“Apple” şirkətinin adı Yaponiyada vergidən yayınma ilə bağlı yeni ittihamla gündəmə gəlib.
Vergidən azad edilən alış-veriş qaydalarındakı boşluqdan istifadə edən müştərilər “Apple” cihazlarını almaqla təxminən 98 milyon dollar vergini ödəməkdən yayınıblar.
Yaponiyada xarici turistlər ölkədə altı aydan az qalarlarsa, 10 faizlik istehlak vergisini ödəməkdən azad edilirlər. Beləliklə, turistlər “iPhone” və digər cihazları alarkən istehlak vergisi ödəmirlər. Lakin araşdırma nəticəsində məlum olub ki, bəzi insanlar bu vergi güzəştindən istifadə edərək “Apple” mağazalarından yüzlərlə “iPhone” cihazı alıblar.
“Nikkei Asia” agentliyinin xəbərinə görə, “Apple Store”dan alış-veriş edən istifadəçilər 98 milyon dollar vergi kəsiri yaradıblar. Bildirilib ki, “Apple” bu vəziyyəti anladıqdan sonra vergisiz alış-veriş dəstəyini və xidməti dayandırıb.
Yaponiyanın vergi orqanları tərəfindən aparılan araşdırmalar, fərqli şirkətlərin iyun ayına qədər istehlak vergisi ödəmələri barədə hesabat vermədiyi 24.000 alış aşkar edib ki, bu da 86,9 milyard yen (651 milyon dollar) həcmində vergi kəsirinin yaranmasına səbəb olub.
Qeyd edək ki, Yaponiya hökuməti 2012-ci ildən turizmə və istehlaka xüsusi diqqət yetirir, uçuş sahələrini və rüsumsuz mağazaları genişləndirir. Turistləri alış-verişə cəlb edən vergi güzəşti ilə edilən alış-verişin həcmi 2019-cu ildə rekord səviyyəyə - 340 milyard yenə (2,5 milyard dollar) çatmışdı. Bununla belə, güzəştlər, “Apple” nümunəsində olduğu kimi, bəzi fırıldaqlara da qapı aça bilir.