“Elə ki, Prezident İlham Əliyev Qarabağda qətiyyətli addımlar atır, dərhal özümüzünkillərin əli ilə bizə belə zərbələr vurulur

Dünən avqustun 4-də  Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən Azərbaycanın səfirliyində baş verən insident ciddi müzakirə mövzusudur. Küveytin “Mehdiqulu” adlandırılan  dini radikalların Azərbaycan bayrağını yerdə tapdalaması  xüsusilə üzücü haldır.  Deyilən xəbərlərdə o da qeyd olunur ki, həmin zaman səfirlikdə heç kim olmayıb. Bax elə buradan da söhbətə başlamaq istəyirəm. Niyə gündüzün-günorta vaxtı, həftənin adi iş günlərində səfirlikdə heç kim olmayıb?  Bəs görəsən, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Emin oğlu Süleymanov və səfirliyin qalan əməkdaşları harada imiş? Səfirliyin mühafizə xidməti  niyə yoxa çıxıb?  Bütün bu suallara təsadüfən aydınlıq gətirildi. Mən bir neçə dəfə 32  ildir Hollandiyada  yaşayan vətənimiz və xalqımız üçün qürbətdə böyük mücadilələr verən Elman Mustafazadə barədə məlumat  vermişəm. Onu da qeyd etmişəm ki, E.Mustafazadə “Avropada Azərbaycanın Dostları  Cəmiyyəti”nin sədridir. Bundan əlavə,  Avropada bir neçə dildə  nəşr olunan  “Xudafərin” jurnalının təsisçisi  və baş redaktorudur. E.Mustafazadə,  həmçinin 5 ilə yaxındır “Ya Qarabağ, ya ölüm” adlı vatsap qrupunu yaradıb. Bu qrupda  ABŞ-da, Kanada da, Rusiyada, Ukraynada, Almaniyada, cənubi Azərbaycanda, Türkiyədə, Avstriyada, İsveçrədə və digər Avropa şəhərlərində yaşayan, dövlətini, xalqını, vətənini sevən vətənpərvər ziyalılarımızdan ibarət 100-dən çox insan birləşib.

***

 “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun  üzvləri Londonda baş verən bu xoşagəlməz hadisəni ciddi müzakirə edirlər. Hərə  öz  yaşadığı ölkənin ab-havasını, Azərbaycana olan münasibəti yaxşı bildiyindən müxtəlif versiyalar irəli sürürlər. Burada Azərbaycanı sevməyən  bir çox dövlətlərin -İranın, Fransanın, Rusiyanın erməni lobbisinin və digərlərinin əli olduğu qənaətinə gəlinir. Əlbəttə,  hər bir versiyanın yaşamaq hüququ var. İndiki zamanda pulla bir çox radikal dindarları və digər millətdən olan  terrorçuları  ələ alıb,  istənilən terroru törətmək mümkündür.  Amma səfirlikdə baş verən  bu hadisə adamı xeyli düşünməyə vadar edir. Axı, Azərbaycanın heç kiminlə də işi yoxdur.  Bu versiya  üzdə olan tərəfdir  və niyə İslam dininə mənsub radikalar   öz din qardaşları Azərbaycanın səfirliyinə qarşı belə addım atırlar? “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun  üzvləri  burada iki versiyanın üstündə dayanırlar. Birincisi, Azərbaycan 44 günlük  İkinci Qarabağ savaşında  böyük tarixi  qələbə  qazanaraq 30 il  işğalda  olan torapaqlarını erməni işğalçılarından azad etmişdir. Bu zaman Azərbaycan ordusunun ən müasir silahlarla  həyata keçirdiyi  döyüş taktikası hələ də nəhəng Avropa dövlətlərinin müzakirə mövzusudur.  Bu, Azərbaycanın gücünün göstəricisidir. Bundan əlavə, son illər Rusiya-Ukrayna müharibəsinin fonunda,  Rusiyaya tətbiq olunan böyük iqtisadi sanksiyalar Avropanın  özünə də ciddi təsir etməyə başlayıb. Avropanın Rusiya qazından asılılığı burada öz sözünü deyir və Avropa dövlətləri  Rusiya qazından imtina  etmək  üçün  Azərbaycana  üz tuturlar. Artıq Avropa  İttifaqının Azərbaycanla başladığı qaz müqaviləsi buna canlı sübutdur. Dünyada ən zəngin  qaz yataqları olan Türkmənistan  və  Qazaxıstan öz məhsullarını Rusiyaya  görə  Avropaya  çıxara bilmirlər. Onların da qaz satışına Rusiya vasitəçilik edir. İndi  elə bir geosiyasi vəziyyət yaranıb ki, Türkmənistan və Qazaxıstan qazı da Zəngəzur  dəhlizi  vasitəsilə Avropaya çıxacaq. Əlbəttə, Azərbaycanın Avropa üçün belə önəm daşımasında  dost və qardaş dövlət olan Türkiyənin rolunu heç cürə danmaq olmaz. Bunlar  indi ona görə xatırlanır ki, Azərbaycanın Avropada  belə bir önəmli mövqeyə çıxması, düşmənlərimizi çox narahat edir. Onlar da acıqlarını  bu yolla çıxır  və  bu, Azərbaycana qarşı törədilə biləcək daha ağır bir təxribatın xəbərdarlığı ola bilər. 

İkinci versiya isə, daha  ağılabatan və daha inandırıcı görünür. “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun bəzi  üzvlərinin  çox maraqlı və maraqlı olduğu qədər də ciddi versiyası var. Bu da Londondakı Azərbaycanın səfiri Elin Süleymanovla bağlıdır. ABŞ-da yaşayan və hələki adının çəkilməsini istəməyən soydaşlarımızdan biri bu barədə bizə çox maraqlı məlumat verdi. Həmin soydaşımızın dediklərini olduğu kimi təqdim edirəm: “...Siz Londondakı səfirliyimizin binasında edilən bu təxribatlar  barədə söylənilən xəbərlərdə bir məqama diqqət yetirdinizmi? Deyildi ki, Küveytin dini radikalları səfirliyə hücum edən zaman binada heç kəs olmayıb.  Sual olunur, niyə iş vaxtı səfirlikdə heç kim olmayıb?  Sizə birmənalı olaraq bildirirəm ki, səfir Elin Süleymanovun iş prinsipi belədir.  E.Süleymanov bundan əvvəl Azərbaycanın Amerikada səfiri olub. İşlədiyi müddətdə bir nəfər də olsun azərbaycanlının probleminə yaramayıb. Nə vaxt zəng edirdik, telefona cavab verən  olmurdu. Axı, biz ABŞ-da yaşayan azərbaycanlıların çoxsaylı problemləri olur ki, ona da səfirlikdə aydınlıq gətirmək lazımdır. Adi arayışından  tutmuş vizaya qədər, hər şey səfirliyin vasitəsilə həll olunur. Nə vaxt gedirsən səfirlikdə heç kim olmur. Nəhayət, bir gün bu məsləyə aydınlıq gəldi. Deməli, Meksikanın ABŞ-dakı səfirliyi bizim səfirliklə qonşuluqda yerləşir. Orada  da bir tanışım var. Bir gün oradan keçərkən həmin tanışımla rastlaşdım. Görüşən kimi mənə belə dedi: “Nə yaxşı səfirliyiniz var, hər dəfə baxıb gülürüəm”. Təəccübləndim və soruşdum ki, niyə gülürsən?  O belə cavab verdi: “ Görürsən ki, sizin səfirliklə bizimki qonşudur. Ona görə də hər gün görürəm ki, sizin səfirliyin qapısı bağlıdır.  Bir nəfər də girib-çıxan görmürəm.  Nə gecə işıqları yanır, nə də  gündüz  qapısı açılır. Heç mühafizəçisi də yoxdur. Bəs, Sizin hökumət niyə onlara pul ayırır? Onsuz da onlar  işləmirlər”. Sizi inandırım ki, bu sözlər mənə elə pis təsir elədi ki, sözlə ifadə etmək mümkün deyil. Onu məndə bilirdim ki, səfirlikdə kimisə tapıb dərdinə çarə etmək mümkün deyil. Amma, səfirliyin qapısının həmişə bağlı olması çox utanverici bir haldır. Elə ki, Dünya Azərbaycanlılarının həmrəylik günü və ya Novruz  bayramı  gəlir, səfirliyin qapıları açılır və tədbir keçirilir. Və onu da videoya çəkib hər yerdə reklam edirlər ki, Azərbaycanın ABŞ-dakı səfirliyi işləyir.  Özünün də modelə oxşayan bir xanımı var, onunla rəqs etməyi  və digər model tipli xanımlara  komplement deməyi çox sevir. Elin Süleymanovun vaxtında ABŞ-Azərbaycan əlaqələri demək olar ki, sıfır vəziyyətində idi. Onun vaxtında ABŞ-dakı ermənilər  azərbaycanıların  üstünə   gəlirdilər. Yalnız indiki səfir Xəzər Ibrahim gələndən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Elin  Süleymanov  Londona gələndən sonra  indi də Küveytin “Mehdiqulu”ları üstümüzə gəlirlər. Bu adam ancaq öz qohum-əqrabası üçün çalışıb. Onun Adil Bağırov adlı bir xalası oğlu vardı. Nazim İbrahimov Diaspora Komitəsinin sədri olanda Adil Bağırovla birləşib guya Amerikada Diaspora yaradırdılar, nə qədər desən pullar sildi. Adil Bağırovun anası, Elin Süleymanovun xalası  Sevinc xanım həmişə özünü yuxarılara yaxın kimi təqdim edir... Özü də İsveçirədə yaşayır, amma bacısı oğlu Elin Süleymanovun sayəsində  Londonda da evləri var.  Həyat yoldaşı, yəni Adil Bağırovun atası Bakıda  “Nobel Qardaşları” muzeyinin direktorudur. Elin Süleymanovun Rusiya ilə çox güclü əlaqələri var. Ona Rusiyanın adamıdır desək, daha düz olar. Onun ana babası da  Rusiyanın adamı kimi tanınıb və Sovet dövründə Azərbaycanda Akademiyanın rəhbəri olub. Bu  nəsil, ümumiyyətlə, Rusiyaya  bağlı nəsildir... Bir məqamı da qeyd edim, elə ki, Prezident İlham Əliyev nə vaxt ki, Qarabağda qətiyyətli addımlar atır, dərhal özümüzünkillərin əli ilə bizə belə zərbələr vurulur. Əgər  Londondakı səfirliyimizin işçiləri iş yerində olsaydılar, qapıda mühafizə dursaydı, o radikalar gətirib səfirliyin binasına  nərdivan söykəyərək  rahatca eyvana dırmaşıb bayrağımıza qarşı o həqarəti edə bilməzdilər.” 

 Mən inanıram ki, Azərbaycanın  xarici  işlər  naziri hörmətli  Ceyhun Bayramov bu məsələni ciddi araşdıracaq, iş vaxtı əməkdaşların harada olduğu aydınlaşacaq.

Elçin  MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA