Dekabr ayının ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir. Keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb.
“Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 mm civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir”.
Xidmət rəisi qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub. Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub.
“Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 mm yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub”.
U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib. Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-də Daşkəsəndə 13 sm, Şuşada 15 sm, Altıağacda 11 sm, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10 sm, Şəkidə 8 sm, Qaxda 6 sm, Lerikdə 5 sm, Gədəbəy, Qubada 3 sm, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2 sm, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 sm olub.
“Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”.