Gürcüstanda da İkinci Dünya müharibəsi iştirakçılarına və müharibədə həyatını itirənlərin ailələrinə yardım ediləcək.
Ölkənin baş naziri İrakli Qaribaşvilinin verdiyi sərəncama əsasən İkinci Dünya müharibəsində iştirak etmiş və hazırda sağ olan şəxslərə 1000 lari (TƏQRİBƏN 685 MANAT), müharibədə iştirak edərək həyatını itirmiş şəxslərin ailə üzvlərinə isə 500 lari (TƏQRİBƏN 342 MANAT) yardım veriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1 500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3 487 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.
Onu da qeyd edək ki, İkinci Dünya müharibəsi iştirakçılarının çoxu vəfat edib və sayı azalıb. Ötən il həyatda olan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 96 nəfər olub. Xatırladaq ki, 2022-ci ildə də alman faşizmi üzərində qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin şəxslərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilmişdi.
Ukrayna prezidenti Volodimir Zelenski isə mayın 9-nu Ukraynada Avropa Günü elan edib.
O, respublikada 2023-cü il mayın 9-dan Aİ dövlətləri ilə birlikdə ölkədə qeyd olunacaq Avropa Gününün təsis edilməsinə qərar verib...
JASMİN