Azərbaycanda müəllim kadrların, həm də özünə ixtisası üzrə iş tapa bilməyənlərin sayı həddən artıq çoxdur.
Bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov bildirmişdi ki, müəllim peşəsinin, nüfuzunun qorunmasına ehtiyac var.
O, qeyd etmişdi ki, müəllimlərin hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin görülməsi zəruridir.
Ekspertin sözlərinə görə, cəmiyyətin müəllimə ehtiyacı yaranmalıdır və bunun üçün də pedaqoji kadrların hazırlanması üçün ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə azaldılmalıdır.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov da KİV-ə müsahibəsində müəllim kadrlarının həddən artıq olduğunu bildirib, həmçinin hazırda ölkədə 10 il belə bəs edəcək qədər müəllim kadrlarının olduğunu xatırladıb.
Və diqqətə çatdırıb ki, vaxtilə müəllimlik ixtisası ilə bağlı plan yerləri Dövlət Plan Komitəsi müəyyən edib və Təhsil Nazirliyi də regionlarda dəqiqləşdirmə apararaq hansı ixtisas üzrə neçə müəllimə ehtiyac olduğunu öyrənirmiş.
O, həmçinin vurğulayıb ki, MİQ imtahanlarında yüksək bal toplayanlar şəhərin mərkəzinə, digərləri yaşayış yerindən uzağa, bölgələrə təyinat alırlar.
Nadir İsrafilov qeyd edib ki, bu üsulla rəqabətliliyi artırmaq olmaz və bu, rəqabət demək deyil.
“Müəllimlər 1-2 bal fərqə görə yaşadığı yerdən uzağa təyinat alır və bu müəllimin işini daha da çətinləşdirir”, - deyə təhsil eksperti bildirib.
Təhsil ekspertinin bildirdiyi kimi, bu, döğrudan da bu, böyük problem yaradır. Çünki çox vaxt yenicə ailə qurmuş xanımlar MİQ imtahanından sonra təyinat aldıqları (yaşayış yerindən uzağa gedə bilmədiyi üçün) bölgədəki məktəbdən imtina edirlər və işsiz qalası olurlar.
Lakin onu da nəzərə alaq ki, bölgələrin də müəllim kadrlarına ehtiyacı var və bunun üçün qabaqlayıcı tədbirlər görülməlidir.
JASMİN