Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqi tərk etməzdən bir neçə gün əvvəl ölkədə hakimiyyətin müxalifət qüvvələri tərəfindən ələ keçirilməsi fonunda silahlılarla danışıqlar aparmaq üçün Rusiya ilə əlaqə saxlamağa çalışıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Əsəd Moskvaya Cenevrədə Suriya müxalifətinin nümayəndələri ilə danışıqlara hazır olduğuna işarə edib. Ancaq bu mesaj Rusiyaya çatmayıb.
Nəşrin məlumatına görə, siyasətçi dekabrın 7-də böyük oğlu Hafizlə Rusiya zirehli maşını ilə Dəməşqdən çıxıb, o, Rusiyanın Xmeymim aviabazasına yollanıb.
Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” elan edib. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra TASS-ın Kremldəki mənbəsi bildirib ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib.
E.ŞİRİNOV