Müğənni sayılan Şəbnəm Tovuzlu həyat yoldaşından ayrılması haqda danışarkən bir sayta belə deyib: “Düşündüm ki, ömrümün sonuna qədər onunla addımlaya bilmərəm. Onda gələcəyimi, sonumu görmürəm”.
P.S. Ay Şəbnəm, keçmişi olmayanın gələcəyi necə ola bilər ki, hələ onun sonunu da görə biləsən? Həyat yoldaşınla ömrünün sonuna qədər addımlaya bilmədiyini görüb ayrılmağa qərar vermisən. Düz eləmisən. Şair Söhrab Tahirin “Moddur indi” şeirində dediyi kimi eləmisən:
“Ağart saçı, yol onu sən,
Saçı yolmaq moddur indi.
Bir il qaldın, boşan ərdən,
Ərsiz qalmaq moddur indi”.
İndi ay Şəbnəm, maraqlıdır dediyin o sponsor Həci bu məsələyə necə baxır? Ərsiz qalmağın Həcinin puluna təsir edib, narahat etmir ki?
***
Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan özü haqqında yazılanlara “10-da görüşək” verlişində münasibət bildirərkən belə deyib: “Yaxşı da deyəndə başa düşmürlər. Birinə yaxşı söz deyirəm, pis başa düşür. Sosial şəbəkədə baxıram, Elza niyə bunu geyindi, yazdı, oxudu yazırlar. Kim suda boğulur, ağacdan düşür Elza Seyidcahana əl atır”.
P.S. Ay Elza, əl atmalıdırlar dəə... Bilirlər ki, sənin saçın bir metrlik müxtəlif əndrabadi şeylərlə doludur. Bəzən saçında elə bil meşə olur, ağac olur, bəzən də dağ olur, bağ olur və s. Hələ analoqu olmayan dəmir-dümür geyimlərindən danışmıram. Ona görə də dediyin o suda boğulan, ağacdan düşən sənə əl atır və bilirlər ki, səndə ələ gələsi nəsə olacaq. Qaldı “birinə yaxşı söz deyirəm, pis başa düşür” məsələsinə, burada məsələ, bakılılar demiş, alayı cürdür. Ona görə ki, ay Elza, sənin o yaxşı bildiyin söz yaxşı deyil axı. Məsələn, sənin yaxşı dediyin və üstündə bərk-bərk əsdiyin “bir əlim qabağımda, bir əlim dalımda”, “qadın iki şey istəmir, bir şey istəyir”, “tikim sənin ağzını” və s. kimi sözlərə sən ağılda olanlar yaxşı deyə bilər. Səndən yaxşı söz, yaxşı hərəkət, yaxşı geyim, yaxşı saç düzümünü ancaq Maştağadakı xəstəxanadakı dəlilər gözləyə bilər. Maştağa dedim, yadıma düşdü, ay Elza, sən də yolunu oradan salsan pis olmazdı. Heyvanlara konsert verə bilərsən, dəlilərə yox? Özün də narahat olma, sənə heç kəs gülməz. Necə deyərlər, dəli dəliyə qoşulanda dəyənək göydən gələr. Bir də ki, məhz bu xəstəliyinə görə heç kəs səni başa düşmür dəə...
***
Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədəki səhifəsində kürəyi, sinəsi, göbəyi, baldırları yaxşı görünən şəkillərlə fotoqraf önündə pozalar verib.
P.S. Tünzalə Ağayeva xalq artisti olduğu üçün pozanın dozasını bir az çox verib. Necə deyərlər, göstərmək istəyir ki, ... əşi yox e, başqa şey göstərmir, yəni demək istəyir ki, 45 yaşı olsa da hələ rəqabətə davamlıdır. Sənətdə yox a, soyunmaqda.
***
Təhsil eksperti Kamran Əsədov təhsildə mövcud olan kurikulumdan danışarkən bir qəzetə belə deyib: “Bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər”.
P.S. Kamran bəy, ay pir olmuşun nəvəsi, bu zəhrimar kurikulumun nə adını yazmaq olur, nə də dildə tələffüz etmək mümkündür. Bu sözün Azərbaycan dilində əvəzləyicisini hələ tapa bilməyiblər. Beləcə dilimizə və təhsilimizə yad olan bir şey nəyimizə lazımdır? Xoruz yox idi, səhər açılmırdı? Kurikulumsuz keçən dövrlərdə şagirdlər daha savadlı olurdular. Misir Mərdanovun nə vaxtsa təhsilimizə sırıdığı bu yad söz və üsuldan təhsilimizi nə vaxt xilas edəcəyik?
***
Ermənistan yenə bizi qabaqladı. Mətbuatdan məlum olur ki, Ermənistan bizi etnik təmizləməyə görə BMT-nin ən yüksək məhkəmə instansiyasına ünvanladığı iddia ərizəsində yazıb: “Azərbaycan onilliklər ərzində dövlət səviyyəsində yürüdülən erməni nifrəti siyasəti ilə erməniləri etnik diskriminasiyaya məruz qoyub”.
P.S. Necədi sizin üçün? “KVN” teatrında deyildiyi kimi,”Qara məni basınca, mən qaranı basım gərək”. Nə qədər ki, biz qaranı basmamışıq, ermənilər xımır-xımır işlərini görəcək və bizi cəzalandırmağa nail olacaqlar. Biz isə hələ erməniləri Bəynəlxalq məhkəməyə vermək üçün sənəd yığırıq. Bəlkə də hansısa damarında erməni qanı axan bir məmur bu məsələni tormuzlayır? Amma tezliklə Azərbaycan ərazisində törətdikləri ağır cinayətlərə görə Beynəlxalq məhkəməyə müraciət etməsək Ermənistanın belə məhkəmə oyunları hələ çox olacaq və “n” qədər vaxtımızı alacaqlar.
***
Pahooo, ermənilərdən təzə hoqqalar çıxır. Qəzetlərin birində yazılıb ki, indiyə qədər öyündüyümüz, qürur duyduğumuz, haqqında qəhrəmanlıq nəğmələri qoşub, oxuduğumuz “Koroğlu” dastanını sən demə Təbrizyan adlı erməni yazıb və belə bir qəhrəman olmayıb.
P.S. Deməli, Koroğlu da erməni çıxdı. Amma Koroğlunun çapıb taladıqlarının, qırıb çapdıqlarının hamısının türk paşaları, xanları, bəyləri olduğunun və bircə nəfər də qeyri-millətin olmadığını nəzərə alanda, vallah adam min şübhəyə düşür. Keçəl Həmzədən fərqli olaraq Koroğlunun övladları da olmadı ki, nəsil, şəcərəsini axtaraq. Hər halda tarixçilər öz sözünü deməlidir.
***
Ərdəbil şəhərinin İmamcüməsi Ayətullah Seyid Həsən Amili dübarə qatıqlayıb. İndi də Azərbaycan haqqında şirin quyruğu haqqında yox, başqa şey danışır: “Çox qüssəlidir. Azərbaycan, İran hansı xidməti sənə etməyibdi? Dünyada hansı məmləkət İran qədər sənə xidmət edibdi? Torpağımızı səninlə bölüşürük”.
P.S. Bu İran mollası “toçno” nəyisə çaşdırır. Biz yaxşı bilirik ki, İran bizimlə narkotikləri bölüşdürür, mollaları bölüşdürür, məhərrəmliyi bölüşdürür, Qarabağda qələbə “carçısı” olan fətvanı bölüşdürür. Amma İran bir torpağı, bir də erməniləri bizimlə bölüşmək istəmir. Əgər İran erməniləri bizimlə bölüşsə, biz bilərik onlarla nə edərik? İran nədənsə ermənilərə özü sahiblənmək istəyir. Daha neyləmək olar? Görünür həmin sözləri deyəndə Seyid Həsən Amilinin başı ya havalı, ya dumanlı olub. Allah şəfa versin.
***
Mətbuatdan məlum olur ki, Sentyabrın 22-də birinci sinifə gedən hər bir uşağa valideynlər məktəb ləvazimatlarına, çantaya, məktəbli formasına, ayaqqabısına və digər zəruri vasitələrə 200-300 manat arası pul xərcləyiblər.
P.S. O məsəl var e, “ayının min oyunu bir armudun üstündədir”. Elə dərslərin bu koronavirusun meydan suladığı vaxtda, sentyabrın 15-də yox, 22-də açılması məhz bu pullara görədir dayna. Əsas odur ki, işbazlar və onların arxasında duranlar şagirdlərin hesabına babat pullar qazandılar. Dərslər isə uzağı 10-15 gün davam edəcək. Sonra bir neçə məktəbdə viruslu şagird, müəllim ya da valideyn tapılacaq və dərslər yenidən dayandırılacaq. Mən ölü, siz diri. Belə olmasa, mənə nə desəniz haqqınız var.
***
Müğənni kimi yumurtadan “ding” eləyib, təzəcə çıxsa da professional xanımlar kimi danışan Vəfa Şərifova özünün bahalı, hətta lifti olan villasında bir sayta müsahibə verərkən deyib: “Mənə deyirlər haram pullar qazanır, mən iki yaşımdan toylara gedirəm. Ona görə də mənim bu villadan başqa şəhərdə də ev ala bilirəm, maşın ala bilirəm, toylarda saatlarla hündür kablokda dayanıram. Ayın 30 gününü, 20 gününü toylarda oluram. Bir əziyyətlə pul qazanıram, niyə haram olur ki və s.
P.S. Həə... Deməli, Vəfa xanım ayın 30 günündən 20-ni toylarda olur. Bəs qalan o 10 günü görəsən nə işlə məşğuldur? Bəlkə qalan o 10 günü babat konsertlər verib əlavə pul qazanır? Yox əşi, Za... Za... Za... zarafat edirəm. Qalan 10 günü yəqin sponsorla növbəti yaradıcılıq planlarını qururlar. Elə dediyindən də görünür ki, bu yazıq Vəfa gecə də, gündüz də işlədiyindən çox zəhmətkeş xanımdır. Ona görə də belə bahalı villa, bahalı maşın ala bilir dəə... Halal olsun, mən ölüm. Kişinin qızı bu cavan yaşında pul qazanmağı bacarır dəə...
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.