Fintex şirkətlərinin inkişafı üçün Azərbaycan nisbətən kiçik bazardır.
Bu fikri Azərbaycan Fintex Assosiasiyasının İdarə heyətinin sədri Ruslan Talıbov bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bazara daxil olmaq çətinliyi ilə üzləşən şirkətlərimiz innovasiyanı daha çox zəif inkişaf etmiş ölkələrə aparırlar.
“Burada müəyyən bir səviyyəyə qədər inkişaf edirsiniz. Şirkətlər daha böyük bazarlara çıxmaq üçün digər ölkələrlə əməkdaşlığa maraq göstərirlər. Burada iki məqama diqqət etmək lazımdır. Bizdən daha yaxşı inkişaf etmiş ölkələrdə rəqabət də çox yüksəkdir. Orada bazara daxil olmaq çətindir. Ona görə də bizim şirkətlərimiz innovasiyanı inkişafın zəif olduğu ölkələrə aparırlar”,- deyən sədr vurğulayıb ki, bu cür bazarlara daxil olmaq nisbətən rahat olur.
Xatırladaq ki, bu günlərdə “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev bildirib ki, dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub və bu da fintex şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir.
Həmçinin vurğulayıb ki, maliyyə və bank sahəsində baş verən yeniliklər ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində daim təkmilləşməni tələb edir.
JASMİN