Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “TEZADLAR.AZ”a verilən məlumata görə, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməyən, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməyən tibbi ölçü cihazlarının istifadəsi qadağandır.

Qaydalara uyğun olaraq, özəl tibb müəssisələrinin istifadəsində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi təmin edilməli, ölçmə vasitələri dövri yoxlamadan keçirilməli, ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlanma aparılmamalı və ölçmə vasitələrinə müdaxilə edilməməlidir. Yararsız ölçmə vasitələrindən istifadə yolverilməzdir.

Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN