Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də alaqaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında – yanvarda, fevralda – bu saatlar tamamilə zülmət olur.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında etdiyi paylaşımda qeyd edib.
O vurğulayıb ki, sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar.
Həmçinin qeyd edib ki, əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar – daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir?
O bunun təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verdiyini də açıqlayıb.
"Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur. Bəlkə qış aylarında dərsləri 1 saat gec başlayaq?", - deyə təklif verib və gözlənilən nəticəsini də açıqlayıb:
"Bu addım:
• Uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar;
• Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar;
• Həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər", - Kamran Əsədov qeyd edib.
Kamran Əsədov diqqətə çatdırıb ki, təhsilverənlərin amalı yalnız tədrislə bitməməlidir.
"Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir", - deyib.
Qeyd edək ki, təhsil ekspertinin bu təklifi bir çox valideynlərin ürəyincə olan bir təklifdir: xüsusilə yuxudan hələ də erkən saatlarda oyanmağa adət etməmiş kiçik yaşlı məktəblilər üçün.
Sosial media istifadəçilərinin də bir çoxu ekspertin təklifini dəstəklədiyini bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN