(Əvvəli ötən sayımızda-1-ci yazı)

“Təəssüflər olsun ki, bizdə bəzi qanunlar dövlətin və millətin maraqlarından daha çox o qanunu qəbul elətdirən təşkilatların maraqlarına uyğun olur”. Bu sözləri Milli Məclisin plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib. Elə mən də qəzetimizin 31 may 2023-cü il tarixli sayında dərc olunan “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi özünü necə sığortalayır?” başlıqlı yazıda məhz bu fikirləri qeyd etmişəm. Yazıda bildirilib ki, “İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi və TƏBİB məhz özlərinə sərf edən qanunun qəbul edilməsinə nail olublar ki, bu da dövlətimizin digər qanunları ilə daban-dabana ziddir. Elə bu ziddiyyətləri dəyərli ziyalımız Cabbar Məmmədov araşdıraraq, geniş ictimaiyyətə təqdim etmək üçün redaksiyamıza göndərmişdi. Bizim də bu sahədə müəyyən araşdırmalarımız olduğundan fikirlərimizin birliyindən yaranan yazının birinci hissəsini ötən sayımızda təqdim etmişdik. İndi deputat Sabir Rüstəmxanlının yuxarıdakı, çox dəqəqliklə sölədiyi sözlərini bir az da  qüvvətləndirmək məqsədi ilə, “Tibbi sığorta haqqında” qanun diğər dövlət qanunları ilə ziddiyət təşkil etməsini konkret faktlarla göstərən C.Məmmədovun  araşdırma yazısının 2-ci hissəsini təqdim edirik… 

***

II) “DÖVLƏT SATINALMALARI HAQQINDA” AR QANUNU:

Madd ə 16 :

16.1.) Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.

16.2.) Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.

Maddə 2.1 . Bir mənbədən satınalma metodundan istifadə şərtləri

21.1.) Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:

21.1.1.) satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda;

21.1.2.) mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar

satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;

21.1.3.) fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda;

21.1.4.) satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin

malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

P O Z U N T U : Dövlət orqanı tərəfindən əhali üçün Tibbi sığorta və Tibbi xidmət bazardan tender və müsabiqə yolu ilə alınmayıb, heç bir zərurət və maddə

21-də göstərilən heç bir şərt olmadığı halda təkmənbə əsasında ancaq bir şirkətdən alınır. Ölkədə fəaliyyət göstərən digər tibbi sığorta şirkətlərinin bu prosesdə iştirakı qanunvericilik səviyyəsində məhdudlaşdırılıb;

* * *

III) “HAQSIZ RƏQABƏT HAQQINDA” AR QANUNU

Madd ə 7 .

7 . 4 ) müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması

(P O Z U N T U : Dediyim halda üstünlük ancaq tendersiz-filansız bir sığorta şirkətinə verilir)

Madd ə 10.:

10.1) bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların

verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi;

10.2) müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması;

10.3) rəqibləri ilə müqayisədə bununla müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.

P O Z U N T U : Adıgedən Agentlik yeganə olaraq ancaq 1 sığorta şirkəti ilə işləyir, ona üstünlük verilir, bazarda mövcud olan digər analoji sığorta şirkətləri iqnor edilir... Bütün bunların fəsadı nədir? İndiyə qədər bazarda mövcud olan və Tibbi Sığorta xidməti ilə məşğul olan demək olar ki, bütün şirkətlər bazardan sıxışdırılıb

çıxarılır və indiyə qədər onlarla işləyən özəl xəstəxana və onların həkimləri pis duruma düşürlər.

Bundan əlavə, bu cür qanunlarla qarşı-qarşıya gəlmək idarəçilikdə də xaos və izafi mürəkkəblik yaradıb. Bu gün səhiyyə sektorunun, onun ayrı-ayrı sektorlarının idarəçiliyi ilə məşğuldurlar: 1. Səhiyyə Nazirliyi, 2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 3. TƏBİB və 4. onlar üzərində nəzarəti həyata keçirən Müşahidə Şurası (yəni məşhur” prikol”da deyildiyi kimi, «“Nəzarətə nəzarət”

qurumu»). Eləcə də əhali əsassız olaraq ikili-üçlü səhiyyə vergisi ödəyir: (a) Gəlir vergisinin içərisində dövlət büdcəsinə, hansından ki, səhiyyə sektoruna dövlət

hər il 1,5-1,8 mlrd manat vəsait ayırır, (b) Ayrıca olaraq İcbari Tibbi Sığorta vergisi; (c) işlədiyi müəssisə tərəfindən İcbari Tibbi Sığorta vergisi; (d) Vətəndaş 2 yerdə

işləyirsə ikinci maaşından və müəssisə də ona görə yenidən əlavə “səhiyyə vergisi” ödəyir.

Qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bütün bu sadaladıqlarımı ən müxtəlif termin oyunları ilə sığortalayır və “aydan arı, sudan duru” kimi görünür. Bu səbəbdən də etdiyi qanunsuzluqları ört-basdır edə bilir.  Baxın, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, tibbi sığorta pullarının toplandığı mənbə Sığorta Şirkəti kimi qeydiyyatdan keçməyib, adı şirkət yox, Fonddur. Odur ki, Tibbi Sığorta fəaliyyəti ilə məşğul olan sığorta şirkətləri ilə bunu qarşı-qarşıya qoymaq düzgün deyil. Necədir sizin üçün? Qanunsuzluğun altından sivişib çıxmaq üçün əcəb üsul tapıblar. Guya Fond olanda dövlət qanunları burada işləmir? Bu iddia başdan-ayağa cəfəngiyatdır.  Əgər Sizə də bu bəhanə göstərilərsə, xahiş edirəm adı bir kənara qoyub fəaliyyət istiqamətini əsas götürərək, müqayisə aparın: adı gedən Sığorta Fondu yuxarıda adlarını sadaladığım tibbi sığorta şirkətlərinə (Paşa Sığorta, A-group, Axa Mbask, Atəşgah sığorta, Ata sığorta və s.) rəqibdir, ya yox?!

tebib

Problemin həlli nədir və düzgün yanaşma necə olmalı idi?

Düzgün yanaşma, sadaladığım qanunları ayaq altına atıb tapdalamaq yox, onlara ciddi şəkildə də əməl etmək lazım idi. O halda nə baş verərdi:

1) Dövlət büdcəsindən ayrılan, əhalidən və müəssisələrdən toplanan tibbi sığorta vergiləri bir vahid mənbədə toplanmalı (buna heç bir etiraz ola bilməz, doğrudur)

2) Bundan sonra, həmin vəsait hesabına bazarda mövcud olan Tibbi Sığorta Şirkətlərindən Tender üsulu ilə 11 milyon əhalinin hər biri üçün uyğun bir sığorta paketi alıb əhaliyə vermək (qeyd edim ki, bu gün Azərbaycanın Tibbi sığorta bazarında 50 manatdan 5000 manat kimi tibbi sığorta paketləri satılır: bürünc, gümüş, qızıl, almaz, platinium paketləri və s. Bu gün adıgedən Agentlik tərəfindən ölkə əhalisi məhz 150 manata sığortalanıb. Bazarda isə 150 manata daha üstün, daha keyfiyyətli paketlər mövcuddur). Dövlət tibb müəssisələrini isə hərrac yolu ilə satmaq.

Bu halda artıq sadaladığımız o qədər mürəkkəb idarə modelinə də ehtiyac qalmır: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də, TƏBİB də, Müşahidə Şurası da ləğv olunur, Səhiyyə Nazirliyi nəzdində kiçicik bir “Tibbi Sığortaya nəzarət” departamenti yaratmaq tam kifayət edr. Bu halda Bakıda yaşayan vətəndaşla əyalətlərdə yaşayan vətəndaş arasında heç bir fərq yaranmır – hamı xəstəxanaların gözündə eyni dərəcədə, belə desək “yağlı” müştəri olmuş olur, çünki hər birinin hesabında eyni məbləğdə pul var (illik 20-30 min manat).

Beləliklə dövlətin sığorta pulu uğrunda ölkənin sığorta şirkətləri arasında, əhalinin sığorta hesabındakı pullar uğrunda isə xəstəxanalar və həkimlər arasında aqressiv rəqabət formalaşır.Tanınmış xəstəxanalar ən ucqar bölgələrdə də filiallar açmağa maraqlı olur (çünki oradakı pasientlərin hesabında da eynən Bakıdakı pasientlər qədər pul var,  20-30 min manat). Hazırkı halda isə, adıgedən sığorta şirkəti (Agentliyin yaratdığı sığorta şirkəti) öz büdcəsinə qənaət etmək üçün bütün rayonlarda Təcili Yardım məntəqələrini ixtisar edib, ancaq rayon mərkəzində bir Təcili Yardım Mərkəzi saxlayıb (bəzi rayonlarda mərkəzdən ucqar kəndlərə qədər məsafənin 100 km-dən artıq olduğunu nəzərə alsaq, bunun nə demək olduğunu aydın təsəvvür edə bilərik), nəinki Təcili Yardım Mərkəzləri, hətta bahalı avadanlıqlar belə (məsələn MRT) hər rayondan alınıb, region üzrə bir vahid mərkəzə verilib və ərazidəki 4-5 rayon öz pasientlərini MRT üçün qonşu rayona göndərir, orda isə tünlük səbəbindən növbə bəzən ağır xəstəyə 10 gün sonra çatır;

Xəstəxanalarda korpuslar birləşdirilir, məsələn, 1 saylı Şəhər Kliniki Xəstəxaxanası (keçmiş “Semaşko” adına xəstəxana) hələ Sovetlər dönəmindən bəri 3 fərqli yoluxucu xəstəliklər korpusu fəaliyyət göstərirdi.Onlarda hətta hər növ yoluxucu xəstəliyin qəbul otağı da fərqli idi. Həmin xəstəxana TƏBİB-in balansına keçəndən sonra, bütün tibb qanunlarının ziddinə olaraq, onların hamısı birləşdirilərək,  1-ci korpusa verildi (digər korpusların təyinatı da dəyişdirildi). TƏBİB-in bu anormal islahatının nəticəsi nə oldu? Nəticəsi çox “yaxşı” oldu. Çünki bu gün orada Hepatit, Suçuçəyi, SPİD (QİÇS), Qrip, Malyariya, Brüsselyoz, Qızılca, Qara yara, Bağırsaq infeksiyaları, Zoonus, Hava-damcı xəstələri və s. hamısı nəinki bir otaqda qəbul olunur, hətta bir mərtəbədə xoşbəxtcəsinə müalicə alırlar. TƏBİB-in bu islahatının dünyada analoqu varsa, xahiş edirik bizə də deyin.

Stasionar xəstələr sağaldı, ya sağalmadı tezbazar evə yazılır ki, qalan dava dərmanı öz hesabına alsın və bununla da sığortanın büdcəsinə qənaət olunsun.

Bu gün Azərbaycan bazarında mövcud olan digər Tibbi Sığorta Şirkətlərində isə  hər şey tərsinədir (hansılar ki, Tender və müsabiqə yolu ilə işləmələri yeganə  düzgün yoldur): Sığorta Şirkətlərinin qoyduğu yüksək standartlara cavab verməyən Xəstəxanalarla müqavilə bağlamırlar. Amma müasir tələblərə cavab verən istənilən xəstəxana ilə əməkdaşlıq edirlər; Diaqnoz və müalicələri dəfələrlə səhv çıxan (yəni zəif) həkimlərlə əməkdaşlığı dayandırırlar. Diaqnoz və müalicələri effektli olan həkimə daim müştəri göndərirlər. Nəticədə zəif həkimlər bazardan çıxır, yüksək səviyyəli həkimlər isə ayda hətta 3-5 min manat və hətta daha çox pul qazana bilirlər. Buna nail olmaq üçün də bazarda rəqabət yaranır, həkimlər daim öz üzərlərində işləyirlər. Bu sistemin sonunda gələcəkdə ölkəmizə tibbi turizm axınının yaranmasına səbəb ola bilər (bu gün müalicə üçün bir çox vətəndaşlarımız İrana, Türkiyəyə getdikləri kimi, gələcəkdə də pasientlər bizə xaricdən gələr və burda pul xərcləyə bilərlər).

İcbari Tibbi Sığrta üzrə Dövlət Agentliyinin yaratdığı monopol sistem, bütün bu bazarın və fəaliyyətin öldürülməsinə, sığorta şirkətləri, xəstəxanalar və həkimlər arasında rəqabətliliyin heçə endirilməsi yolu ilə Sovet dövrünə oxşar durğun bir sistem yaratmaqla, ölkə səhiyyəsinə və iqtisadiyyatına geri qaytarılması mümkün

olmayan ağır zərbələr vurur(10 illər ərzində formalaşmış sığorta şirkətlərini bazardan çıxarmaqla və onlarla işləyən xəstəxanaları ağır duruma salmaqla).

Yekunda xüsusi qeyd edim ki, mənim bu iradlarıma, fikirlərimə Səhiyyə Nazirliyinin ən yüksək dairələrində (nazir və nazir müavinləri səviyyəsində) baxılıb, və çox yüksək dəyərləndirilib (Lakin onların ölkə Prezidentinin Fərman və Sərıncamları ilə yaradılan və idarə olunan bu Agentliyin fəaliyyətinə müdaxilə səlahiyyəti yoxdur). Onların təşəbbüsü ilə bu müraciət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də  baxıldı.Onlar 1 sığorta şirkətindən başqa 2-cisi ilə işləməyəcəklərini qəti surətdə bildirdilər və fikirlərini belə əsaslandırdılar:

“Gəlirlərin vahid daxıla toplanması yolu ilə və vahid qurumun nəzarəti altında tətbiq edilir, bu isə öz növbəsində vəsaitlərin daha səmərəli və planlı şəkildə istifadəsinə, sistemin parçalanmasının qarşısının alınmasına, eləcə də müxtəlif sığorta şirkətlərinin cəlb olunması halında yaranacaq inzibati xərclərdən qorunmağa şərait yaradır; həmçinin aparılmış təhlillərin və ekspertlərlə müzakirələrin nəticəsində icbari tibbi sığortanın ayrı-ayrı şirkətlər vasitəsi ilə tətbiq

 edilməsi zamanı inzibati xərclərin 7-8%, vahid qurum tərəfindən,  icrası zamanı isə 3% təşkil etdiyinin müəyyən edilib; bəzi sosial layihələrin icrasının dövlətin birbaşa müdaxiləsi olmadan bazar iqtisadiyyatının prinsipləri ilə tənzimlənəcəyi halda, həmin layihələrin mənfi nəticələrinin həm əhali, həm də digər iştirakçılar üçün qaçılmaz olması müəyyən edilib” Bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi cavabıdır.

Bunun tipik monopolist cavabı olub-olmadığını, xahiş edirəm özünüz müəyyən edin! Mən sadəcə öz tərəfimdən deyə bilərəm ki, bu arqumenti monopoliyaya meylli istənilən nazirlik və qurum deyə bilər: “ölkədə hərəsi bir şirkətə məxsus olan çoxlu marketlərin olması iqtisadi baxımdan ziyandır (yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib və s.), ondansa hamısını birləşdirib bir marketlər şəbəkəsinin ixtiyarına vermək daha məqsədəuyğu deyilmi? Ölkədə bu

qədər Tikinti şirkətinin, Sığorta Şirkətinin, Bankın, Mobil Operatorun, Broyler firmasının və s. olması israfçılıq yaradır (yenə yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib və s.). Ondansa, Sovet dövründə olduğu kimi, bir vahid tikinti konserni, sığorta şirkəti, bank, Mobil Operator, Quşçuluq fabriki yaratmaq yüzlərlə rəhbər ştatın ixtisarı hesabına iqtisadi mənfəət əldə olunmasına səbəb olar” və s. Gözəl iqtisadi model deyilmi?  Amma görəsən, nəyə görə Dövlət Agentliyinin  sadaladığı həmin problemlər (yüzlərlə müdir, yüzlərlə katibə, yüzlərlə mühasib, idarəçilikdə xaos və s.) avtomobil, mənzil və s. sığortasında ortaya çıxmır, təkcə insan sığortasında yaranır?! Fərq nədir? Və indiyə qədər ölkənin əksər böyük  şirkətləri (SOCAR, BP, FHN və s.) öz əməkdaşlarını sadaladığım özəl tibbi sığorta şirkətlərində (Paşa Sığortada, Arəşgah Sığrtada və s.) sığortalamışdılar (hansıların ki, təcrübəsini bütün ölkəyə tətbiq etməyi öz müraciətimdə təklif etmişəm).

Görəsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dediyi həmin xaos, başıpozuqluq indiyə qədər bu şirkətlərdə niyə yaranmamışdı? Və yaxud, Qərb ölkələrində niyə yaranmır o xaos – hansılarda ki, təkmənbə ilə işləmək hətta cinayət hesab olunur? Yuxarıda sadaladığım Qanunlar (hansıların ki, bu qurumun fəaliyyətində pozulduğunu göstərmişdim) niyə hamıya şamil olunur və heç kim ziyan görməyib. Amma niyə bu, Agentliyə şamil olunmamalıdır? Belə çıxır ki, o qanunların hər biri ancaq hansısa 5-6 quruma aiddir, digər hər bir müəssisənin məxsusən özünə aid olan  Mülki Məcəllə, Cinayət Məcəlləsi, Antimonopol qanunu və s. olmalıdı?

 Belə çıxır ki, “Araz”marketlər şəbəkəsi üçün ayrıca Qanun yazıla bilər ki, bu mağazalar şəbəkəsi işçiləri ilə əmək müqaviləsi bağlamadan da işləyə bilər. “Rahat” qanun yazılar ki, market üçün – kassa aparatı olmadan işləsinlər. OBA-marketlər şəbəkəsi üçün qanun yazılar ki, burada vaxtı ötmüş, köhnə məhsulların satılması cinayət hesab edilmir və s.

"Anti-inhisar fəaliyyəti haqqında", “Dövlət satınalmaları haqqında”, “Haqsız rəqabət haqqında” AR Qanunları universal deyil, kim istəsə onlara riayət edə bilər, kim istəsə yox??? Prinsip belədir? Xaos – məhz qanunlara bu cür selektiv yanaşanda, özünü mövcud qanunlardan üstün, kənar, əlahiddə hesab edəndə yaranır, qanunlara hamı kimi tabe olanda isə, yox. Rəqabətlilik mühitindən indiyə qədər heç vaxt, heç bir ölkə ziyan çəkməyib  Əksinə, Sovet dövləti məhz bütün sferalarda rəqabətin boğulmasına görə dağıldı və Azərbaycan dövlətində də bu gün inkişafdan geri qalan bütün sektorlar ancaq və ancaq dövlətin və ya ayrı-ayrı nüfuzlu şəxslərin monopoliyası altında olan sektorlardır (dövlət məktəbləri, dövlət tibb müəssisələri, Dəmir yolu nəqliyyatı, və s.).

 Rəqabətin mövcud olduğu bütün sektorlar Avropa səviyyəsində yüksək məhsul və xidmət təklif edirlər: Taksi xidmətləri, Marketlər şəbəkələri, Broyler firmaları, Özəl Liseylər, Özəl Tibb müəssisələri, Özəl Tibbi Sığorta xidmətləri və s. Dövlətin tələbatı üçün də istənilən məhsul və xidməti sıfırdan  başlayıb yaratmaqdansa (“yeni velosiped icad etməkdənsə”), bazardan tender, müsabiqə, kotirovka üsulu ilə almaq həm bazarı stimullaşdırar, həm ölkə iqtisadiyyatına fayda verər, həm də dövlət mövcud olanın ən keyfiyyətlisini əldə etmiş olar. Kapitalizm prinsiplərinə, bazar iqtisadiyyatına, rəqabətlilik metoduna alternativ inkişaf modeli hələlik kəşf olunmayıb!

Sonda: “Tibbi Sığorta haqqında” qanunun yuxarıda qeyd etdiyim qanunlarla  ziddiyyət təşkil etməsini, yəni bu səhvi aradan qaldırmağın yeganə bir yolu var: Səlahiyyətli qurumlar, həmçinin hüquqşünaslar, o cümlədən qanunuverici orqan olan Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət etməli və möcud ziddiyyəti sübut edərək, həmin qanunun ləğv edilməsinə nail olmaqdır.

Qarşı tərəfin də mövqeyini dinləyib, dərc etməyə hazırıq.

 Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

 P.S. Növbəti yazımızda tanış ola bilərsiniz:

  1. TƏBİB-in Şəkər xəstələrinə niyə insulinləri, dərmanları həkimin və xəstənin xəbəri olmadan dəyişdirib əvəzediciləri, özü də kəsrlə verir?
  2. TƏBİB Şəkər xəstələrinə verilməli olan iynə dərmanları qanunsuz olaraq azaltmaqla, onları tədricən ölümə məhkum etmək göstərişini kimdən alıb?
  3. TƏBİB Şəkər xəstələrinə qanunla ayda 50 ədəd nəzərdə tutulan qanda şəkərin ölçülməsi üçün test çubuqlarını niyə 25 ədəd, özü də 6 aydan, bəzən də ildə bir dəfə verir?
  4. TƏBİB Şəkər xəstələrinə qanunla ayda 50 ədəd nəzərdə tutulan sidikdə şəkərin ölçülməsi üçün test çubuqlarını niyə ümumiyyətlə, indiyə qədər heç kimə vermir?

5.TƏBİB “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasın təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarına niyə arxa çevirib? Bütün bunlar və TƏBİB-in digər qanunsuz, hətta şok edici faktları barədə arşdırma yazını növbəti saylarımızda oxuya bilərsiniz…

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN