Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesabatında 2023-cü ildə əhalisinin sayının Çini keçəcəyi Hindistanın dünyada insanların ən sıx məskunlaşdığı ölkə olacağı təxmin edilib.
“Euronews”in hesabata istinad edərək yaydığı xəbərə görə, Hindistan əhalisinin 1,4 milyardı keçəcəyi gözlənilir. BMT xəbərdarlıq edib ki, yüksək doğum səviyyəsi iqtisadi artıma mane ola bilər.
2011-ci ildə aparılan daxili siyahıyaalma nəticəsində Hindistan əhalisinin 1,21 milyard olduğu açıqlanmışdı. Hökumət Covid-19 epidemiyasını əsas gətirərək, hər 10 ildən bir keçirilən siyahıyaalmanı 2021-ci ildə təxirə salmışdı.
Çində sonuncu siyahıyaalma 2020-ci ilin noyabrında keçirilib, Milli Statistika Bürosu ölkə əhalisinin 1,443 milyard olduğunu açıqlayıb.
Digər tərəfdən, BMT-nin Ümumdünya Əhali Günü münasibətilə açıqladığı hesabata görə, bu il 15 noyabrda dünya əhalisinin sayı 8 milyarda çatacaq. Ölüm nisbətinin yavaşlaması ilə bu göstəricinin 2030-cu ildə 8,5 milyarda, 2100-cü ildə isə 10,4 milyarda yaxın olacağı təxmin edilir. 2011-ci ildə dünya əhalisinin sayı 7 milyard idi.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, dünya əhalisi 1950-ci ildən bəri ən aşağı sürətlə artır. Artım tempinin 2020-ci ildə 1 faizdən aşağı düşdüyü göstərilib.
2021-ci ildə dünya əhalisinin orta doğuş nisbəti hər qadına 2,3 doğum təşkil edib. Bu nisbət 1950-ci ildə 5 idi. 1970-ci illərdə 4,5-ə düşən doğum nisbəti 2015-ci ildə 2,5-ə düşüb. 2050-ci ildə isə hər qadına düşən doğum səviyyəsinin 2,1-ə düşəcəyi gözlənilir.