Millət vəkili Məlahət İbrahimli: “İnanıram ki, bu problem tezliklə həllini tapacaq və veteranlıq məsələsinə də aydınlıq gətiriləcək, bununla da minlərlə veteranlar layiq olduqları adı alacaqlar”
...İranın Azərbaycana qarşı aqressiv siyasəti, bir tərəfdən Ali Baş Komandan, Prezident İlham Əliyevin Suqovuşandan Serj Sərkisyana və onun kimi revanşist daşnaklara ünvanladığı samballı cavabları, digər tərəfdən də Zəfər Bayramının ildönümünə az qalmasına baxmayaraq, II Qarabağ savaşında qəhrəmanlıqlar göstərmiş igidlərin veteran adının alması üçün çalışmaları bəzi suallar yaradıb. Jurnalist və I Qarabağ döyüşünün iştirakçısı və Qarabağ veteranı kimi məni və bizə müraciət edən minlərlə döyüşçüləri veteranlıq adının hələ də niyə verilməməsi maraqlandırır.
Onu da nəzərə alsaq ki, mənim oğlum da II Qarabağ döyüşünün iştirakçısıdır və minlərlə qəhrəmanlarımız kimi, onu da bu sual düşündürür... Bu barədə redaksiyamıza da çoxsaylı veteranlar müraciət edir. Onların arasında həm əsgər kimi döyüşdə iştirak edənlər, həm də səfərbərliklə gedib-gələnlər var. Onların suallarına cavab tapmaq məqsədilə bir neçə dəfə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamışıq. Medalların verilməsi barədə bildiriblər ki, “bu iş mərhələli həyata keçirilir və hamıya medal təqdim olunacaq. Ancaq veteranlıq məsələsi Müdafiə Nazirliyinin səlahiyyətində deyil. Bu işə Nazirlər Kabineti baxır”.
Nazirlər Kabinetinin mətbuat xidməti ilə də əlaqə saxlamışıq. Oradan da cavab verilib ki, “Yüz minə qədər veteran var, araşdırma gedir, tezliklə döyüşənlərə veteranlıq adı veriləcək...Ona görə də ciddi araşdırma gedir”.
Bu söhbətdən bir neçə ay keçməsinə baxmayaraq, hələ də döyüşçülərə veteranlıq adı verilmir. Veteranlıq adının verilməsi üçün Prezidentin sərəncamı ilə xüsusi komissiya da yaradılıb. Əgər hərbi hissələrin verdiyi rəsmi siyahı əsasında Prezident cənab İlham Əliyev on minlərlə döyüşçülərə orden və medalların verilməsi haqqında sərəncam imzalayıbsa, elə həmin sərəncam da veteranlığın verilməsi üçün rəsmi sənəd kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, II Qarabağ savaşının üç qalibi var: - Şəhidlər, qazilər və veteranlar, onda bunları bir-birindən ayırmaq da günahdır. Çünki o veteranlar da, ya şəhid, ya da qazi ola bilərdi. Biz də həm yuxarıda qeyd etdiyimiz iki mövzu və həmçinin bu veteranlıq məsələsi ilə bağlı bəzi suallara aydınlıq gətirmək üçün Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimli ilə əlaqə saxladıq. Məlahət xanımla hər üç mövzu ətrafında çox maraqlı söhbət etdik. İnanırıq ki, bu söhbət oxucularımız üçün də maraqlı olacaq.
- Məlahət xanım, bildiyimiz kimi, son vaxtlar İran dövləti Azərbaycana qarşı həm etik, həm də diplomatik çərçivədən kənar siyasət yürüdür. Prezident İlham Əliyev Suqovuşanda olarkən İran siyasətinə qarşı çox samballı mesajlar ünvanladı. Sizin siyasətçi və millət vəkili kimi fikrinizi bilmək istəyirik ki, niyə İran bizimlə belə çəkişir və 44 günlük savaşıb qazandığımız qələbəni niyə həzm edə bilmir?
- Əvvəlcədən qeyd etmək istəyirəm ki, çox vacib bir məsələyə toxunursunuz. Bu problem hazırda bütün ictimaiyyəti narahat edir. Seçicilərimizlə görüşlərdə də onlar İran siyasətçilərinin və rəhbərlərinin Azərbaycana qarşı dost olmayan bu münasibəti barədə suallar verirlər. Onları ittiham edirlər, bu barədə öz fikirlərini bildirirlər... 44 günlük II Qarabağ savaşında qazandığımız qələbədən sonra, İranın Azərbaycana qarşı qəzəbi, qərəzli yanaşması, əsassız ittihamlar səsləndirməsi onu göstərir ki, Azərbaycan müstəqilliyini qazanandan sonra İran bizə qarşı səmimi deyil. Prezident cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan həm də qonşu dövlət olan İrana çox etibarlı və səmimi, dost münasibəti göstərib. İranla bizim ortaq dəyərlərimiz çoxdur. Dinimiz bir, mədəniyyətimiz birdir. Bizim orada 40 milyondan çox soydaşlarımız, qardaş, bacılarımız var. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də indiki Prezidentimiz İlham Əliyevin vaxtında İranla münasibətə həmişə xüsusi önəm verilib. Yadınıza gəlirsə, 2003-cü ildə C.Buşun prezidentliyi dövründə Amerika ilə İran arasında münaqişə getdikcə böyüyürdü. O vaxt belə bir fikir səslənirdi ki, Amerika Azərbaycanın hərbi aerodromlarından istifadə etməklə, İrana zərbələr endirəcək. Möhtərəm Prezidentimiz 2003-cü ildə təzə seçilməsinə baxmayaraq, Amerika kimi qüdrətli bir dövlətlə üz-üzə gəlmiş və bildirmışdi ki, İranın vurulması üçün Azərbaycanın hərbi poliqona çevrilməsinə icazə verməyəcək. Cənab İlham Əliyev İrana qarşı o vaxt belə səmimi və dost münasibət göstərib. İran bunu nə tez unutdu? Biz isə bunun qarşılığını İrandan görmədik. 30 il işğal dövründə İran rəhbərləri bircə dəfə də demədilər ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub, Qarabağ Azərbaycanın ərazisidir və s. Hələ bu azmış kimi, İran bütün gücü ilə Ermənistana siyasi, hərbi və maddi dəstək göstərdi. İran TIR-ları dayanmadan Ermənistana yük daşıyırdı. Nəhayət, bu məsələ Prezidentimizin səbrini daşırdı və açıq mətnlə bu siyasətin yolverilməz olduğunu İrana çatdırdı. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycanın nüfuzu ilə oynamaq olmaz. Hamımız yaxşı bilirik ki, hazırda Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir, sözü ilə əməli düz olan bir dövlətdir. 44 günlük müharibə ilə Azərbaycan nəinki 30 illik işğaldan ərazilərini azad etdi, hətta 200 illik erməni mifinin və havadarlarını darmadağın olmasəna səbəb oldu.
-Prezident İlham Əliyev Suqovuşanda olarkən Ermənistanın sabiq prezidenti Serj Sərkisyan haqqında arxiv sənədləri əsasında çox maraqlı və sərt fikirlər söylədi. El dili ilə desək, bu erməni dığasını yaman günə qoydu. O ağır sözlər ki, ünvanına deyildi, necə bilirsiniz bundan sonra S.Sərkisyan və onun kimi revanşistlər ayıblarına kor olub, utanıb sakit dayanacaqlar, yoxsa yenidən nəsə deməyə cəsarət edəcəklər?
-Utanmaq hissi onlara aid deyil. Bu qədər barbarlıqdan, bu qədər faşist hərəkətlərindən sonra onlarda utanan hiss olarmı? 30 illik işğal dövründə bizim rayonlardakı evləri, qəbirləri, bir sözlə hər şeyi dağıdıb, yerlə bir edən millətdə utanmaq hissi ola bilməz. Evi tikmək asandır, nəinki onu dağıtmaq. Bu o deməkdir ki, erməni xalqının Azərbaycan xalqına və türk millətinə görün nə qədər nifrəti var. Tutaq ki, torpaqları işğal etdiniz, sakinləri evlərindən didərgin saldınız, bəs təbiətdən, ağacdan, sudan acıq almaq nə deməkdir?
- Məlahət xanım, üzr istəyirəm, onların bu barbarlığı o demək deyilmi ki, bu millətin kökü, qədim dövləti olmayıb... Qədim dövləti və kökü olan bir millət heç vaxt belə vəhşiliyə yol verməzdi. Yüz il əvvəl Azərbaycan torpaqları hesabına dövlət yaradıblar, ona görə də dövlətçiliyin nə olduğunu bilmirlər və bu səbəbdən də amalları dağıtmaq, terror etmək, öldürməkdir. Belə deyilmi?
- Bəli, elədir. Prezidentimiz haqlı olaraq qeyd edir ki, bunlar xəstə təxəyyüllü xalqdır... Tarix də göstərir ki, bunlar harada yaşayıblarsa, bir müddətdən sonra oranın erməni torpağı olduğu iddiasını irəli sürürlər. Baxın, Krasnodarda ermənilər faşist cəlladı Nijdeyə heykəl ucaldıblar. Görün bunlar nə qədər həyasızdırlar ki, Krasnodarda belə bir işə qol qoyublar və çox adamlar da bunların xəstə təxəyyülünə uyaraq faşizmin qurbanı olublar. Onlar gələcəkdə Rusiyada, Fransada, Koliforniyada və digər sıx yaşadıqları ölkələrdə belə problem yaradacaqlar.
- Bu 44 günlük müharibə ermənilərin bəzilərinin beynində elə bil silkələnmə yaradıb və onlardan az da olsa, həqiqəti dərk etməyə başlayanlar var. Ara-sıra sosial şəbəkələrdə bunları görürük. Razısınızmı bu fikirlə?
-Düzdür, tək-tük həqiqəti deyənlər var. Amma onların tam sağalması üçün çox uzun illər lazımdır. Əgər onlar Xocalı qatilinə qucaq açıb, meydan verirlərsə, daha bunlardan nə gözləyəsən? Nə qədər ki, uşaq qatili olan Serj Sərkisyanı lider kimi qəbul edəcəklər, onun ideologiyası ilə oturub duracaqlar, onda həmişə Azərbaycana və Türkiyəyə qarşı ideoloji mübarizə də aparacaqlar, müəyyən problem də yaradacaqlar. Bax, mən tvitterdə baxıram, bu qondarma “Artsax” ki var, hansı ki, Prezidentimiz demiş, artıq gorbagor olublar, onların rəhbərləri aktivdirlər. Guya “artsax” adında dövlət var, onun nazirləri var...
-Bu da təbii ki, onların həyasızlığının bir nümunəsidir ki, olmayan şeydən danışırlar...
-Bəli, elədir. Onlar bu yazıları ingiliscə yazırlar, mən də onlara elə ingiliscə yazaraq, soruşuram ki, sən hələ sağsan? Sən nə qədər utanmaz, şərəfi olmayan bir adamsan? Bu, o deməkdir ki, onların hələ kifayət qədər revanşistləri var. Fransada, Rusiyada, Amerikada və digər yerlərdə yaşayan erməni revanşistləri, hələ də qələbəmizi həzm edə bilmirlər. Ona görə də sosial şəbəkələrdə dövlətimiz, ayrı-ayrı insanlar haqqında ağızlarına gələni yazırlar. Azərbaycan hazırda regionda lider dövlətdir. Bu gün artıq 3+3 formatda görüşlər keçirilir, planlar qurulur. Bu, çox böyük bir tarixi nailiyyətdir. 3+3- Azərbaycan, Türkiyə, Rusiya deməkdir. 3+1-də isə Emənistan da bura düşə bilər. Əlbəttə, qonşulara qarşı ərazi iddialarından əl çəksələr. Elə 3 dövlət özü də regionda və dünyada çox böyük gücə malikdir...
- Məlahət xanım, İran və Ermənistan məsələsi ilə bağlı kifayət qədər ətraflı məlumat verdiniz. Məlumat üçün qeyd edim ki, mən I Qarabağ döyüşünün iştirakçısıyam. Oğlum isə II Qarabağ döyüşünün iştirakçısıdır, medalla da təltif olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu veteranlar da, ya şəhid ya da qazi ola bilərdilər. Amma Allahın köməyi ilə sağ qalıblar. Gələn ay qələbəmizin bir ili tamam olur. Amma hələ də bu igidlərə veteranlıq adı verilmir ki, 80 manat olan Prezident təqaüdünü, onlar da alsın. Siz necə bilirsiniz, Milli Məclisdə bu barədə məsələ qaldırmaq olarmı ki, qələbəmizin il dönümünə qədər onların veteranlığı verilsin?
-Çox sağ olun, bu, çox vacib bir məsələdir. Milli Məclisin payız sessiyasının ilk açılışında Sosial-Siyasət Komitəsinin iclasında bu məsələni gündəmə gətirdim. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev də dəfələrlə qeyd edib ki, biz bu müharibəyə yüz minlik ordu ilə getdik. Bunların müəyyən hissəsi Milli Ordumuzun, Sərhəd Qoşunlarının, Daxili Qoşunların əsgərləri idi isə, digər hissəsi də qismən səfərbərliklə gedənlər idi. Bildiyiniz kimi, tam səfərbərlik olmadı, bu da dövlətimizin gücünün göstəricisidir. II Qarabağ savaşının döyüşçüləri təkcə 3 min şəhiddən və qazilərimizdən ibarət deyil. Eyni zamanda minlərlə bu döyüşün iştirakçısı olan insanlar var. Peşəkar hərbi qulluqçular və onların şəxsi heyəti dövlət tərəfindən hər cür himayə olunur. Amma döyüşdə iştirak edən əsgərlər və səfərbərliklə gedənlər hələ də layiq olduğu qiyməti almayıblar, bunun da bilirsiniz ki, obyektiv səbəbləri var... I Qarabağ müharibəsinin veteranlarına necə müavinət verilirsə, hansı güzəştlər edilirsə, II Qarabağ savaşının veteranlarına da həmin güzəştlər mütləq şamil olunmalıdır. Hamımız bilirik ki, müzəffər Ali Baş Komandanımız belə məsələlərdə çox diqqətlidir və inanıram ki, tezliklə bu veteranların da haqqı özlərinə veriləcək, mütləq dövlətimizin qayğısı ilə əhatə olunacaqlar. Siz də qeyd etdiniz ki, müharibədə kimi şəhid olur, kimi qazi, kimi də veteran. Elə döyüşçülər var ki, yaralanıblar, onlar da hələ qrup ala bilmirlər... Bunlar hamısı tezliklə həllini tapacaq. Başqa cür ola da bilməz. II Qarabağ savaşında o döyüşçülərin hər biri döyüşüb, qələbə qazanıblar. Bizim başımızı uca ediblər, bizə şərəf gətiriblər, bizi xəcalət hissindən qurtardılar. Müharibədə qələbə qazanmaq, dövlət qurmaq türk xalqlarının qədim adətidir. Biz də türk dilli xalq olaraq, bu ənənəni davam etdirməklə, erməni faşizmi üzərində qələbə qazandıq. Biz şəhidlərə, qazilərə və veteranlara nəinki bir ömür borcluyuq, hətta gələcək nəsillər belə bu qəhrəman igidləri xatırlayacaqlar. Onlar öz canları, qanları, qəhrəmanlıqları ilə üstümüzdəki ləkəni təmizlədilər. Mənim qənaətim belədir ki, 44 günlük savaşın iştirakçıları olan veteranlara layiq olduqları ad verilməlidir və mən buna inanıram... İstər 44 günlük müharibədə şəhid, qazi olanlar, istərsə də sağ-salamat gələn veteranlar olsun, onların hər hansı bir problemini həll etməyi biz özümüzə borc bilirik.
Qarşıda bizim möhtəşəm Zəfərimizin ildönümü gəlir. Bu Zəfər günü çox böyük təntənə ilə qeyd olunacaq. İnanıram ki, həmin Zəfər Bayramına qədər veteranlarımızın adı və müavinəti veriləcək. Həmin veteranlardan mənim seçildiyim ərazidə də var. Məsələn, Seymur Babaşov var, ona 6 orden və medal verilib, maşallah olsun, əfsanəvi qəhrəmandır. Özü də snayperçi olub. O da qazi deyil, sadəcə qəhrəmanlıqlar göstərib və sağ-salamat evinə dönüb. Prezidentimiz tərəfindən ona həm orden, həm də medallar verilib. Belə bir qəhrəman necə layiq olduğu adı almasın? Məsələn, sizin oğlunuz döyüşüb və “Kəlbəcərin azad olunmasına görə” medalla təltif olunub. Müharibəyə getməyən gənclə sizin oğlunuzun fərqi təkcə medalla olmalı deyil. O və minlərlə veteranlar dövlətin qayğısı ilə əhatə olunmalıdırlar. Ona görə də inanıram ki, bu problem tezliklə həllini tapacaq və Prezidentimiz veteranlıq məsələsinə də aydınlıq gətirəcək, bununla da minlərlə veteranlar layiq olduqları adı alacaqlar.
- Ətraflı müsahibəyə görə təşəkkür edirik.
- Siz də çox sağ olun və təşəkkür edirəm ki, belə vacib bir məsələyə diqqət ayırmısınız.
Həmsöhbət oldu: Elçin MƏMMƏDLİ