“…İnstitut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirilik tərəfindın təyin olunması da məntiqli və ağlabatan olardı.”

 Xəbər verdiyimiz kimi,  Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

 Belə ki, ötən gün Prezident İlham Əliyev elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Bu Fərmana görə AMEA-nın elmi institutları və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.  Fərmandan irəli gələrək nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir.

 Bununla bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz fikirlərini bölüşüb.

O, qeyd edib ki, hazırda ciddi maraq doğuran məsələ məhz nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır .

Osman Gündüzün sözlərinə  görə, son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və "Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək.

“Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat institutu - UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti - ADİU) tabeliyinə, Riyaziyyat və mexanika institutu BDU  Bakı Dövlət Universiteti) tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika instututu AzTU  (Azərbaycan Texniki Universiteti) tabeliyinə, Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər”, deyə bildirib.

 Ekspertin fikrincə,  nazirlik bu addımı atacağı təqdirdə, universitetlərin elmi tədqiqat istiqamətində fəaliyyətlərinə təkan vermiş olacaq:

“Son zamanlar, nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.

Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verəcək. Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü , innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də, bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq”, - deyə bildirib.

 Osman Gündüz universitetlərin elmi institutlara birləşdirilməsi prosesinin də qalmaqalsız- konfliktsiz ötüşməyəcəyini açıqlayıb.

“Yeri gəlmişkən, güman ki, hazırda bir çox univetsitet rəhbərləri hansı elmi instututların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər. Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəcək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir. Eyni zamanda, elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı”, - qeyd edib.

 O.Gündüzün sözlərinə görə, nazirlik elmi institutların rəhbərlərini universitetlərin rektorlarının təqdimatı ilə təyin etməlidir.  

“Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirilik tərəfindın təyin olunması da məntiqli və ağlabatan olardı”, - deyə vurğulayıb.

Sonda  ekspert inandığını bildirib ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN