Kür – Qıraqkəsəmənli məntəqəsində su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.
Milli Hidrometeorologiya Xidmətinin bu gün - 28 iyun saat 08:30-a olan məlumatına əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin ötən gün yaydığı məlumatda bildirilmişdi ki, regionda yağan intensiv yağışlar nəticəsində iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsi artıb.
Qeyd edilirdi ki, bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.
Və ötən gün Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edirdi.
Və yuxarıda qeyd edildiyi kimi, bu gün eyni məntəqədə su sərfi 810 m3/san olmaqla ongünlük normanın artıq 200 faizini təşkil edib.
Qeyd edək ki, Kürdə suyun səviyyəsi may ayından daha çox artmağa başlayıb. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev hələ ötən ayın sonunda bildirmişdi ki, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançay və Girdimançaydan keçən sel nəticəsində mayın 26-27-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 135 sm, Surrada 108 sm, Şirvanda 80 sm, Salyanda 62 sm, Bankə məntəqəsində isə 10 sm artıb.
Y.MƏMMƏDLİ