Müdriklər deyib ki, “müəllim” sözü yox, müəllimlik müqəddəsdir. O da məlumdur ki, bu bəşəri əhəmiyyətli peşə olan müəllimliyə ruhən bağlı olan, hər bir məqamda bu peşəyə nüfuz və hörmət gətirən, onu urvatlandıran əhatəli savada, “ürəyimi uşaqlara verirəm” (Makarenko) düşüncəsi ilə ömrünü xalqının gələcəyi olan nəslin yolunda şərəflə şam etməyi bacaran müəllimlərdir. O müəllimlər ki, onlar haqqında Makedoniyalı İsgəndər “Valideynlərim məni göydən yerə endirib, müəllimlərim isə məni yerdən göyə qaldırıb” deyib. O müəllimlər ki, böyük türk kişisi Mustafa Kamal Atatürk “Bir cəmiyyətin millətə çevirilməsi üçün müəllimə ehtiyacı vardır” deyir. Almaniyalı O.Bismark “Bütün müharibələri generallar və onların orduları deyil, müəllimlər qazanır”, İngiltərənin Baş Naziri olmuş U.Çörçill isə “Məktəb müəllimi baş nazirdən çox gücə malikdir” deyir...