Oktyabr ayında ağacları kəsdiyinə və təbiətə 13600 manat məbləğində ziyan vurması ilə bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilən Bərdə sakini, bu dəfə də eyni ərazidə ağac "qətliamı" törədib... Və təbiətə 12 950 manat məbləğində ziyan vurub.
Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 12 950 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.
Xidmət rəsmisi onu da qeyd edib ki, sözügedən şəxs bu ilin 27 oktyabr tarixində də eyni ərazidə ağacları kəsdiyinə və təbiətə 13600 manat məbləğində ziyan vurduğuna görə onunla bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilmişdi.
***
Xatırladaq ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi” aksiyası çərçivəsində bu il paytaxtın müxtəlif ərazilərində, bölgələrdə minlərlə müxtəlif cinsli ağac əkilib, palıd toxumu səpilib. "Ölkə üzrə 44 min ağac əkilməsi" aksiyası çərçivəsində əkilən ağaclar da ETSN-in tinglik sahələrində yetişdirilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Ölkə üzrə 15 noyabr 2021-ci il tarixində keçirilən payız ağacəkmə tədbirləri zamanı ümumilikdə 24,5 hektar ərazidə 36 069 ədəd müxtəlif cinsli ağac əkilib, 100 kiloqram toxum səpilib.
ETSN-in açıqlamasına görə, keçirilən aksiyaların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.
Əlbəttə, bu, nəcib təşəbbüsə sevinməmək olmaz və vətəndaş olaraq hər bir kəs də bacardığı qədər dəstək verməli, ən azından təbiəti qorumalı və yaşıllıqlara zərər verməməlidir.
Amma göründüyü kimi, bəzi insanlar hələ də dərk etmir ki, min bir zəhmət hesabına yaradılmış yaşıllığı məhv etmək olmaz. Və bir ağacın böyüməsi üçün həm zəhmət, həm də illər lazımdır.
Fakt budur ki, ağac kəsdiyinə görə barəsində prokurorluğa sənəd göndərilən şəxs yenə də baltasını əlindən yerə qoymayıb və təkrar eyni cinayəti törədib. Belə görünür ki, Əfqan Məmmədovun cəzası daha "yüklü" məbləğ olmayana kimi bu, şakərindən əsla vaz keçməyəcək və cərimə ilə canlarını qurtaranların da ağac "qətliamı" heç vaxt bitməyəcək...
Y.MƏMMƏDLİ