əsasən V.Mahirqızının şəxsi keyfiyyətlərini müəyyənləşdirin” fikirləri isə müəlliflərin fantaziyasının sərhəd tanımadığının göstəricisidir. Axı, Vüsalə Mahirqızı dediyimiz kimi, o boyda dahi şəxsiyyətlərin yanında sadə bir jurnalistdir. Sadə bir jurnalistin şagirdlər üçün hansı şəxsi keyfiyyətləri nümunə ola bilər? Məgər Vüsalə Mahirqızı o qədərmi dahi şəxsiyyət, İctimai-siyasi xadimdirmi ki, dərsliklərə salınır və onun şəxsi keyfiyyəti şagirdlərə öyrədilir? Bu, olduqca utanverici və dərsliyimizin həddindən artıq bərbad olmasının göstəricisidir. Sonra da deyirik, təhsilimiz niyə ölüb? Təbii ki, təkrar edirəm, Vüsalə Mahirqızının bunda heç bir günahı yoxdur, dərslik müəlliflərinin naşılığı bu həddə gətirib çıxarıb.
Belə dərsliklərlə şagirdlərə elm öyrətmək olarmı? İbtidai sinifdə şagirdlərə “Qarabağ” sözünün mənasını “ayaqqabının qara bağı”, yuxarı siniflərdə isə dahi şəxsiyyətləri, jurnalistkanın alimlərini bir kənara qoyub, sadə bir jurnalisti şagirdlərə örnək kimi göstərirlərsə, bu artıq sözün bitdiyi yerdir. Görəsən, Təhsil Nazirliyinin, hörmətli nazir Emin Əmrullayevin dərsliklərdə olan bu biabırçılıqlardan xəbəri varmı? Ayıbdır, vallah ayıbdır. Heç olmasa, gələcəyimiz olan şagirdlərə yazığınız gəlsin.
Elçin MƏMMƏDLİ
P.S. Dərsliklərimizdə olan bu kimi biabırçılıqların araşdırılması davam edir. Bizi izləyin... Vüsalə Mahirqızının da bu barədə mövqeyi maraqlı olardı.
2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
Ucar rayonu, H.Əliyev prospekti, ev 136 ünvanında yaşayan Şirinov Raqif Ayaz oğlunun redaksiyamıza Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciəti daxil olub.