2022-ci ildə ölkəmizdə qəbul və buraxılış imtahanlarında şagirdləri 100-dən aşağı bal toplayan rayonların və şəhərin adları məlum olub.
Təəccüblüsü budur ki, onların sırasında Gəncə şəhərinin də adı var...
TEZADLAR.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində (Abituriyent 12 – imtahan nəticələrinin elmi-statistik təhlili) qeyd edilir.
Qeyd edilir ki, I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 42.79%-i 200-dən az bal toplamışdır.
Diqqətə çatdırılır ki, qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır.
"Təəssüflə qeyd etmək lazımdır ki, bu il Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%- dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olmuşdur", - deyə (Abituriyent 12 – imtahan nəticələrinin elmi-statistik təhlili) DİM açıqlayıb.
Xatırladaq ki, 2021-ci ildə Gəncənin adı bu siyahıda yer almamışdı.
Aşağı bal toplayan rayonların siyahısı belə idi:
"Bu il (2021- red) Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olmuşdur".
Göründüyü kimi, bu ilki siyahıdan Qobustan, Zərdab, Samux, Kürdəmir, Ağdaş, Ucar, Şamaxı, Saatlı, Goranboy, Astara, Göygöl rayonlarının və Naftalan şəhərinin adı çıxıb. Əvəzinə Gəncə şəhərində, Siyəzən, Şabran, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad rayonlarında məzunların bilik səviyyəsi aşağı düşüb.
Ağsu, Daşkəsən rayonlarının məzunları isə iki ildir ki, öz "yüksək yerlərini" qorumaqdadırlar...
JASMİN