“Doğrudanmı biz ölmüş prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?

Son günlər, Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin səhhətinin son dərəcə ağırlaşdığı barədə xəbərlər yayılmaqdadır.

Bu gün isə Gürcüstan ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze bildirib ki, Saakaşvilinin vəziyyəti o qədər ağırdır ki, onun xaricdə müalicəyə ehtiyacı var.

"Vaxt azdır, onun vəziyyəti o qədər ağırdır ki, hansısa xarici klinikada təcili müalicəyə ehtiyacı var. Biz dedik ki, proses getdikcə xəstəni əlilliyə, sonra isə ola bilsin ki, ölümə aparacaq və indi bu məqama yaxınlaşmışıq". (ria.novost)

Toidze hazırda müşahidə etdiyi proseslərə görə Saakaşvilinin vəziyyətinin düzələcəyinin mümkün olub-olmadığını da bilmir.

 “Doğrudanmı biz ölmüş prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?", – deyə soruşub.

Qeyd edək ki, bu günlərdə Litva parlamentinin (seymi) xarici əlaqələr üzrə komitəsinin yaydığı bəyanatda  bildirilib ki, Litva hazırda həbsdə saxlanılan və ciddi sağlamlıq problemləri olan sabiq prezident Mixeil Saakaşvilinin təcili olaraq müalicəsi üçün Avropa ölkələrinə köçürülməsi barədə Gürcüstan hökumətinə müraciət edib.

Ötən ilin oktyabrında dünyanın müxtəlif ölkələrindən olan 72 siyasətçi də Saakaşvilinin azad olunması üçün Avropa Şurasına, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinə məktub göndərmişdilər.

Və indiyədək onunla bağlı müxtəlif beynəlxalq qurumlardan da müraciətlər olunub.

Üç gün öncə də Gürcüstan Penitensiar Xidməti Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb. Bəyanata əsasən, Saakaşvili beynin maqnit-rezonans tomoqrafiyasından, nevroloqun təyin etdiyi müalicədən, psixoterapiya kursundan, tövsiyə olunan fiziki fəaliyyətdən selektiv imtina edir.

"Saakaşvilinin zəhərləndiyi, habelə mətbuatda məhkumun həyatının təhlükədə olduğu və gələcəkdə onun zəhərlənməsinə cəhdin olacağı barədə yalan xəbərlər yayaraq Xüsusi Penitensiar Xidməti gözdən salmaq cəhdləri olur. Xüsusi Penitensiar Xidmət Saakaşvilinin təhlükəsizliyini və lazımi şəraiti təmin etmək üçün bütün lazımi tədbirləri görür".

 Xüsusi Penitensiar Xidmətin bəyanatından göründüyü kimi, Saakaşvilinin təhlükəsizliyi barədə cavabdehliyi onlar daşıyır və məsuliyyəti də öz üzərlərinə götürürlər...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN